Azərbaycan tranzit imkanlarını genişləndirir

 

 

Bu gün ölkəmiz dünyada mühüm nəqliyyat qovşağına çevrilib

 

 

 

Hazırda siyasətçilər dünyada baş verən hadisələri İkinci Dünya müharibəsindən öncəki dövr ilə müqayisə edirlər. Artıq dünyanın aparıcı dövlət rəhbərləri açıq şəkildə üçüncü dünya müharibəsindən danışırlar. Bu isə o deməkdir ki, İkinci Dünya müharibəsindən sonra ən gərgin bir dövrü yaşayırıq.

Hamı yeni dünya düzəninin qurulmasından bəhs edir. Ölkələr yenidən tərəf seçib, hansı cəbhədə yer almaq barədə düşünürlər. İndiki gərginlikdə dövlətlərin iqtisadi maraqları siyasi maraqlardan önə çıxıb. Bu üzdən hər bir dövlət iqtisadi maraqlarını qorumaq üçün mübarizə aparır. Birləşmiş Qərblə Rusiya arasındakı gərginlikdə siyasi ambisiyadan çox iqtisadi maraqların önə çıxdığının şahidi oluruq.

Dünyada baş verən bu gərginlik qlobal iqtisadiyyata təsirsiz ötüşmür. Artıq bunun ilk əlamətləri görünür. Enerji daşıyıcılarının və ərzağın qiyməti son bir ay içərisində faizlə deyil, dəfələrlə artıb. Dünya iqtisadiyyatının bu gərginliyə uzun müddət tab gətirməsi mümkün deyil.  Qarşıda yeni iqtisadi və maliyyə böhranının baş verməsi an məsələsidir. Bu da öz növbəsində pandemiyadan sonra yeni sosial gərginliyə səbəb olacaq.

Azərbaycan coğrafiiqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır. Bu üzdən ölkəmizin balanslaşdırılmış və milli mənafeləri qoruyan siyasət aparması vacibdir. Prezident İlham Əliyevin tutduğu siyasi mövqe bu baxımdan bütün dövlətlər tərəfindən təqdir olunur.

Qeyd etdiyimiz kimi, dünyada baş verən gərginliyin əsas səbəbi iqtisadi üstünlüklərin qazanılması uğrunda gedən mübarizədən qaynaqlanır. Amerika dünyada hərbi, siyasiiqtisadi gücdür. Rusiya əsasən hərbi gücdür. Çin isə iqtisadi güc olmaqla yanaşı, siyasi və hərbi təsirini də artırmaq uğrunda mübarizə aparır. Çinin siyasəti tərəflərlə qarşılıqlı iqtisadi maraqlar üzərində qurulduğu üçün cəlbedicidir. Bu üzdən bütün dövlətlər Çinlə əməkdaşlığa can atır ki, bu da ona əlavə güc verir. Çin dünyaya açılmaq, öz ticarətini hər yana yaymaq istəyir. Bu məqsədlə milyardlarla dollar vəsait xərcləyir. Müxtəlif ölkələrdə dəniz limanlarını satın alır və ya uzun müddətə icarəyə götürür.

Onun həyata keçirdiyibir kəmər, bir yol” layihəsində Azərbaycan kilid ölkələrdəndir. Onu da vurğulayaq ki, Ulu Öndər Heydər Əliyev tərəfindən illər əvvəl təməli qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilən  siyasət nəticəsində ölkəmiz şərqlə qərb arasında tranzit qovşağına çevrilib. Aparılan bu uzaqgörən siyasət sayəsində Azərbaycan bu gün dünyanın ən önəmli tranzit ölkəsi halına gəlib. Ölkəmiz şərqdən qərbə, şimaldan cənuba gedən beynəlxalq  əhəmiyyətli marşrutların kəsişməsində yerləşir. Bu da bizə iqtisadi mənfəətlə yanaşı, siyasi dividend də qazandırır.

 

44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə sayəsində  ölkəmiz yeni logistik imkanlar əldə etdi. Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir. Çin, Rusiya və Türkiyə  bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.

