Pakistan Milli Assambleyasının nümayəndə heyəti Milli Məclisdə olub

 

Milli Məclisin Sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Pakistan Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə qonaqları parlamentdə görməkdən məmnunluğunu ifadə edib.

F.İbrahimli Azərbaycanın müstəqillik tarixindən söz açıb, iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu qeyd edib və 44 günlük Vətən müharibəsi zamanı Pakistanın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Milli Məclis Sədrinin müavini, həmçinin Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb, bu formatın qardaş ölkələr arasında tərəfdaşlığın inkişafına xidmət etdiyini bildirib.

Pakistan İslam Respublikası Milli Assambleyasının nümayəndə heyətinin rəhbəri Sədaqət Əli Abbasi görüşə görə təşəkkürünü bildirib. Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərin salamlarını çatdırıb, Novruz bayramı münasibətilə təbriklərini ifadə edib. Qonaq ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi barədə fikirlərini açıqlayıb.

Söhbət zamanı Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Milli Assambleyanın İqtisadi məsələlər komitəsinin sədri Xan Məhəmməd Camali, deputatlar Saifi Qazala, Fozia Behram, Sayid Xan, Xan Zulfiqar Əli yüksək qonaqpərvərliyə görə təşəkkür edib, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycanda gördükləri iqtisadi inkişaf və tərəqqiyə görə sevindiklərini bildiriblər. Parlamentarilər Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Kəmaləddin Qafarov, İlham Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.

 

Azərbaycan.- 2022.- 20 mart.- S.2.