İnkişafa hədəflənmiş siyasət

 

Dünya çox gərgin, mürəkkəb tarixi proseslərdən keçir. Yaxın-uzaq ölkələrdə baş verən hadisələr müəyyən edilmiş daxilixarici siyasətin, mövcud reallıqların nəzərə alınması, gələcəklə bağlı hədəflərin dövlətlər və xalqlar üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha sübuta yetirir.

Belə bir dünyada dövlətin müstəqil inkişaf xəttini qoruyub saxlamaq, toqquşan maraqlar arasında balansı təmin edə bilmək, yaranmış reallıqları yeni fürsətlərə çevirmək ölkə rəhbəri üçün fövqəladə bacarıqdır.

 

Regionun lider dövləti

 

Azərbaycana belə yüksək bacarıqlara malik dövlət adamının, zəmanəmizin ən parlaq liderlərindən olan Prezident İlham Əliyevin rəhbərlik etməsi xalqımıza tarixin nəsib etdiyi böyük bir xoşbəxtlikdir. Azərbaycan Prezidentinin gələcəyə hədəflənmiş strateji qərarlarının icrası sayəsində hazırda ölkəmiz regionun lider dövləti statusunu daha da möhkəmləndirir. Dünyanın mənzərəsinə mühüm təsir göstərən qlobal layihələr respublikamızın təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilir. Bu gün bəşəriyyət üçün böyük faydalar yaradan elə bir qlobal proqram, iqtisadi layihə təsəvvür etmək mümkün deyil ki, Azərbaycan dövləti orada hansısa şəkildə iştirak etməmiş olsun.

Ölkəmizin liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib. Bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsir göstərib. Son onilliklərdə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub qaz dəhlizi” layihələri buna nümunədir.

Prezident İlham Əliyev yaratdığı imkanlarla regionda yeni əməkdaşlıqlara, hər kəs üçün qarşılıqlı faydalara qapı açır.  Son onilliklərdə böyük tikinti-abadlıq meydanına çevrilmiş Azərbaycanda sosial-iqtisadi inkişaf tədbirləri yenə də davam etdirilir. Vətəndaşlarımızın həyatını yaxşılaşdıran, sosial rifahını yüksəldən proqramlar ardıcıl şəkildə icra olunur. Pandemiyanın ölkə iqtisadiyyatına ziyanlı təsirləri tədricən aradan qalxır. Ölkəmizdə həyat normala dönür.

 

Gələcəyə qapı

 

Gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsi, inkişaf proseslərinin önündə irəliləməsi, onların simasında ölkəmizin parlaq gələcəyinin təmin olunması üçün əhəmiyyətli işlər görülür. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” buna bir nümunədir. Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısının təcəssümü olan bu proqramın icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu universitetlərdə bakalavriatmagistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi dövlət proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl ali təhsil müəssisələrindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edəcək. Magistratura pilləsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq.

Dövlət proqramının icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradacaq. Əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq. Azərbaycana qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət ölkənin tərəqqisinə töhfə verəcəkdir. Bütün bunlar Azərbaycanın öz təbii resurslarını uğurla insan kapitalına çevirdiyini göstərir. Eyni zamanda dövlət rəhbərimizin həm Azərbaycan xalqı, həm də ümumilikdə bəşəriyyət üçün daha gözəl, elmə, təhsilə, yüksək mənəviyyata, insana sevgiyə əsaslanan dünya qurmaq arzusunu əks etdirir.

 

Quruculuq missiyası

 

Bu, Prezident İlham Əliyevin missiyasıdır.

Ermənilərin təxminən 30 il ərzində xarabazara çevirdikləri azad yurdlarımızda Azərbaycan dövləti genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirir. Vandalların dağıtdıqlarını dövlətimiz yenidən qurur. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra qısa müddət ərzində bu torpaqlarda böyük işlər görülüb və görülməkdədir. Bütün bunları Azərbaycan kənardan heç bir kömək olmadan, öz daxili imkanları hesabına yerinə yetirir. Dünya üçün bir nümunə yaradır, eyni zamanda sülh arzusunu, regionda təhlükəsizlik, xalqların bir-birinə qarşılıqlı hörməti, davamlı inkişaf niyyətini bəyan etmiş olur.

