Ədalətsizlik ünvanı

 

Erməni lobbisinin sifarişi ilə qəbul edilən bədnam qətnamə Avropa İttifaqının qərəzli mahiyyətini ifşa edir

 

Avropa  Parlamenti martın 10-da “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi” ilə bağlı qətnamə qəbul edib. Bu qətnamə təşkilatın bir daha Azərbaycana qarşı qərəzli, ədalətsiz və ikili standartlara söykənən siyasətini təzahür etdirir.

Avropa Parlamentinin dəfələrlə Azərbaycana qarşı heç bir fakta əsaslanmayan, yalan məlumatlarla dolu qətnamələrinin şahidi olmuşuq. Görünür, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Qarabağda yenidənqurma və bərpa işlərini həzm edə bilməyənlər hələ də var.

 

Dünya həqiqətlərə şahidlik edir

 

Torpaqlarımızın azad olunmasından sonra Qarabağda tarixi abidələrimizin, mədəni irsimizin, mədəniyyət nümunələrimizin 30 il ərzində erməni vandalları tərəfindən necə məhv edildiyini görməmək mümkün deyil. Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrin diplomatlarının, jurnalistlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağa səfərləri olub.

Səfər edən əcnəbilər Qarabağın müxtəlif rayonlarında Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin necə dağıdıldığını, Qarabağda  ekosid törədildiyini, daşdan başqa heç nəyi qalmayan ərazilərimizdəki mənzərəni görüb təəccüblərini gizlədə bilməyiblər. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Əlbəttə ki, bütün tarixi, mədəni, dini abidələrimiz, muzeylər də bərpa ediləcək.

 

Qətnamənin ləğv edilməsi tələb olunur

 

Qətnamənin qəbulundan sonra Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar. Bəyanatda Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illərlə tarixə malik mədəni irsinin tamamilə yox olmaq təhlükəsi ilə üzləşdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalarislamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı saxta faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul olunması Azərbaycana qarşı növbəti riyakarlıqdır: “Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olmuş torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı”.

Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin  63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Sadalanan faktlara baxmayaraq, müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamentinin üzvləri bu durumlara səssiz qalır və Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər.

Bəyanatda qeyd olunub ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edilir. Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnamənin ləğv edilməsi tələb olunur.

 

Belə addımlar Avropa İttifaqına inamı azaldır

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Asim Mollazadə qəzetimizə bildirib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sənəd təəssüf doğurur. Deputatın sözlərinə görə, Avropa Parlamentinin nəzdində siyasi korrupsiyaya qurşanmış erməni lobbi təşkilatları Avropa dəyərlərinə, eləcə də Avropa İttifaqının maraqlarına zidd olaraq yalan məlumatlar əsasında belə sənəd qəbul ediblər: “Bu onu göstərir ki, Avropa Parlamentində fəaliyyət göstərən lobbi qrupları çox vaxt bilavasitə siyasi korrupsiyaya görə Avropa dəyərlərinə və Avropa İttifaqı ölkələrinin maraqlarına zidd addımlar atırlar. Bu, təəssüf doğurur. Biz görürük ki, dəyərlərə zidd olan siyasi fəaliyyət, əslində, Avropa İttifaqına inamı azaldır”.

Asim Mollazadə qeyd edib ki, Avropa Parlamenti ilə fəaliyyətdə belə xoşagəlməz hadisələrlə rastlaşmışıq. Yalanlar əsasında qəbul edilən sənədlər, əslində, Avropa Parlamentini gözdən, nüfuzdan salır. Artıq parlamentin sənədlərinə heç kəs ciddi yanaşmır.

 

Azərbaycan xristian abidələrinə də həssaslıqla yanaşır

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Sahib Alıyev qəzetimizə bildirib ki, Avropa Parlamentində çalışanlar Azərbaycan dövlətini ermənilərə aid abidələri məhv etməkdə günahlandırmazdan əvvəl ermənilərin basdırdıqları minaları görməlidirlər. Deputat qeyd edib ki, hazırda biz işğalçının qoyub getdiyi “abidələri” çıxarıb zərərsizləşdirməklə məşğuluq: “Çox təəssüf ki, Avropa Parlamentində oturanlar da minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana lazımi təzyiqi göstərmədilər. Açıq-aydın görünür ki, təzyiq göstərmək fikirləri də yoxdur”.

Sahib Alıyevin sözlərinə görə, Azərbaycan Ordusu İkinci Qarabağ savaşı zamanı mülki infrastruktura zərər vurmamağa çalışıb. Halbuki ermənilərin işğal etdikləri torpaqlarda yaşayış məskənlərini yerləyeksan etməkləri azmış kimi, 63 məscidimizi tamamilə dağıtmışlar. Düşməndən fərqli olaraq bizim dövlət, ordu, xalq bütün abidələrə həssaslıqla yanaşır. Xristian abidələrinə gəldikdə isə həm savaş zamanı, həm də indi həmin abidələrə həssaslıqla yanaşırıq və yanaşacağıq. Ona görə ki, o abidələrin əksəriyyətinin albanlara aid olduğunu çox gözəl bilirik və bunları öz mədəni irsimiz sayırıq.

 

Bu qətnamə, sadəcə, kağız parçasıdır

 

Deputat Sahib Alıyev deyib ki, Avropa Parlamentinin bu qətnaməsi ikili standartlara söykənir, qərəzlidir, obyektivlikdən   uzaqdır. Bu qətnaməni qəbul edənlər dönüb öz hərəkətlərinə baxsalar, daha yaxşı olardı. Almaniyanın məşhur “Bild” dərgisi İkinci Qarabağ müharibəsi zamanı “Bayraktar”ları “qatil dronukimi təqdim edirdi. İndi isə Ukraynada ümid silahı kimi təqdim edilir. Onlardan hər hansı obyektivlik gözləməyimiz təəccüblü olardı. Ona görə də bu qətnamə bizim üçün, sadəcə, kağız parçasıdır.  Sahib Alıyev bildirib ki, bu qətnamə qarşı tərəfə də nəsə vermir: “Sadəcə, hazırda təbii qaz çatışmazlığı ilə üzləşdiklərini nəzərə alıb demək olar ki, qətnaməni yandırıb istisinə qızına bilərlər. Təbii ki, nə qədər qızınmaq mümkündürsə. Bundan başqa, qətnamə onlara heçvermir”.

Deputat vurğulayıb ki, bu qətnaməyə fikir verməməli, Qarabağda quruculuq prosesini sürətlə aparmalı, 30 ildə yurdlarından didərgin düşmüş soydaşlarımızın dədə-baba torpaqlarına dönmələrini təmin etməliyik.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 15 mart.- S.4.