Vətənin yaşıl ormanları

 

Azərbaycanın 246 min hektar meşə sahəsi Ermənistan tərəfindən vəhşicəsinə qırılıb və talan edilib

 

Ana təbiətin bir parçası olan meşələr dünya üzrə quru ərazinin üçdəbiridir.  Bu o deməkdir ki, Yer kürəsində meşələrin ümumi sahəsi 4 milyard hektardır. Meşə ilə örtülü ərazilərin daha çox hissəsi Rusiyanın, Braziliyanın, Kanadanın və ABŞ-ın  payına düşür.

Yer qatının münbitləşməsində xüsusi əhəmiyyət daşıyan meşələrə, təəssüf ki, heç də hər yerdə və bütün dövrlərdə münasibət birmənalı şəkildə müsbət olmayıb. Bu təbii sərvətə laqeydlik nəticədə onun sahəsinin azalmasına gətirib çıxarıb. Məhz bunun bəlasıdır ki, son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.

Ümummilli Lider Heydər Əliyevin meşələrin qırılması haqqında çox ibrətamiz kəlamlarının birində deyilir: “Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.

Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan flora və faunası ilə də dünyada şöhrət qazanıb. Meşələrimizdə 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağackollar bitir. XVII-XIX yüzilliklərdə Azərbaycan torpaqlarının 35 faizi meşələrdən ibarət olub. Bu gün isə onların ümumi sahəsi 1213,7 min hektardır. Ölkəmizdə adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür. Çox hissəsi qiymətli ağac cinslərindən ibarət olan meşələrimizdə palıd, fıstıq, vələs, cökə, ağcaqayına daha çox rast gəlinir.

Azərbaycan meşələrinin 95 faizə qədəri dağlıq və dağətəyi, qalanı isə əsasən çay vadilərində, düzən ərazilərdə yayılıb. Meşələrimiz yayıldığı əraziyə görə sırf qoruyucu funksiyaları yerinə yetirir. Ərazisinin 20-25 faizi meşə ilə örtülü olan ölkələrdə su qıtlığına, qeyri-sabit iqlim şəraitinə, torpaqların deqradasiyasına və eroziyasına, bataqlıq və şoranlıq sahələrə az təsadüf  edilir.  Ona görə də meşələrimiz ciddi mühafizə olunmalı, qorunmalı və artırılmalıdır. Təəssüf ki, ana qədər doğma olan təbiətin bu guşəsini bəzən insanlar məhv edir. Məişət tullantıları ilə çirklənən meşələrə  hətta od vurulub-yandırılır...

Ermənistan Azərbaycanın işğal etdiyi 20 faiz ərazilərində nəinki şəhər və kəndləri dağıtdı, üstəlik, orada bitkiheyvanlar aləminin məhv edilməsinə, bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olan terrorçuluq əməlləri törətdi. İşğal dövründə qanunsuz yol tikintiləri aparılmış, meşələr kütləvi surətdə qırılmış, bombardmanlar və yanğınlar nəticəsində Qazax, Tovuz, Gədəbəy, Zəngilan, Qubadlı, Kəlbəcər, Göygöl rayonlarının meşələrindən yarım milyondan artıq ağackollar, 152 ədəd relikt ağac növləri, hektarlarla qiymətli meşə sahələri, 665 hektar təbii bərpa meşələri, 75 hektar süni meşəsalma materialı, təbiət abidəsi statusu almış 5 geoloji obyekt vəhşicəsinə dağıdılaraq kommersiya məqsədləri üçün istifadə edilmişdir.

İşğal altında olan, əsasən Ağdam rayonu ərazisinə Ermənistandan gətirilən radioaktiv tullantılar yerləşdirilib. Ümumilikdə Qarabağda min hektarlarla meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilib. Qazax rayon istiqamətində Murovdağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində Talış, Gülüstan, Baranbart meşələrində, Qubadlı rayonunun Əyin, Hərtiz, Zor, Fərcan meşələrində 100 hektarlarla sahədə fıstıq, saqqız, şam, palıd, qozs. çoxillik ağaclar kəsilib.

Ermənilərin ərazilərimizə, xüsusən də meşələrimizə qənim kəsilməsi yalnız  yuxarıda göstərilən rəqəmlərlə hesablanmır. Belə ki, Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazisini əhatə edən məhsuldar fıstıq, Laçın rayonunun Şəlvə dərəsindəki dekorativ oduncaqlı, irigövdəli, qırmızı palıd meşələri də talan olunub. Kəlbəcərin meşə təsərrüfatındakı ayıfındığı, Zəngilan rayonunun 107 hektar ərazisindəki qoruq isə demək olar ki, Yer üzündən silinib. Çinarlıqlar hissə-hissə kəsilərək İran mebel fabriklərinə və başqa tikinti sənaye müəssisələrinə satılıb.

2000-ci ildə Zəngilanda 70 nadir çinar ağacının hər biri 100 ABŞ dollarına satılıb. 110 çinar ağacı kökündən çıxarılaraq Göyçə gölünün sahillərinə və İrəvan şəhərinin ətrafına köçürülüb. Bəsitçay qoruğundaki möhtəşəm çinarqoz ağacları Ermənistan tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılıb. Bəsitçay Dövlət Təbiət Qoruğundaki şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatırdı. Onların gövdələrinin diametri 4 metr, hündürlüyü 54 metrdən yuxarı olub. Avropada analoqu olmayan bu ağaclar tamamilə məhv edilib.

Beləliklə, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən-obasından didərgin düşmüş keçmiş məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara görə, 31,72 milyard manat məbləğində ziyan dəyib.

Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb.

21 Mart həm də Beynəlxalq Meşələr Günüdür. İşğal olunmuş ərazilərdə erməni vandallarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilibbu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

Azərbaycan təbiətinin füsunkarlığı, həm də yaşıl ormanlarının əsl istirahət guşəsi olması ona daha çox diqqət və qayğı göstərilməsini tələb edir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 20 mart.- S.5.