Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallıda 1 saylı uşaq bağçası üçün yeni bina tikilib

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Masallı rayon 1 saylı uşaq bağçasının yeni binası martın 19-da - Novruz bayramı ərəfəsində istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Masallı rayon 1 saylı uşaq bağçası 1939-cu ildə inşa olunub. 40 yerlik 2 qrupdan ibarət olan məktəbəqədər uşaq müəssisəsi uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Ötən müddət ərzində bağçanın binası fiziki cəhətdən köhnəliyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik bağça binası inşa olunub.

Tanışlıq zamanı məlumat verilib ki, 2 mərtəbəli 1 korpuslu bağça binası zəruri mebel və avadanlıqlarla, kompüter kabineti və əyani vəsaitlərlə təchiz edilib.

Bağça binasında məşğələ, yataq, idman, əyləncə və musiqi otaqları, akt zalı var.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bağçanın kollektivi və valideynlər yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.- 2022.- 20 mart.- S.2.