Şərəfli ömür yaşayan dilçi alim

 

Elm xadimləri

 

Görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın gözəl bir kəlamı var: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitablara bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. Cəmiyyətdə şəxsiyyəti ilə yaradıcılığı və fəaliyyəti üst-üstə düşən, tərcümeyi-halı ilə gələcək nəsillərə nümunə olan ziyalılara rast gəlmək, onlarla həmsöhbət və yol yoldaşı olmaq nə qədər qürurvericidirsə, bir o qədər də məsuliyyətlidir. Belə alim və müəllimlərdən dərs almaq, məxsus olduğun peşənin sirlərini öyrənmək, doğrudan da, tələbələr üçün sözün əsl mənasında böyük xoşbəxtlikdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində vaxtilə ölkəmizin elə tanınmış alimləri çalışmışdır ki, bu gün müəllimlərimiz onların həyat yolundan fərəhlə bəhs edərkən insan bir tərəfdən heyrətlənirsə, digər tərəfdən onları görmədiyi və canlı dinləmədiyi üçün təəssüflənir. Ancaq yeganə təsəllimiz odur ki, həmin böyük ziyalıların özlərindən sonra yetişdirdiyi elə tələbələri də var ki, hazırda bu şərəfli yolda uğurla addımlayır, klassiklərimizin irsini yaşadır və ənənələrini layiqincə davam etdirirlər. Bu ənənə və varisliyi uğurla davam etdirən, halal alim və müəllim ömrü yaşayan ziyalılarımızdan biri də Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevadır.

Qızılgül Ağəli qızı Abdullayeva 1952-ci il martın 22-də Qubadlı rayonunda dünyaya göz açmışdır. Sumqayıt şəhərində tam orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş və oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Universiteti bitirdikdən sonra o, taleyini müqəddəs müəllimlik peşəsinə bağlamış, bilik və bacarığı ilə alimlik mərtəbəsinə yüksəlmişdir. Əmək fəaliyyətinin ilk illərində, yəni 1974-1978-ci illərdə Zərdab rayonu Əlvənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə - kitabxanaçı, böyük kitabxanaçı, metodist, baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. Elmi-pedaqoji fəaliyyəti BDU-nun Türkologiya kafedrası ilə bağlı olan Qızılgül Abdullayeva 1984-1987-ci illərdə həmin kafedranın əyani aspirantı olmuş, 1988-ci ildə “Müasir Azərbaycan ədəbi dilinin bədii üslubu (50-ci illər ədəbi nəslinin şeir dili əsasında)” mövzusunda namizədlik dissertasiyasını, 2022-ci ildə “XVII əsr Azərbaycan ədəbi dilimövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

