Vətənə dönürük

 

Tezliklə Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlayacaq

 

Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır”.

Prezident İlham Əliyevin martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırdığı zaman səsləndirdiyi kimi, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdikQarabağa əbədi yaşamaq üçün qayıtdıq. Və elə işğalçı Ermənistana qarşı aparılan haqq və ədalət mübarizəsinin və əldə olunan möhtəşəm zəfərin əsas qayəsi də 30 il əvvəl doğma yurdlarından zorla didərgin salınan keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına qaytarılmasıdır. Hazırda Azərbaycan dövləti bu mühüm missiyanın həyata keçirilməsi üçün Şərqi Zəngəzurda və Qarabağda böyük quruculuq və bərpa işləri aparır.

Dövlət başçısı İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında işğaldan azad edilən ərazilərdə infrastruktur yenilənir, yeni yollar çəkilir, hava limanları istifadəyə verilir. Tezliklə öz doğma torpaqlarına qayıdacaq insanların yaşayışı və fəaliyyəti üçün ən müasir imkanlar yaradılır. Onların işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün də layihələr icra edilir.

Qarabağda və Şərqi Zəngəzurda dəmir yollarının, beynəlxalq hava limanlarının inşası isə bölgəni eyni zamanda xarici sərmayələr, həm də turizm üçün cəlbedici məkana çevirir. Həmçinin bu ərazilərdə gerçəkləşdirilən mühüm layihələrdən biriPrezident İlham Əliyevin birbaşa təşəbbüsü və nəzarəti ilə Şərqi Zəngəzur və Qarabağ bölgəsində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının həyata keçirilməsidir.

 

10 min kvadratkilometrdən çox olan ərazi yenidən qurulur

 

Suqovuşanda olarkən tarixi torpaqlarımızda qısa müddətdə görülən bütün  genişmiqyaslı işlərlə bağlı Prezident İlham Əliyev məlumat verdi ki, bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır:Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq”.

Möhtəşəm qələbəmizin üzərindən ötən qısa zamanda Qarabağda və Şərqi Zəngəzurda görülən işlərin nəticəsidir ki, işğal dövründə ermənilər tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz gündən-günə sürətlə dəyişir, mənfur düşmənin viran qoyduğu yurdlarımız yenidən dirçəlir. Eyni zamanda vəhşi ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədaları yüksəlir. Əzəli torpaqlarımızda baş verən bu qürurverici yeniliklərin isə Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə həmin bölgələrə səfərləri zamanı daha əyani şəkildə şahidi oluruq. Təsadüfi deyil ki, təkcə ötən il dövlət başçısı işğaldan azad edilən yurdlara 32 səfər etmiş və hər səfərində Qarabağda, Şərqi Zəngəzurda daimi həyatın var olması üçün möhkəm bünövrələr atmış, əhəmiyyətli layihələr gerçəkləşdirmişdir. Göründüyü kimi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu ənənə bu iluğurla davam edir.

 

Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir

 

Bütün dünyanın gözü qarşısında Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq, bərpa işləri Azərbaycan xalqının yüksək əzmini, dövlətimizin böyük potensialını, Prezidentin qətiyyətini nümayiş etdirir. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycanın sərgilədiyi bu yüksək göstəricilər beynəlxalq aləmdə də heyrətlə qarşılanır. Çünki dünya müharibələrinin tarixində savaşdan sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb və bu gün bu parlaq nümunənin də əsasını Azərbaycan qoyur. Həm də ölkəmiz azad olunan torpaqlarda həyata keçirdiyi bu genişmiqyaslı işləri təkbaşına, heç kimdən kömək almadan öz siyasi iradəsi və iqtisadi gücü, xalqımızın səfərbərliyi və milli həmrəyliyi sayəsində aparır.

Keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına qayıdacaqları böyük qayıdış gününə az qalıb. Vətəndə illərlə qəribçilik çəkən o insanlar tezliklə cənnətməkan yurdlarına qovuşaraq, əmin-amanlıq içərisində əbədi xoşbəxt günlərə yol alacaqlar. Novruz bayramında tarixi yurdumuz Suqovuşana səfər edərək orada bayram tonqalı çatan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə bəyan etdiyi kimi: “Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir”.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.-30 mart.- S.1; 5.