 

Ermənistan isə qələbəmizdən sonrakı dövrdə yaranan yeni imkanı düzgün qiymətləndirə bilmədi. Ermənistandakı siyasətçilər Zəngəzur dəhlizinə alternativ olmadığını düşünərək bu faktdan sülh danışıqlarında bizə qarşı təsir vasitəsi kimi istifadə etməyə başladılar. Bu fakt onu göstərir ki, hələ də Ermənistanda həqiqəti dərk edən və dünyada baş verən reallıqları düzgün qiymətləndirməyi bacaran siyasətçilər yoxdur.

Bu il martın 11-də Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib. Tədbirdən sonra Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandum imzalanıb.

Bu sənədin iqtisadi əhəmiyyətinə toxunmadan əvvəlcə onun siyasi əhəmiyyətini vurğulamaq istəyirik. Memorandumun imzalanması Ermənistanla aparılan sülh danışıqlarında əlimizi gücləndirir. Yəni bu ölkə danışıqlarda Zəngəzur dəhlizinin açılmasından siyasi vasitə kimi istifadə edə bilməyəcək. Sənədin imzalanmasından  sonra erməni siyasi dairələrinin şoka düşməsi də bununla bağlıdır.

Bu, Ermənistanın Azərbaycanla münasibətində buraxdığı birinci səhv deyil. “Əsrin müqaviləsi” bağlandıqdan sonra AmerikaAvropa ölkələri Azərbaycana təsir göstərdi ki, neftqaz kəmərləri Ermənistan ərazisindən Türkiyəyə çəkilsin. Onda Ümummilli Lider Heydər Əliyev şərt irəli sürdü ki, bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənilər elə düşünürdü ki, ölkəmiz Qərbin təsiri ilə bu kəmərləri Ermənistandan çəkəcək. Belə olmadıqda ermənilərin təəssüflənməkdən başqa çarəsi qalmadı. Lakin Zəngəzur dəhlizi ilə bağlı həmin səhvi təkrar etdi. Bu fakt bir daha onu göstərdi ki, Ermənistanda rasional düşünə bilən siyasətçilər yoxdur.

İranın Azərbaycanın təklifini dəstəkləyib belə bir sənəd imzalaması hər iki ölkənin bölgədə siyasiiqtisadi nüfuzunu artıracaq, onlar yaxşı mənfəət əldə edəcək. Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və  iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Qonşu ölkə ilə  imzalanan memorandum həmçinin “Şimal-Cənub” dəhlizinin imkanlarını genişləndirəcək. Belə ki,  Rusiya üzərindən ölkəmizə daxil olan yükləri İran üzərindən Fars körfəzi ilə yanaşı, yeni dəhliz vasitəsi ilə Türkiyəyə, Şərq ölkələrinə və Avropaya daşımaq mümkün olacaq.

Onu da xatırladaq ki, ötən il ölkəmiz daha bir tranzit layihənin də əsas keçid ölkə statusunu qazanmışdır. İranla Gürcüstan arasında imzalanan sənədə əsasən iki ölkə mallarını İran vasitəsi ilə Fars körfəzinə Gürcüstandan Qara dəniz limanlarına daşınması barədə razılığa gəlmişdir. Bu dəhlizin Ermənistandan keçməsi üçün qonşu ölkə çox çalışdı. Hətta Nikol Paşinyan bu marşrutun ölkəmizin ərazisindən keçməməsi üçün İranGürcüstana gedib yalvar-yaxar da etmişdir. Lakin bu iki ölkə tranzit marşrutun Azərbaycandan keçməsinə üstünlük verdi. Beləliklə, keçən il dekabrın 22-də Təbrizdən İran, Azərbaycan və Gürcüstan üzərindən ilk yüklərin təntənəli yolasalma mərasimi keçirildi.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dünyanın mühüm nəqliyyat qovşağına çevrilib. Bu gün ölkəmiz şərqlə qərbi, şimalla cənubu, Fars körfəzi ilə Qara dənizi birləşdirən marşrutlar üzrə tranzit ölkədir. Müasir dünya ticarətinin aparılmasında və yüklərin təhlükəsiz daşınmasında önəmli ölkəyə çevrilmişik. Belə hal ölkəmizin siyasi əhəmiyyətini artırmaqla yanaşı, iqtisadi qüdrətinin də yüksəlməsinə imkan verir.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 16 mart.- S.1;3.