Koronavirus enişə doğru gedir

 

Lakin ehtiyatlı olmalıyıq, çünki payıza doğru yoluxma sayı arta bilər

 

COVID-19-un sonuncu variantı olanOmikrona yoluxanların xəstəliyi yüngül keçirdiyi, bu variantın simptomlarının əsasən boğaz ağrısı, burun axması, aşağı temperatur olduğu bildirilir. “Omikronun yoluxduruculuq qabiliyyəti yüksək olsa da, bu varianta yoluxanların 4-5 gün ərzində daha çox yoluxucu olduğu qeyd edilir.

Bəzi ölkələr xəstəliyin gedişatını nəzərə alaraq yoluxanların karantin müddətini 14 gündən 7 günə qədər azaltmaq qərarı verib. Həmçinin Azərbaycanda da koronavirusa yoluxanların karantin müddəti 7 gündür. Mütəxəssislər pandemiya başlayandan

COVID-19 xəstəliyini yüngül keçirənlərdə belə qalıcı fəsadların olduğunu qeyd edirlər. Fəsadların əsasən ağciyər, böyrək çatışmazlığı və ürəkdə yaranan problemlərlə bağlı olduğu vurğulanır. Mütəxəssislərin apardığı araşdırmaların nəticələri göstərir ki, “SARS-CoV-2”ninOmikron” variantına yoluxanlar xəstəliyi 4-5 gün ərzində simptomsuz keçirsələr belə həmin şəxslərdə də uzun müddət davam edən, qalıcı fəsadlar yarana bilər.

 

Azərbaycanda epidemioloji vəziyyət sabitdir

 

Hazırda dünyada COVID-19-un “Omikron” variantı ilə bağlı virusa yoluxma sayı sürətlə artsa da, dövlətlər karantin qaydalarını yumşaldırlar. Bu qərarları xəstəliyin yüngül gedişatı, xəstəxanalara yatışların az olması və vaksinasiya nəticəsində insanlarda xəstəliyə qarşı immun cavabın yaranması ilə əsaslandırırlar.

Səhiyyə qurumları ölkədə pandemiya ilə bağlı epidemioloji vəziyyətin stabil olduğunu qeyd edirlər. Azərbaycanda “Omikron” variantı ilə əlaqədar COVID-19-a yoluxma sayları hələ də çox olsa da, xəstəxanalara yerləşdirilənlərin və xəstəlikdən ölüm sayının artmadığı bildirilir. Həkimlər karantin qaydaları nə qədər yumşaldılsa da vətəndaşları hər bir halda diqqətli olmağa, gigiyena qaydalarına əməl etməyə çağırırlar. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il mayın 1-i saat 06:00-dək uzadılıb. Bununla belə xəstəliyin gedişatı, hazırkı epidemioloji durum nəzərə alınaraq karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olmadığı bildirilir.

 

Uşaqlarda da xəstəliyin ağır formaları inkişaf edə bilər

 

Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazovla söhbətimizdə bildirdi ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət müsbət istiqamətdədir. Mütəxəssisin sözlərinə görə, pandemiyanın hazırkı dalğasının enişindəyik: “COVID-19-a yeni yoluxma sayının gündən-günə azalması, sağalanların sayının yoluxanları üstələməsi, aktiv xəstə sayının azalması, koronavirusla bağlı götürülən test nümunələrində pozitiv nəticələrin payı bunu deməyə imkan verir”.

T.Eyvazov deyir ki, COVID-19-un əvvəlki dalğalarından fərqli olaraq indiki dalğada patoloji proses əsasən yuxarı tənəffüs yollarında getdiyindən xəstəliyin daha yüngül formada cərəyan etdiyini və həmin nahiyənin iltihabı əlamətlərini görürük. Əlamətlər əsasən burun axması və ya tutulması, asqıraq, öskürək, boğaz ağrıları, habelə əzginlik, zəiflik, əzələ və baş ağrılarıdır. Ağciyərlərin zədələnməsi halına az rast gəlindiyi üçün nəfəs darlığı, təngnəfəslik və digər əlamətləri daha az görürük: “Hazırda “Omikronun bir neçə alt variantları yayılıb, lakin bunların içərisində yoluxduruculuq qabiliyyəti daha yüksək olanStels-omikron” (B.A.4.2) maraq kəsb edir. COVID-19-a yoluxma sayının azalması yaz fəslinin gəlişi ilə birbaşa əlaqəli deyil. Yoluxma sayının azalmasının əsas səbəbi son vaxtlar əhalidə bu infeksiyaya qarşı kollektiv immunitetin xeyli yüksəlməsidir. Kollektiv immunitetin formalaşması bir tərəfdən kifayət qədər insanın xəstəliyə yoluxması, digər tərəfdən kütləvi vaksinasiya nəticəsində olub. Beləliklə, biz hələ ki koronavirusa yoluxma sayının azalmasının şahidiyik”.

Ekspert qeyd edir ki, uşaqlar COVID-19 xəstəliyini böyüklərə nisbətən daha yüngül keçiriruşaqlarda xəstəliklə bağlı ağırlaşma hallarına daha az rast gəlinir: “Lakin uşaqlarda da xəstəliyin ağır formaları inkişaf edə bilər. Bu, xüsusən risk qrupu - izafi çəkili, yanaşı xroniki xəstəlikləri olan uşaqlara aiddir. Uşaqlarda COVID-19-a yoluxma zamanı daha çox mədə-bağırsaq əlamətləri - ishal, qusma, dəridə səpkilər müşahidə edilir”.

 

Bizi yaxın vaxtlarda stabil vəziyyət gözləyir

 

Ekspert-mütəxəssis onu da bildirir ki, “SARS-CoV-2”ninOmikron” ştamından sonra növbəti dalğanın olmayacağını demək çox çətindir: “Bizi yaxın vaxtlarda stabil vəziyyət gözləyir, ancaq payıza doğru COVID-19-a yoluxma saylarının yenidən artması istisna deyil”.

Pandemiya ilə əlaqədar vəziyyətin yaxşıya doğru getməsi, hazırkı dalğanın səngiməsinin əsas səbəbi əhalidə yaranan kollektiv immunitetin olduğu ortadadır. Kollektiv immuniteti yaradan əsas vasitə isə COVID-19 əleyhinə vaksinasiyadır.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 6 mart.- S.10.