Eyni talenin daşıyıcıları...

 

30 ilə yaxın Novruz tonqalını qəlbində qalayanların yurdsuzluq yaraları zəfər məlhəmi ilə sağaldı

 

Zəfərdən sonrakı Novruz  

 

Onlar, əslində, üç deyillər. Rəmzi olaraq üçünü seçdik - “atalar üçə kimi deyib”. Ataların müdrik kəlamlarına pənah gətirən elə analarımız, bacılarımız, xala-bibilərimiz var ki, ilboyu ailənin qayğılarını zərif çiyinlərində daşıyırlar.

Seçdiyimiz üç qadından biri Kəlbəcər rayonunun Barmaq Binə kəndində 1938-ci ildə dünyaya göz açan, uşaqlıq və gənclik illərini yazda, yayda yaylaqda, qışda isə oylaqda keçirən Səmayə nənədir ki, ömür-gün yoldaşı Yəhya Mehtiyevlə böyük bir külfət saxlayıb.

Doğulduğu və gözəl növraqlı günlər keçirdiyi, ömür sürdüyü kənd Kəlbəcərlə Göyçə mahalının arasında sərhəddə idi. Ermənilər kəndə dəfələrlə basqın etsə də, oğlanları Mirzəli və məktəbyaşlı Seyfəli də atalarına qoşularaq, düşmən qarşısına çıxıb, 5 il mühasirədə qalan kəndi qoruyublar.

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti sığınacaq tapan, Kəlbəcərin işğal edildiyi 1993-cü ilin aprel günlərini  xatirələrində, hələ də qurumayan göz yaşlarında saxlayan, fikrini yumaq kimi sarıyan Səmayə nənəyə  Novruz bayramı günlərində baş çəkdik.

Nitqində xəstəliklə bağlı qüsur yaranan, Kəlbəcərinin işğaldan azad edildiyini eşidəndə “Mirzəlimin də qapısını , Allahım!” - deyə əllərini uca göylərə qaldırıb dilək diləyən ananın gözləri itkin oğlundan bir soraq  almaq üçün hələ də yollara dikilidir. Lakin ata yurdunun azad edilməsi, orada doğmaların tonqal yandırması Səmayə nənənin sinə yarasına sanki məlhəm olub: “...Vallah, inanırdım ki, Qarabağımız, doğulduğum kənd qaytarılacaq, düşməndən alınacaq. Həm də unutmaq günah olar: 30 ilə yaxındır dövlətimiz, hökumətimiz bizim qaçqın-köçkün kimi hər qayğımızı çəkib. Qəsəbələr salıb, evlər tikib...

Dünyadakı qaçqınlara baxanda adamın ürəyi ağrıyır: kimsələri elə bil yoxdu. Var olsun bizim dövlətimizin başçısı ki, hər cür qayğımıza qalır. İndi də torpaqlarımızı işğaldan azad eləyib, orada yenidən şəhər-kənd salır, yollar çəkilir, tunellər açılır. İnşallah, biz də tezliklə o torpaqlara qayıdacağıq. Qoy torpaqlarımızı azad edən əsgər oğullarımız yandırsın Novruz tonqallarını. Qismət olsa, 30 ilə yaxındır sorağını ala bilmədiyim Mirzəlimin də xəbərini eşidərik... Çünki dövlətimizin başçısı indi bu məsələ ilə ciddi məşğuldur. Allah köməyi olsun! Anaların duası müqəddəs olur, inşallah, itkinlərimizdən də soraq alarıq. O gün uzaqda deyil...”

 

“Yuxularımda həmişə oraları görürəm”

 

Kəlbəcərin sağ qolu Göyçə, solu isə Laçın idi. Dağları kimi, insanları da bir-birinə mənən dayaq, təbiətən, xaraktercə də oxşar olublar. Bu gün də elədirlər: dərdləri, nisgilləri, qayğıları, arzu-diləkləri qoşalaşıb: doğma yurdlara qayıtmaq, oralarda yenidən məskən salmaq, dərd-səri atmaq...

O yurdlardan uzaq düşənlərdən biri, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Bəsirə Məmmədli ilə də bir başqa nisgillə qarşılaşdıq. Səmayə nənədən fərqli yaş, düşüncə, yurda bağlılığın başqa bir formasını duyduq. Bəsirə Zakir qızı Məmmədli 1975-ci ilin elə bu vədələrində Laçın rayonunda anadan olub.

Arzusu orta təhsil aldığı məktəbdə müəllimləri ilə çiyin-çiyinə çalışmaq olub.  Beş qönçə” və “Azərbaycan qadınları müstəqillik yollarında” kitablarının redaktoru olub. Mətbuatda hərbi-vətənpərvərlik mövzusunda onlarca məqaləsi dərc edilib. Məcburi Köçkün Qadınların Milli Şəbəkəsinin koordinatorudur: “...Yuxularımda həmişə oraları görürəm. Elə məktəbyaşlı Zəhra balam da nənəsi Vəzifə kimi Laçın həsrətlidir... Orta məktəbin sonuncu sinfində oxuyurdum. “Son zəng”ə, imtahanlara hazırlaşırdıq. Mayın 8-də Laçında sinif yoldaşlarım və müəllimlərimizlə birlikdə Böyük Vətən müharibəsi abidəsində abadlıq işləri aparırdıq. Birgördük Şuşa tərəfdən xeyli maşın və camaat gəlir. Oğlanlarımız maraqlandılar. Öyrəndilər ki, Şuşada vəziyyət ağırdır, əhali köçürülür. Əhvalımız pozuldu. Dayılarım, xalam uşaqları - pəhləvan Qaçayın övladları Şuşada döyüşdə idilər. Anam xəbərsiz qalmışdı. Hamı həyəcanlı idi. Axşamtərəfi ermənilər Gorus tərəfdən Laçını dəhşətli qrad atəşinə tutdular. Bir an göz açmaq mümkün deyildi. Səmada alazanın, qradın sayı-hesabı yox idi. O dəhşətli mənzərəni unuda bilmirəm...