O, Azərbaycan dilinin tarixi üzrə dəyərli araşdırmalar aparmışdır. Dilin şeir rəngi” (2005), “Kül tiqin abidəsi” (2007), “XVII əsr Azərbaycan ədəbi dilinin fonetikleksik norma demokratizmi” (2019), “XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” (2019) adlı kitabların, “Qədim türk yazılı abidələri” (2006) adlı metodik vəsaitin, “Qədim türk dili” (2009) adlı metodik göstərişin, “Qədim türk dili”, “Əski Azərbaycan yazısı”, “Azərbaycan dilinin tarixi qrammatikası”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan dili tarixi” adlı tədris proqramlarının, habelə 100-dən çox məqalənin müəllifidir. Uğurlu elmi-pedaqoji fəaliyyətinə görə Qızılgül Abdullayeva “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmiş, “Qızıl qələm” mükafatına və “İlin alimi” (2021) fəxri adlarına layiq görülmüşdür. Onun “XVII əsr Azərbaycan ədəbi dilinin fonetikleksik norma demokratizmi” və “XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” adlı monoqrafiyaları Azərbaycan Milli Elmlər Akademiyasında ilin mühüm nəticəsi kimi dəyərləndirilmişdir. Uğurlu qələm sahibi olan Qızılgül xanım Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Alimin elmi yaradıcılığı dil tarixinin müxtəlif sahələrini əhatə edir. Buraya müəllifin Azərbaycan dilinin tarixi qrammatikası, Azərbaycan ədəbi dilinin tarixi məsələləri ilə yanaşı, türk dillərinin, xüsusilə qədim türk dilinin fonetik, leksikmorfoloji quruluşu haqqındakı sanballı araşdırmaları aid edilə bilər. Bu tədqiqatlarda türk xalqlarının Orxon-Yenisey, “Dədə Qorqud kitabı”, “Kutadqu bilikkimi qədim türk yazılı abidələri ilə bərabər, Orta əsrlərdə türk dilinin inkişafına böyük töhfələr vermiş görkəmli ədəbi şəxsiyyətlərin (Y.Əmrə, Nəsimi, Füzuli s.) dilinin öyrənilməsinə də geniş yer verilmiş, həmin ədəbi nümunələrin Azərbaycan dilinin tarixindəki rolu aydın şəkildə tutarlı elmi faktlarla əsaslandırılmışdır. Bu baxımdan alimin yaradıcılığının əsas istiqamətlərindən biri qədim türk dilinin öyrənilməsinə dair əsərləridir. Buraya tədqiqatçının “Kül tiqin abidəsi”, “Qədim türk yazılı abidələri”, “Qədim türk dili” adlı kitabları, həmçinin “Qədim türk dilində hal kateqoriyası”, “Qədim türk dilində kəmiyyət kateqoriyası”, “Qədim türk dilində feilin zaman və şəxs şəkilçilərinin tarixi inkişafı”, “Arxaikləşmiş qədim türk sözlərinin kök morfemlərdəki tarixi izi”, “Türk  mənşəli  sözlərin  ən  qədim  fonoloji sonluğu”, “Qədim türk sözlərinin leksik-qrammatik xüsusiyyətləri”, “Tonyukukun dilində qrammatikləşmiş şəxs əvəzliklərinin şəxs şəkilçiləri ilə müvaziliyi”, “Tonyukuk” abidəsinin leksik tərkibində “novatorluq - ümumişləklik - arxaikliktaleyi yaşayan sözlər” və digər məqalələri daxildir.

İkinci istiqamət Azərbaycan dilinin tarixinə dair tədqiqatlarıdır. Müəllifin bu istiqamətdəki araşdırmalarında dilimizin fonetik, leksikmorfoloji quruluşunun öyrənilməsinə geniş yer ayrılmışdır: Feili frazeoloji birləşmələrin leksik tərkibi (Q.Təbrizinin dili əsasında)”, “Fədainin “Bəxtiyarnamə” əsərinin dilində leksik paralellər”, “Saib Təbrizi dilinin leksikasına dair bəzi qeydlər”, “Omonimlərin leksik-semantik xüsusiyyətləri (Qövsi Təbrizinin dili əsasında)”, “Müasir Azərbaycan dilində arxaikləşmiş qədim türk leksik qatı”, “Fədainin “Bəxtiyarnamə” əsərinin dilində fonetik arxaizmlərin əhatə dairəsi”, “Nəsimi leksikası oğuz qrupu dilləri ilə  müqayisədə”, “Yunus Əmrə “Divan”ında leksik fakt zənginliyinin omonimik mənbəyi”, “M.Əmaninin dilində hal kateqoriyası” və s.

 Bütün bunlarla yanaşı, Qızılgül Abdullayevanın araşdırmalarında türkoloji dilçiliyin çağdaş məsələləri də işıqlandırılmışdır: Türk dili dünya evində”, “Azərbaycan mətbuatına osmanlı türkcəsinin təsiri”, “Azərbaycan və Türkiyə  türkcəsi  paralelliyində ümumünsiyyət faktından ortaq türkcəyə  keçid” və digər məqalələrində müəllifin xaricdə keçirilmiş beynəlxalq elmi konfranslardanüfuzlu dərgilərdə həmin mövzularla bağlı səsləndirdiyi tezislər mütəxəssislərin marağına səbəb olmuşdur.

Azərbaycan türkologiyasında XVII əsr ədəbi dilinin geniş şəkildə tədqiqi Qızılgül Abdullayevanın adı ilə bağlıdır. Alimin uzun illər üzərində gərgin əmək sərf etdiyi “XVII əsr Azərbaycan ədəbi dili” adlı doktorluq dissertasiyasında ədəbi dilimizin araşdırmalardan kənarda qalmış bu mərhələsi ətraflı öyrənilmişdir. Qızılgül xanım bu tədqiqatında Fədai, M.Əmani, Q.Təbrizi, S.Təbrizi, Məsihi kimi sənətkarlarla yanaşı, ilk dəfə olaraq, Rəhməti Paşa, Sadiq bəy Əfşar, Tərzi Əfşar, Zəfər, Məczub, Vəhid Qəzvini, Şah Abbas Kəbir, Şah Abbas Sani və başqalarının yaradıcılığı əsasında XVII əsr Azərbaycan ədəbi dilinin fonetik, leksikqrammatik normalarını tam şəkildə tədqiqata cəlb etmişdir.

