TÜRKPA-nın iclasında Azərbaycanın qlobalregional əməkdaşlığının  inkişafı istiqamnətində irəli sürdüyü təşəbbüslərdən bəhs olunub

 

Martın 9-da ilk dəfə olaraq TÜRKPA ölkələri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin onlayn iclası keçirilib.

“Xarici siyasət əməkdaşlığında parlamentlərin rolu” mövzusuna həsr edilən iclasa Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç moderatorluq edib.

İclasın açılışında TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Erol Kaya (Türkiyə) və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər giriş nitqləri söyləyiblər.

Sonra tədbir TÜRKPA ölkələri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin mövzu ilə bağlı çıxışları ilə davam edib.

Mövzu ilə bağlı ilk söz Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova təqdim olunub. Səməd Seyidov çıxışında TÜRKPA ölkələri arasında xarici siyasət əməkdaşlığında parlamentlərin rolundan söz açıb, qlobal və regional miqyasda sülhün qorunması üçün birgə fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Beynəlxalq münasibətlərdə hüquqa, hüquq bərabərliyinə əsaslanmağın vacibliyinə diqqət çəkən Səməd Seyidov TÜRKPA ölkələri arasında xarici siyasət əməkdaşlığının dünyada sülhün möhkəmləndirilməsinə verəcəyi töhfələrlə bağlı fikirlərini səsləndirib. O, Azərbaycanın qlobalregional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən və atdığı addımlardan danışıb.

Sonra Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, Qırğızıstan Joqorku Keneşinin Beynəlxalq münasibətlər, müdafiə, təhlükəsizlik və miqrasiya məsələləri komitəsinin sədri Çingiz Aydarbekov, Macarıstan Milli Məclisinin Xarici işlər komitəsinin sədri Jolt Nemet, Özbəkistan Respublikası Ali Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva çıxış ediblər. Komitə sədrləri TÜRKPA ölkələrinin qarşılaşdıqları təhlükəsizlik məsələlərini, sülhə qarşı təhdidləri dəyərləndiriblər, beynəlxalq sülhün gücləndirilməsi, dövlətlərarası dialoqun genişləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol KayaTBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç tədbirə yekun vurublar və iştirakçıların səsləndirdikləri fikirlərin münaqişələrin dinc yolla həlli üçün parlament əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə inamlarını bildiriblər.

 

Azərbaycan.- 2022.- 10 mart.- S.3.