Bakı daha bir mötəbər yarışa evsahibliyi etdi

 

Akrobat gimnastlarımız tarixi nailiyyət qazandılar

 

Bakıda gimnastikanın daha bir növü üzrə mötəbər beynəlxalq yarışa yekun vurulub. Belə ki, martın 10-13-də Milli Gimnastika Arenasında gimnastikanın ən maraqlı növlərindən biri olan akrobatika gimnastikası üzrə ilk dəfə dünya çempionatı keçirilib.

Yarışlarda 17 ölkədən 170 idmançı iştirak edib. 4 gün davam edən çempionatda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə medallar uğrunda mübarizə aparıblar.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel AbbasovMurad Rəfiyev kişi cütlüyü tərkibində təmsil ediblər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir AğayevMehriban Salamova, Avropa çempionatının gümüşbürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparıblar.

Hesabında 1 gümüş və 2 bürünc medal olan Azərbaycan komandası yekunda Macarıstan, Almaniya və Avstriyanı qabaqlayaraq yeddinci pillədə qərarlaşıb. İlk üçlükdə isə Belçika, Portuqaliya və ABŞ komandaları yer alıb.

Xatırladaq ki, Daniel AbbasovMurad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıb və bununla idmançılarımız tarixi nailiyyətə imza atıblar.

Bu medal Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk gümüş medaldır.

Martın 13-də Bakıda akrobatika gimnastikası üzrə XXVIII Dünya Çempionatının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe qlobal pandemiyayasülh böhranına baxmayaraq, yarışda iştirak edən idmançılara və rəsmilərə təşəkkürünü bildirib. O deyib: “Azərbaycan Gimnastika Federasiyasına, könüllülərə və bütün tərəfdaşlara möhtəşəm dünya çempionatının təşkilində göstərdikləri səylərə görə minnətdarlıq edirəm. Akrobatika gimnastikası idman növləri arasında ən yüksək artistizm və mükəmməlliyə sahib növlərdən biridir. Bu dəfə musiqi və çıxışlar arasındakı harmoniya, o cümlədən hərəkətlərin icrasında daha çox artistizm diqqətimi cəlb etdi. Düşünürəm ki, gimnastikanın bu növü insanları daha çox cəlb edəcək bir nöqtəyə gəlib. İdmançıların çıxışı dostluğu, inamı və həmrəyliyi gözəl şəkildə ifadə etdi. İnanıram ki, gimnastlar bu xaotik dövrdə insanlıq üçün bir nümunə sərgilədilər”.

M.Vatanabe akrobatika gimnastikası üzrə növbəti mundialın İsraildə keçiriləcəyi barədə məlumat verib: “Bakıda dünya çempionatı yekunlaşdı. 2024-cü ildə XXIX Dünya Çempionatına İsrailin Holon şəhəri evsahibliyi edəcək. İsraildə görüşənədək”.

 Beynəlxalq federasiyanın prezidenti akrobatika gimnastikası üzrə XXVIII Dünya Çempionatını bağlı elan etdikdən sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə FIG bayrağını M.Vatanabeyə təqdim edib. M.Vatanabe isə bayrağı İsrail Gimnastika Federasiyasının rəsmisi Zina Harrisə verib.

Xatırladaq ki, akrobatika gimnastikası üzrə XII Dünya Yaş Qrupları Yarışlarında 13-19 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz qızıl medal qazanıb. Təsnifat mərhələsində gimnastlarımızın çıxışı hakimlər tərəfindən 28,250 xalla qiymətləndirilib. Temp hərəkətində çıxış edən təmsilçilərimiz hakimlərdən 26,870 xal alıblar. İki hərəkətin cəmində 55,120 xal toplayan qrupumuz finala yüksəlib. Finalda qarışıq hərəkətlər üzrə hakimlərdən 28.930 xal alan idmançılarımız bütün rəqiblərini üstələyərək qızıl  medala sahib çıxıblar.

Bu, Azərbaycanın akrobatika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medaldır.

İlk dəfə Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 24 ölkədən 438 gimnast iştirak edib.

Azərbaycanda idman siyasəti dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirilir. Müstəqil Azərbaycan tarixində ölkəmiz, xüsusi ilə paytaxtımız bir sıra idman növləri üzrə mötəbər yarışları təşkil etməsi ilə yadda qalıb. Gimnastika növləri üzrə yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib.

2002-ci ildə Mehriban xanım Əliyeva  Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilibbu vəzifədə özünü peşəkar təşkilatçı kimi nümayiş etdirib. Həmin vaxtdan bəri mövcud gimnastika növləri dirçəlib və digərləri də inkişaf etməyə başlayıb.

 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin, dünya kubokunun, 27-ci dünya çempionatının, 23-cü, 25-ci və 30-cu Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

Bundan əlavə, batut üzrə Avropa, dünya çempionatlarına evsahibliyi etmişik. Ötən həftə Bakıda akrobatika gimnastikası üzrə XII Dünya Yaş Qrupları Yarışları, martın 10-13-də isə böyüklər arasında akrobatika gimnastikası üzrə 28-ci mundial uğurla keçirildi.

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 15 mart.- S.11.