Xalq yaradıcılığının tədqiqatçıları

 

Şifahi xalq ədəbiyyatımızın toplanmasında böyük xidməti olan alim

 

Akademik Azad Nəbiyev 40 ildən artıq bir dövrdə şifahi xalq ədəbiyyatımızın toplanması, nəşri, tədqiqi və tədrisi məsələləri ilə məşğul olmuşdur.

Onun gördüyü işlərin coğrafiyası geniş və rəngarəng idibu, alimi yaxından tanıyanlar arasında heyrət doğururdu. O, elləri, obaları gəzir, yazıya alınmamış neçə-neçə nəğməni, nağılı, dastanı axtarıb tapır, işləyib hazırlayır, müxtəlif tədqiqat əsərlərində araşdırmalara cəlb edirdi. Məsələn, alim ŞirvandanKoroğlu” dastanının yeni variantını yazıya koçürmüş,  el nəğmələrini, xalq oyunlarını toplamış, Novruzun adət-ənənələri, çərşənbələri haqqında kitablar, dərsliklər çap etdirmişdir.

Görkəmli alim yaxşı bilirdi ki, xalq yaşadığı hər bir dövrün psixologiyasını, əxlaq və dünyagörüşünü həmin dövrdə yaratdığı ədəbiyyat nümunələrində əks etdirmişdir. Ona görə də ağız ədəbiyyatını nəşrə hazırlayıb araşdırarkən onu məhdud qəliblərə salıb təmasda olduğu dünyagörüşlərdən təmizləməyi, onlardan kənarda tədris etməyi, bu ədəbiyyatın mahiyyətini, əhatə dairəsini, məzmununu və yaranma tarixini təhrif etməyi yolverilməz sayırdı. Bu ədəbiyyatı yalnız düzgün dövrləşdirmək, təsnif etməklə müxtəlif mərhələlərdə xalqımızın erkən məişət həyatı, yaşayışı, adət-ənənəsi barədə dürüst məlumat əldə etməyi lazım bilirdi. Yorulmaz alim bu elmi ehtiyacı ödəmək üçün gecəli-gündüzlü çalışırdı.

Azad Nəbiyevin yaradıcılığının əsas istiqamətlərindən birifolklorumuzu həm də başqa dillərdə dünya oxucusuna təqdim etmək idi. Keçən əsrin 90-cı illərindən sonra bu missiya yeni məna və məzmun kəsb etdi. O, Azərbaycan folklorunun rustürk dillərində yayılması və nəşrində sələfləri olan V.Bartoldun, Ə.Abidin, A.Baqrinin, H.Zeynallının, A.Lukovskinin, Ə.Vəkilovun, V.Qafarovun və digərlərinin işini davam etdirdi. Müəllif rus dilində “Azərbaycan mifləri, nağıl və əfsanələri”, “Azərbaycan-özbək folklorunun qarşılıqlı əlaqəsi”, “Azərbaycan folkloru” kitablarını nəşr etdirdi. Bunlar da başqa xalqların oxucularına şifahi ədəbiyyatımızla tanış olmaq imkanı yaradırdı. 1990-cı ildə alimin Azərbaycan-türkmən əlaqələrindən bəhs edən “Sərhəd bilməyən əlaqələr” monoqrafiyası Aşqabadda türkmən dilində nəşr olundu.

Həmin illərdə Azad Nəbiyev Azərbaycan folklorunun türk dili vasitəsilə yayılması işinə də qoşuldu. 1994-cü ildə “Azərbaycan ədəbiyyatı antologiyası”nın birinci cildi çapdan çıxdı. Bura daxil edilən qədim türk dastanlarından tutmuş şifahi xalq yaradıcılığımızın bir çox dəyərli nümunələrini alim özü toplamış, kitabı tərtib etmişona ön söz yazmışdır. Bundan başqa, “Azərbaycan türk ədəbiyyatı”, “İlaxır çərşənbələr”, “Azərbaycanda Novruz” kitabları İstanbulda türk dilində işıq üzü görmüşdü.

Azad Nəbiyevin xarici ölkələrdə 25-dən artıq elmi əsəri nəşr olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, ümumilikdə alimin elmi əsərlərinin sayı 350-dən çoxdur.

Şifahi sözümüzün erkən qaynaqları, yaranma dövrü və təkamülü, növjanr törəməsi qanunauyğunluqları, şifahi söz formulası, onun erkən milli zəmini, etnogenetik inkişafın şifahi söz yaradıcılığına təsiri və sairə kimi məsələlər alimin filoloji fikir və təxəyyülünü daha çox məşğul edirdi. Əcdadlarımızın erkən bədii düşüncəsinin çoxcəhətliyi, onun ilkin bədii söz modelləri, süjet, motiv və obrazları, bunların ümumdünya mədəni düşüncəsinə təsiri, xüsusilə Novruz bayramından qarşılıqlı bəhrələnmə və əlaqə məsələləri alimə türk etnosunun mənşəyini, təkamülünü və bugünkü Azərbaycan ərazisində məskunlaşma tarixinin ayrı-ayrı məqamlarını açıqlamaqda, ümumilikdə ulularımızın düşüncəsinin məhsulu olan şifahi sözü araşdırmaqda dəstək olurdu.

