Səfir: Polşa Azərbaycanla əməkdaşlığa böyük önəm verir

 

Martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsindən, qarşılıqlı görüş və səfərlərin təşkilinin əhəmiyyətindən danışılıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səttar Möhbalıyev bu yaxınlarda Azərbaycan ilə Polşa arasında əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunduğunu bildirib. Deyib ki, Polşa Respublikası Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir və ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Bizim sıx dostluq əlaqələrimiz mövcuddur.

Ölkələrimiz arasında parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf edəcəyinə inamını bildirən Səttar Möhbalıyev ölkələrimiz arasında strateji əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi qərəzli qətnaməyə də münasibət bildirən Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vurğulayıb ki, Avropa ölkəmizə qarşı yürütdüyü ikili standartlardan əl çəkməlidir. Biz heç kimin torpağını işğal etməmişik, abidələrini, mədəni irsini dağıtmamışıq, insanlarına qarşı soyqırımı həyata keçirməmişik. Əksinə, bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı edilib. Haqsız olduqları halda Avropa ölkələrinin Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyini anlamaq çox çətindir".

S.Möhbalıyev Azərbaycanın Zəfərindən sonra regionda yaratdığı reallıqdan danışaraq, ölkəmizin qonşuları ilə dostluqsülh şəraitində yaşamağa hər zaman hazır olduğunu dilə gətirib. Bildirilib ki, Ermənistan həmişə olduğu kimi, yenə də xoş olmayan siyasət yürüdərək üçtərəfli Bəyanatın müddəalarına əməl etmək istəmir. Zəngəzur dəhlizinin yaradılmasına mane olandalana dirənən bu ölkə hələ də nə istədiyini bilmir.

Polşa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski vurğulayıb ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Pandemiyadan sonra ölkələrimiz arasında əlaqələr yeni məcrada inkişaf edir. Polşa hökuməti Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Səfir iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişafının bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Hər iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan diplomat qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətindən danışıb.

Polşa hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyib və bu, belə də davam edəcək. Ölkələrimiz coğrafi cəhətdən bir-birindən çox uzaqda olsa da, sıx münasibətlərimiz mövcuddur", - deyən səfir qaçqınlar problemindən bəhs edib. Bildirib ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycan 1 milyondan artıq qaçqın problemi ilə üzləşib. Azərbaycan məcburi köçkün və qaçqın vətəndaşlarının problemlərini öz gücü hesabına və zamanında həll etməyi bacarıb.

“Şərq tərəfdaşlığı” Proqramından da danışan səfir bu istiqamətdə mövcud imkanlardan bəhs edib.

Qarabağda aparılan bərpa və quruculuq işlərinin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdıran polşalı diplomat məcburi köçkünlərin və qaçqınların tezliklə öz evlərinə qayıdacaqlarına inamını ifadə edib.

Rafal Poborski turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini və ölkələrimiz arasında hava nəqliyyatının açılmasının vacibliyini qeyd edib.

 

Azərbaycan.- 2022.- 18 mart.- S.4.