Bu gün dünyanın əksər qütbləri savaşa, qarşılıqlı nifrətə, xalqların faciələri üzərində irəliləyərək öz məqsədlərinə çatmaq istəyinə köklənərkən Azərbaycan Prezidenti İlham Əliyev sülh üçün fədakarlıqlar göstərən, dövlətlər arasındakı münaqişələrin yoluna qoyulmasından ötrü bütün imkanlardan istifadə etməyə çalışan az sayda liderlərdəndir. Bu tarixi missiyanın yerinə yetirilməsində də Prezident İlham Əliyevi qardaş Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla yanaşı görmək çox qürurvericidir. İki doğma ölkənin rəhbərlərinin dünyaya, insanlara sülh məqsədli müştərək fəaliyyəti, beynəlxalq ictimaiyyətin onlara daha da güclənən rəğbəti böyük fərəh doğurur.

 

Sülh və xoşbəxtliyə xidmət edən müttəfiqlik

 

Azərbaycan Prezidentinin martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də yerinə yetirilən tarixi missiyanın bir hissəsi idi. Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib. Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.

Azərbaycan və Türkiyə münasibətlərində, məlum olduğu kimi, enerji sahəsində əməkdaşlıq məsələləri əhəmiyyətli yer tutur. Dövlət rəhbərlərinin görüşündə bu istiqamətə də diqqət yetirilib. Azərbaycanla Türkiyənin enerji sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb. Bu xüsusda “Cənub qaz dəhlizi”nin uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Həmin dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları dəyərləndirilib. Həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib. Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Ukraynadakı hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb. Məlumdur ki, Azərbaycan və Türkiyə prezidentləri Ukraynadakı müharibənin tezliklə dayandırılması istiqamətində ardıcıl səylər göstərirlər. Günahsız insanların həyatını itirməsinin, şəhərlərin dağıdılmasının, insanların yurdlarından didərgin düşməsinin qarşısının alınması üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.

Azərbaycan Prezidentinin Türkiyəyə bu günlərdə işgüzar səfəri də yürüdülən düşünülmüş siyasətin, iki ölkənin dövlət rəhbərləri arasında qarşılıqlı inam və güvənin ölkələrimiz arasındakı münasibətləri yeni tarixi mərhələyə yüksəltdiyini göstərir. Azərbaycan və Türkiyə münasibətləri dünya miqyasında müqayisəolunmaz həddə yüksəlib və iki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib. Azərbaycan və Türkiyə müttəfiqliyi təkcə xalqlarımız üçün deyil, ümumilikdə bölgə və dünya üçün vacib əhəmiyyət daşımaqdadır. Onu da qeyd edək ki, bu gün dünya bir tərəfdə Azərbaycan və Türkiyənin simasında əsl qardaşlıq nümunəsini, digər tərəfdə isə soy-kökü, dili, dini eyni olsa da, bir-birinə düşmən olan, silah çevirən başqa xalqları, ökələri görməkdədir.

Deməli, qardaş xalq olmaq, eyni kökdən gəlmək, eyni dilə sahib olmaq heç də həlledici amil deyil. Əsas düzgün, ağıllı siyasət yürütmək, kökdən gələn bağlılığı həqiqi birliyə, qardaşlığa çevirməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə bunu bacarıb. Belə bir münasibətin özütarixin bizlərə bəxş etdiyi xoşbəxtlikdir.

 

Geostrateji müstəvidə yeni qələbəmiz

 

Son günlərin əhəmiyyətli yenilikləri sırasında Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun imzalanması da mühüm yer tutur. Bu, tarixi bir hadisədir və Azərbaycanın bütün qonşuları ilə mehriban münasibətlər qurmaq, mövcud imkanlardan xalqlarımızın rifahı üçün birgə faydalanmaq amalını növbəti dəfə təsdiqləyir. Bu tarixi sənəd İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya əlaqəsinin yaradılmasını nəzərdə tutur. Memorandumun məqsədinə uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsi qurulacaq, eləcə də rabitə və enerji təminatı xətləri çəkiləcək.