 

“...Əziz Şuşa, sən azadsan! Doğma Şuşa, biz gəlmişik!”

 

Lakin illər sonra Qarabağımız, o cümlədən Şuşamız, doğma Laçınımız da azad edildi. Ötən ilin Novruz bayramında Şuşada Novruz tonqalını Müzəffər Ali Baş Komandanımız  yandırdı. Bunun rəmzi mənası vardı. Bu, o demək idi ki, “...Əziz Şuşa, sən azadsan! Doğma Şuşa, biz gəlmişik!” Əlbəttə, Laçında beynəlxalq hava limanının tikilməsinin də rəmzi və həm də siyasi-iqtisadi, hərbi nöqteyi-nəzərdən mənası var. Dağların sahibi yenə də qıy vuran qartallardır, min şükür! Buna görə döyüşən oğullarımıza, onları vətənpərvər ruhda yetişdirən xalqımıza və möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq! Novruz tonqalları yandırılan Qarabağımıza yeni həyat gəlir. Bu bahar torpağımıza ruzi-bərəkət gətirəcək, çünki Qarabağ öz sahiblərinin əlindədir...”

1976-cı ildə Xocalı şəhərində doğulan, 1 yaşına kimi orada yaşayan, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Binəqədi rayon şöbəsinin rəhbəri, şəhid nəvəsi Ayna Novruzova dəhşətli günlərdən salamat çıxan uşaqlardandır. 90 yaşını haqlamış atası Allahyar müəllim 30 il Xocalı müsibətlərini yaddaşında və dərdli-nisgilli misralarında, Ayna xanım isə ictimai fəaliyyətində yeni nəslə çatdırıb, daha geniş auditoriyalarda təbliğ edib.

İllərlə “Xocalının səsi” qəzetinin redaktoru olmuş Allahyar Xocalı, imzasını vətənpərvər ruhlu yazıları ilə sevdirən el ağsaqqalı doğma yurda, təəssüf ki, qayıda bilmədi: ömür vəfa etmədi...

Bir vaxtlar Laçında dünyaya göz açıb Xocalıda ocağı qaralan, çırağı sönən Kübra nənə kimi gözüyaşlılara təsəlli, ümid verməyi özünün vətəndaşlıq borcu hesab edən Ayna Novruzova yolunu tez-tez bu qəsəbədən salır, doğmalarına baş çəkir. İllərdir ki, erməni vandallarının  26 fevralda törətdiyi vəhşiliyi, nəinki respublikamızda, qardaş Türkiyənin müxtəlif  bölgələrində də “Xocalıya ədalət!” kampaniyasını necə apardıqları ilə bağlı onlara məlumat verir, hər kəsi bu işdə fəal təbliğatçı olmağa çağırır.

 

Biz Xocalıya da qayıdacağıq...”

 

 “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi yarananda o da könüllü olaraq təbliğatçı qrupun üzvlərindən birinə çevrilib. Adıçəkilən təşkilatın qadınlar şurasının sədri kimi daha bir ictimai vəzifənin öhdəsindən bacarıqla gələn Ayna Novruzova deyir ki, təbliğatın coğrafiyası genişləndikcə dünya erməni vandalizmi haqqında əsl həqiqəti öyrənir və onların  antiinsani əməllərini lənətləyir. Bu illər ərzində nəinki Azərbaycanda, Almaniya, Türkiyə kimi böyüknüfuzlu ölkələrdə də Xocalıya ədalət istəmişik.

Ayna Novruzovanın təsəllisi odur ki, Azərbycanın haqq səsi artıq eşidilir. Bu isə intizarın, həsrətin sonu deməkdir: “...Qarabağda separatizm baş qaldırandan Azərbaycan qadınlarının taleyinə ağrı-acı, gözyaşı yazıldı. Doğma yurdunu, balasını, ailəsinin başçısını, qardaş-bacısını... itirən anaların 30 ildir ki, yadına Novruz bayramı düşmürdü. Necə düşsün? Axı elə şəhid balaları oldu ki, onların doğum tarixi məhz Novruz günlərinə düşüb. Yaxud 8 Mart tarixində düşmən gülləsindən al-qana bələnən igidlərimiz az oldumu?! Xalqımız kimi, xoclılılar da doğma Qarabağımızın işğaldan azad edilməsi sevincini yaşayırlar. Ermənilər əmin olsunlar ki, “Dəmir yumruq” həmişə yerindədir. Bəd niyyətlərindən əl çəkməsələr, daha ağır itkilərlə üzləşəcəklər. Biz Xocalıya da qayıdacağıq ...”

Bu qadınların obrazında deyə bilərik ki, anaları cəmiyyətin parlaq siması adlandıranlar, ailənin isti ocağına bənzədənlər yanılmayıblar. Hansı evdə-ailədə qadın, ana, bacı nəfəsi varsa, ora ilin bütün fəsillərində bahar təravətli olur: səliqə-sahmanı ilə.

2020-ci ilin payızında igid oğullarımız Qarabağımızı düşmən tapdağından azad edib! Bu şərəfi yaşamaq haqqını qazananlar da qardaşı, nişanlısı, ömür-gün yoldaşı cəbhədə qəhrəmancasına döyüşüb Vətən uğrunda şəhid olmağı bacaran, qanını, canını bu yolda qoyub qaziyə çevrilən oğulların ana-bacılarıdır. Ona görə də onların Novruz bayramında daha çox sevinməyə, şadlanmağa haqqı var...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 20 mart.- S.8.