Azərbaycanın tarixi uğuru

 

İlham Əliyev Ermənistanı daha bir mühüm geostrateji əhəmiyyətə malik layihədən kənardaqoydu

 

 Bu günlərdə xalqımız Vətən müharibəsindən sonra Azərbaycanın müasir tarixinin növbəti əlamətdar hadisəsinə şahidlik etdi. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın maneçiliklər yaradaraq növbəti dəfə tarixi səhvlərə yol verdiyi bir vaxtda Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalandı.

 

Şərqi Zəngəzurla Naxçıvan arasında yeni kommunikasiya bağlantıları yaradılır

 

Bu tarixi sənəd İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutur. Daha dəqiq ifadə etsək, memorandumun məqsədi respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Məlum olduğu kimi, Azərbaycan mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir. Tranzit imkanlarının müasir dövrdə ölkənin iqtisadiyyatında, regional və beynəlxalq mövqeyində rolunu düzgün qiymətləndirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq  qlobal nəqliyyat dəhlizləri məhz ölkəmizdən keçir.

Respublikamızın bu sahədə həyata keçirdiyi siyasət həm də regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə və qonşu ölkələrin bu inkişafdan faydalanmasına yönəlib.  Təsadüfi deyil ki, Azərbaycanın bu istiqamətdə Rusiya, İran və Gürcüstanla böyük əməkdaşlığı var.

Eyni zamanda Azərbaycanın yürütdüyü enerji siyasəti regionda əməkdaşlığı daha da gücləndirib. Respublikamızın təşəbbüsləri ilə reallaşan hər bir enerji dəhlizi bütün iştirakçı dövlətlərə iqtisadi dividendlər gətirib, onların enerji təhlükəsizliyini daha da gücləndirib. Ən mühümü də odur ki, respublikamızın Cənubi Qafqazda həyata keçirdiyi hər bir layihə Ermənistanın regionda təklənməsi ilə nəticələnib. İşğalçılıq siyasətinə görə bu ölkə bütün iqtisadi layihələrdən kənarda qalıb, qlobal miqyasda heç bir rolu olmayan ölkəyə çevrilib.

 

Azərbaycan məqsədinə nail olur

 

Vətən müharibəsindən sonra Ermənistanın iqtisadi böhrandan və blokadadan çıxa bilməsi üçün tarixi zəmin yaranmışdı. Azərbaycanın öz Zəfəri ilə regiona gətirdiyi yeni reallıqlar Ermənistana da ağır vəziyyətdən çıxmaq üçün mühüm imkanlar yaradırdı. Çünki Zəngəzur dəhlizinin yaradılması ilə onilliklər boyu işğalçılıq siyasətinin qurbanı olan bu ölkənin xarici aləmlə iqtisadi əlaqələri genişlənəcəkdi. Lakin görünən odur ki, Ermənistan tərəfi yaranmış bu tarixi şansı da düzgün dəyərləndirə bilmir.

Məlum olduğu kimi, Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması da hazırlandı. Lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Ötən müddət ərzində bu ölkə Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycanla İran arasında imzalanan memorandumla ölkəmiz qarşısına qoyduğu məqsədə nail olur. Sənədə əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, o cümlədən də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədindən cəmi 5 km aralı inşa olunacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək.

Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edəcək, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirəcəklər. Avtomobil yoluna paralel olaraq tikiləcək  dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər isə 6  ay müddətinə hazırlanacaq.

 

Ermənistan Zəngəzur dəhlizinin yaradılması üçün yalvaracaq

 

Yeni layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadançıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bununla belə, yeni kommunikasiya bağlantılarının yaradılmasında başlıca məqsədin Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etməkdən ibarət olması ilə yanaşı, bu layihənin bütün regionun nəqliyyat-kommunikasiya şəbəkəsində tarixi və strateji yeniliyə gətirib çıxarmasıdır.

Bu strateji yenilikdə isə Ermənistana yer yoxdur. Ermənistan rəhbərliyi elə düşünürdü ki, belə bir kommunikasiya yalnız onun ərazisindən keçə bilər və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. Lakin Azərbaycan-İran dostluğu, yaxın qonşuluq münasibətləri Ermənistanın bu planını alt-üst etdi. Təsadüfi deyil ki, memorandumun imzalanması Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edən Azərbaycan regionda yeni reallıqlar yaratdı. Məhz bu amil ölkəmizin növbəti diplomatik uğuruna yol acır  və Azərbaycanla İran birlikdə eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda yeni kommunikasiya bağlantısı yaradır. Beləliklə, Azərbaycan öz planlarını reallaşdırır, Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qalır. Proseslər göstərir ki, bundan sonra Ermənistan əl-ayağa düşəcək və Zəngəzur dəhlizinin yaradılması üçün yalvaracaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 15 mart.- S.1; 6.