Bakıda Novruz bayramı münasibətilə velosiped yürüşü keçirilib

 

Martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə paytaxtın mərkəzində velosiped yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Novruz bayramı və paytaxtda yeni velosiped zolağının istifadəyə verilməsi münasibətilə təşkil olunan yürüşdə 30 həvəskar velosipedçi iştirak edib.

Turnirin təşkilində əsas məqsəd insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olub.

Veloyürüşün qalibləri dörd nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.

Qeyd edək ki, son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Şəhərdə digər sahələrlə yanaşı, yol infrastrukturunun yenilənməsi, burada alternativ hərəkət vasitələrinin artırılması istiqamətində dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı yeni velosiped yollarının salınması istiqamətində işlər davam edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi tərəfindən bir sıra mərkəzi küçələrdə velosiped zolaqlarının salınması işləri həyata keçirilir. Bu istiqamətdə işlərin başlanğıcı kimi paytaxtın mərkəzində - Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov küçələrində yeni velosiped yolu salınıb. Artıq şəhərin mərkəzini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun 1,6 kilometri yekunlaşıb.

 

Azərbaycan.- 2022.- 20 mart.- S. 4.