Bu məqsədə nail olmaqdan ötrü Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpü, eləcə də rabitə və enerji təminatı infrastrukturu tikiləcək. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək.

Azərbaycan və İran tərəfi öz ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxaltranzit malları) qəbul edə biləcək sərhəd-buraxılış məntəqəsinin tikintisini öhdələrinə götürür.

Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət üzrə bütün xərcləri Azərbaycan ödəyəcək. İranı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət xərclərini isə İran tərəfi maliyyələşdirəcək.

Belə bir memorandumun imzalanması geostrateji müstəvidə Azərbaycanın yeni diplomatik qələbəsidir. Çünki bu addım Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasının təmin edilməsində də geniş məzmun daşıyır. Bu, ümumilikdə regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihədir. İmzalanmış tarixi sənədin Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra yaranmış reallıq kontekstində nəzərdən keçirilməsi, xüsusilə böyük maraq doğurur. 

 

Ermənistan daha bir qlobal layihədən kənarda qaldı

 

Tarixi zəfərimizdən sonra Azərbaycan regionun böyük kommunikasiya potensialından bütün tərəflərin birgə istifadəsi niyyətini, bununla bağlı xoş məramını ortaya qoyub. İndi öz qətiyyətli mövqeyinə sadiqdir. Ordumuzun gücü sayəsində kapitulyasiyaya məcbur qalan Ermənistan isə bu məsələdə tamam əks mövqe tutur, qeyri-müəyyən, məkrli  davranışlar nümayiş etdirir. Azərbaycan xalqına dövlətinə qarşı düşmənçilik düşüncəsindən xilas ola bilməyən Ermənistan müxtəlif əsassız bəhanələrlə Zəngəzur dəhlizinin yaradılmasına hər cür maneçilik törətməkdədir. Əslində isə Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə böyük iqtisadi imkanlar vəd edir. Bu gün Ermənistanın sosial-iqtisadi durumu  acınacaqlı həddədir. Azərbaycana qarşı apardığı işğal siyasəti ölkəni təcrid durumuna salıb. Ermənistan bütün qlobal iqtisadi layihələrdən kənarda qalıb. Azərbaycanın qələbəsindən sonra isə Ermənistan cəmiyyətində durum daha da ağırlaşıb. Sosial-iqtisadi səfalətə, üstəlik müharibədəki çoxsaylı itkilərin, cəmiyyətdəki siyasi qarşıdurmaların, saxta miflərin sabun köpüyü kimi partlayıb havaya uçmasının ağır sosial-mənəvi böhranı da əlavə olunub.

Belə bir durumda Zəngəzur dəhlizi Ermənistan üçün gələcək inkişafa, qonşularla mehriban münasibətlərə, əməkdaşlığa, əsrlərin kin-küdurətini, yalançı mifləri unudub yeni bir həyata başlamağa doğru açılan nicat qapısıdır. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat enerji xətlərinin texniki əsaslandırılması hazırlansa da, əfsuslar olsun ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Burada da niyyət aydındır. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlaşdırmışdı. Azərbaycan isə növbəti geopolitik uğuru ilə Ermənistanın bu planını da puça çıxardı. 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, dövlət sərhədlərimizin bərpası Azərbaycanın növbəti diplomatik uğuruna yol acdı. Azərbaycan eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Bununla Azərbaycanın planları reallaşdı. Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik daha bir layihədən kənarda qaldı.

Yeni layihə həm Azərbaycana, həm İrana böyük iqtisadi dividendlər gətirəcək. Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasına şərait yaradacaq. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Bu layihənin Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması da təsadüfi deyil. Belə bir addım iki ölkə arasında dostluq, yaxın qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Azərbaycanın region ölkələri ilə əlaqələrini daha da inkişaf etdirəcək. Bölgədə sülhə, təhlükəsizliyə, davamlı inkişafa mühüm töhfələr verəcək.

Bütün bunlar Azərbaycanın regionda getdikcə güclənən mövqeyi sayəsindədir. Bu gücün mənbəyi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasından irəli gəlir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 17 mart- S.1; 4.