Yaponiyanın çoxtirajlı “The Asahi Shimbun” qəzeti Azərbaycan plovu haqda xüsusi məqalə yayıb

 

Martın 5-də Yaponiyanın çoxtirajlı “The Asahi Shimbun” qəzeti Azərbaycan plovu haqda xüsusi məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, “İpək yolu boyunca məşhur olan plovun Azərbaycanda hazırlanması” sərlövhəli məqalənin müəllifi Yaponiyanın tanınmış kulinarı xanım Kyoko Oqinodur. Bütün dünyada geniş yayılmış koronavirus pandemiyası səbəbindən insanların əksəriyyətinin evdə qalmağa məcbur olduğunu vurğulayan K.Oqino bu zaman evdə hazırlanmış yeməklərə böyük ehtiyac yarandığını qeyd edir. Bildirir ki, qida məhsulu kimi məşhur olan düyü yalnız yaponların deyil, həm də “İpək yoluboyunca bir çox xalqların sevimli yeməyidir. Bunu həm Azərbaycanda, həm İranda, həm də Özbəkistanda çox məşhur olan plov növləri də təsdiq edir. Bir vaxtlar bu yemək növünün 600-dək növü olduğunu qeyd edən müəllif hazırda yalnız 100-dək növünün qaldığını bildirir.

K.Oqino ilk dəfə 1987-ci ildə Azərbaycan paytaxtı Bakıya səfəri zamanı restoranların birində plovu daddığını və aşpazdan onun hazırlanması qaydasını izah etməyi xahiş etdiyini xatırladır. Bildirir ki, azərbaycanlılar yemək hazırlanması zamanı əsasən buğdadan istifadə etsələr də, düyü də onların mətbəxində xüsusi yer tutur.

Qeyd edir ki, plovun növləri onun hazırlanması zamanı düyü ilə yanaşı, istifadə edilən inqrediyentlərdən asılıdır. Bu zaman müxtəlif göyərtilərdən, quru meyvələrdən, qoyuntoyuq ətindən, çərəzdən, zəfərandan, balqabaqdan, limondan və digər məhsullardan istifadə edilə bilər. Bildirir ki, hətta bir dəfə sardina balığı ilə hazırlanan plovun da dadına baxmaq ona nəsib olub. Vurğulayır ki, plovun hazırlanması zamanı hansı inqrediyentlərdən istifadə edilməsindən asılı olmayaraq ekzotik balans saxlanılarsa, siz mükəmməl bir tamın şahidi olacaqsınız.

Bakının “Karvan saray” restoranında yediyi plovun xüsusi tamı ilə onu heyran etdiyini qeyd edən müəllif buranın “İpək yolunda yerləşən ən qədim yeməkxanalardan biri olduğunu bildirir. Bu restoranın menyusunun isə onu zənginliyi ilə təəccübləndirdiyini vurğulayır.

Plovun çox qədim yemək növlərindən biri olduğunu qeyd edən K.Oqino hətta eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İsgəndər Səmərqəndi işğal etdikdən sonra onun şərəfinə verilən ziyafət zamanı süfrədə bişmiş düyüdən hazırlanmış yeməyin olması barədə faktları xatırladır.

Yazıda müəllif İranda, Özbəkistanda və Rusiyada da müxtəlif plov növləri ilə qarşılaşdığı barədə ətraflı bəhs edir. Qeyd edir ki, harada hazırlanmasından asılı olmayaraq plov yerli xalqların ən sevimli yemək növüdür.

 

Azərbaycan.- 2022.-6 mart.- S.9.