Azərbaycanın yeni turizm ünvanı - Suqovuşan

 

İşğaldan azad olunmuş ərazilərimizə 2025-ci ilə qədər 1 milyona yaxın turistin gəlməsi gözlənilir

 

Qarabağ və Şərqi Zəngəzur dünyaya yeni turizm destinasiyası kimi təqdim ediləcək. Bu torpağın turizm potensialı yüksəkdir,  mövcud imkanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün geniş perspektivlər açır. Odur ki, Azərbaycan  dövlətinin işğaldan azad etdiyi ərazilərdə apardığı bərpa-quruculuq işlərində, bölgənin gələcəyi ilə  bağlı planlarında turizmin inkişafı məsələləri önəmli yer tutur. 

Hələ  Vətən müharibəsi  qələbə ilə başa çatdıqdan az sonra Prezident  İlham Əliyev bəyan etmişdir ki, bu yerlər Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək. Hazırda həmin istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Dövlət başçısının cari il  martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyması buna aydın misaldır.

Ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq. Həmçinin əraziyə uyğun bitkilər də əkiləcək. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Burada eləcə də turistlərə xidmət göstərəcək  nəqliyyat vasitələri üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində ağac əkiblər. Beləliklə, kompleksin tikilməsinə start verilib. Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq. Növbəti mövsümdə isə obyekt turistlərə xidmət göstərəcək.

Ümümiyyətlə, görülən işlər sübut edir ki, Qarabağı və Şərqi Zəngəzuru  Azərbaycanın əsas turizm zonalarından birinə çevirmək məqsədi tezliklə həyata keçəcək. Bu ərazinin milli və təhlükəsiz turizm zonası kimi tanıdılmasına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası günün tələbidir. Bütövlükdə bu regionlar turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Məsələn, Laçın və Kəlbəcərin unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini artırır. Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regional ərazilərdən biri hesab edilir. Buranı müalicəvi turizm istiqamətində inkişaf etdirmək mümkündür. Mütəxəssislərin  proqnozuna görə, təkcə Kəlbəcərin “İstisu  mənbəyi  bu rayona turistlərin böyük  axınına səbəb olacaq. Eləcə də bölgənin tarixi abidələri, uca dağları, şış qayaları, yaşıl meşələri, gur çayları buranı turistlər üçün cəlbedici məkana çevirəcək.

Mədəniyyət paytaxtımız Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Burada  istifadəyə  verilən otellər qonaqların qalmaları və rahat istirahət etmələri üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin fəaliyyətə başlaması şəhərin turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq.

Urbisidə məruz qalmış Ağdam şəhərinin isə tamamilə yenidən qurulduqdan sonra işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Xocavəndin Hadrut qəsəbəsinin turizm imkanları da geniş və çoxşaxəlidir. Qəsəbədə və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi-mədəni abidə, o cümlədən qədim alban məbədləri mövcuddur. Onlar qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialları daha da genişləndirir.

Prezident İlham Əliyev keçən il oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir : “Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir ... Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır”.

Qarabağın unikal təbii iqlim xüsusiyyətləri ərazidə  aqroturizmin və kənd turizminin inkişafına da imkan verir. Qələbədən sonra burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini turistlər üçün sevimli istirahət məkanı edəcək.

Bunlar Qarabağın və Şərqi Zəngəzurun böyük turizm potensialı barədə kiçik  ştrixlərdir. İndi bu bölgələrdə  avtomobil  yollarının geniş şəbəkəsi yaradılır. Dəmir yolu çəkilir. Təsadüfi deyil ki, tez  bir zamanda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanını Qarabağın “hava qapısı” adlandırırlar. Hava limanına istənilən tip təyyarələrin eniş etməsi mümkündür. Hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir. İşlər başa çatdırıldıqdan sonra bu bölgəyə yerli turistlərin, eləcə də xarici ölkələrdən səyahət etməyə gələnlərin sayı xeyli artacaq. Beləliklə, üç hava limanı bölgə turizminin inkişafında müstəsna rol oynayacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerlixarici turistin səfər etməsi gözlənilir. Bu isə daha böyük perspektivlərdən xəbər verir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 31 mart.- S.5.