A.Nəbiyev “Kitabi-Dədə Qorqudun 1300 illiyi ilə bağlı dəyərli silsilə məqalələr yazmışdır. Onun Drezden variantını hazırlayıb nəşr etdirmişdir.

Alim hər bir janrın ümumi spesifik xüsusiyyətlərini nəzərə alaraq onun yaranma dövrünü şərti olaraq müəyyənləşdirmiş və həmin prinsip əsasında xalq ədəbiyyatının dövrləşdirilməsinə təşəbbüs göstərmişdir. Bu isə ümumilikdə ağız ədəbiyyatımızın təkamülü tarixini xronoloji ardıcıllıqla izləməyə, hər bir janrın özündə yaranma dövrünə məxsus erkən düşüncə ilə bağlı müşahidələr aparmağa imkan vermişdir. Beləliklə, Azərbaycan xalq ədəbiyyatını bütöv şəkildə öyrənmək sahəsində təşəbbüsü də Azad müəllim irəli sürmüşdür. Təbii ki, gələcəkdə o, daha da təkmilləşdirilib yenidən işlənəcəkdir.

Professor Paşa Əfəndiyev həmkarının axtarış və tədqiqatlarını, onların nəticələrini yüksək qiymətləndirir, yaradıcılıq məziyyətlərini belə səciyyələndirir: Azad Nəbiyev xalqımızın adət-ənənə, mərasim və bayramlarını, qəhrəmanlıq eposumuzu, nağıl-əfsanə və miflərimizi ardıcıl şəkildə toplayıb nəşr edən, onları öz tədqiqatlarında ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi götürüb araşdıran ciddi folklorşünasdır...”

Akademikin “Azərbaycan xalq ədəbiyyatı” dərsliyi xüsusi əhəmiyyət kəsb edir. Əvvəla qeyd edək ki, iki cilddən ibarət olan bu nəşr təkcə müəllim və tələbələr üçün deyil, geniş oxucu kütləsi üçünçox maraqlıdır. 2002-ci ildə çıxan kitabın birinci hissəsində müəllif folklorfolklorun nəzəri irsi barədə geniş məlumat verir. Bundan sonra “Qədim dövr ədəbiyyatı” adı altında ən qədim zamanlardan XIII əsrə qədərki folklor yaradıcılığından bəhs edir.

İkinci hissədə müəllif XIII-XVII əsrləri əhatə edən orta əsrlər və XVIII-XX yüzilliklərdə yaranıb formalaşan ağız ədəbiyyatını təhlilə cəlb edir.

Azad müəllim 1999-cu ildə V.Xuluflunun 1929-cu ildə çap etdirdiyiKoroğlu” nəşrini təzələyir.

2011-ci ildə aliminFolklorda fasiləsiz transferyuxu paradiqmaları” adlı yeni kitabı nəşr olunur. Burada professor folklorun genezisi ilə bağlı XIX yüzillikdə Avropa alimlərinin irəli sürdüyü bir sıra nəzəri mülahizələri müxtəsər xülasə edərək belə bir qənaətə gəlir ki, şifahi yaradıcılıq ibtidai insanın əmək vərdişlərinə yiyələnməzdən əvvəlki mərhələdə, instinktiv düşüncədən şüurlu fəaliyyətə keçid dövründə psixoloji dərketmə hal və məqamları ilə bağlı meydana çıxmışdır. Müəllifə görə, psixoloji dərketmə sayəsində yaranan erkən folklor paradiqmaları - gözəgörünmə, qarabasma, eymənmə, gözdəymə, ürəyədamma, eləcə də ruhyuxu - röya bədii düşüncə məhsulu olub, kollektiv yaradıcılıq prosesindən çox əvvəlki folklor hadisəsidir. Bundan başqa, alim bu kitabda çoxillik axtarışlarına əsaslanaraq ictimai fikir qaynaqlarına münasibət bildirir.

A.Nəbiyev 67 yaşında dünyasını dəyişdi.

O, həyatını xalqın əsrlərlə yaratdığı ölməz irsə - şifahi xalq ədəbiyyatına həsr etmişdi. Obrazlı desək, özü də dərin tədqiqatları və qələmə aldığı yazıları ilə sanki bu əvəzsiz irsə qovuşmuşdu.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.-20 mart.- S. 6.