Q.Abdullayeva nüfuzlu alim olmaqla yanaşı, həm də peşəkar müəllim-pedaqoqdur. Azərbaycan dilinin tarixinə dair fənlərdən dərs aparan alim özünəməxsus pedaqoq diplomatiyası ilə tələbələrinin qəlbinə yol tapmağı bacarır, onlara düzgün elmi istiqamətlər verir. 

Həm alim və müəllimliyi, həm də şəxsi keyfiyyətləri ilə görkəmli türkoloq, akademik Tofiq Hacıyev məktəbinin layiqli yetirməsi olan Qızılgül Abdullayeva elmi-pedaqoji fəaliyyətində daim bu böyük şəxsiyyətin irsini yaşadır, təbliğ edir və gənc nəslə aşılayır. Mühazirələrində və çıxışlarında həmişə Tofiq Hacıyevin dediyi bir fikri xatırladır: “Mənim yetirmələrim çoxdur. Amma kişi yetirmələrimin içində akademik Nizami Cəfərov, qadın yetirmələrimin içində isə Qızılgül xanım mənim layiqli davamçılarımdır”. Qızılgül Abdullayeva özüqeyd edir ki, “bu mənim həyatımda aldığım ən böyük mükafatdır”. Akademik Tofiq Hacıyev irsinə bağlılıq yalnız Qızılgül Abdullayevanın pedaqoji fəaliyyəti ilə məhdudlaşmır, o həm də elmi yaradıcılığında bu missiyanı uğurla davam etdirir: “Kimlər gəldi, kimlər getdi bu dünyadan” (2016), “Elmi yeniliklərin qovşağında daşlaşan əsər” (2016), “Akademik Tofiq Hacıyevin yaradıcılığında milli dil məsələsi” (2019), “Azərbaycan ədəbi dilinin tarixi”ndəki ilklərin akademik Tofiq Hacıyev ünvanı” (2021) adlı məqalələrində görkəmli alimin həyat və yaradıcılığı ilə bağlı mühüm məsələlərə toxunur.

Qızılgül xanım eyni zamanda gözəl ailə başçısıdır - ANADIR. Ömür-gün yoldaşı, tanınmış naşirpublisist Adil Abdullayevlə uzun illər minbir əziyyətlə irəlilədiyi bu enişli-yoxuşlu və şərəfli yolda cəmiyyətimiz üçün iki layiqli övlad - vətəndaş yetişdirmişdir. Bu ziyalı ocağında boy atan, alim və müəllim kimi yetişən qızı Xatirə Abdullayeva Bakı Slayvan Universitetinin Türkologiya kafedrasının dosenti kimi anasının yolunu layiqincə davam etdirir. Oğlu isə hüquqşünasdır.

Qızılgül xanım gözəl, təmkinli izahları, sanballı fikirləri, elmi mükalimələri ilə daim müsahiblərinin diqqət mərkəzində dayanmağı bacarır. Dəfələrlə şahidiyik ki, o, beynəlxalq qurultaylarda dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin məruzələrini necə maraqla dinləyir. Qızılgül xanım dilimizin tarixinə dair həqiqətlərin türkoloji ictimaiyyətə layiqincə çatdırılması üçün bu cür elm məclislərinə daim aktual mövzularla qatılır, çıxışları bölmələrdə böyük maraqla qarşılanır. Alim türkoloji dilçilikdə öz imzası ilə tanınır, qəbul edilir.

Qızılgül Abdullayeva bu gün də gənclərin əhatəsindədir və yorulmadan elmi-pedaqoji fəaliyyətini davam etdirir. Tələbələr bu dəyərli alimin mühazirələrinə böyük maraqla qulaq asır, gənc müəllim və tədqiqatçılar onun təcrübəsindən faydalanırlar. Tanınmış alim Qızılgül Abdullayeva ölkəmizdə elmin və təhsilin inkişafına sanballı töhfələr verir.  

 

Pərvin EYVAZOV,

BDU-nunTürkoloji araşdırmalar” ETL-nin elmi işçisi

 

Azərbaycan. - 2022.- 30 mart.- S.7.