Soyqırımı cinayətləri unudulmayacaq

 

Tarix həmişə mühafizəkar olub - hadisə və faktlar itib-batmayıb, qərinələrlə yaddaşlardan-yaddaşlara köçüb, əbədiləşib. Xalqın tarixə hesabatı kimi nailiyyətləri də, zəfərləri də, xalqın azadlığına, müstəqilliyinə yönəlmiş cinayətlər də, buya digər miqyasda törədilmiş soyqırımlar da, müharibələr də, müharibələrin nəticəsi olan ölümlər də, dağıntılar da heç zaman yaddaşlardan silinmir.

Tarix ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı törətdiklərini də unutmayıb, unutmayacaq. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, 1988-1989-cu illərdə ermənilərin törətdiyi soyqırımlar da unudulmayacaq. Təkcə tarix kimi deyil, həm də bəşəriyyətə haqqa, ədalətə düşmən kəsilənləri ideoloji kursu bəşərilik, dünyəvilik olan dövlətlərə, bu dövlətlərin əhalisinə tanıtmaq üçün qəddarlığı, vəhşiliyi, soyqırımını törədənlərin etirafı üçün.

Tədqiqatçılar müəyyənləşdiriblər ki, 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martına kimi İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd tamamilə dağıdılıb. Bəs dağıdılan kəndlərin əhalisi necə olub? Bu məntiqi suala məntiqi cavab belə olacaq: öldürülüb, özü də qəddarlıqla, vəhşiliklə.

Arxiv sənədləri tarixdir. Bu tarixsə deyir ki, 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi, müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsində qeyd edilir ki, “Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər arasında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri cinayətlər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş və şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili, mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir”. Bu sənəd ermənilərin yüz dörd il əvvəl törətdiyi qırğınların tarixidir. Bu tarix erməniliyin mahiyyətinin nə olduğunu bir daha təsdiqləyir.

Ermənilərin Şamaxı şəhərində və ətraf kəndlərdə mütəşəkkilliklə vəhşiliklər, qırğınlar törətməsi bir neçə gün davam edib. Ermənilərin Şamaxı şəhərinə iki hücumu olub. Maraqlıdır: niyə iki dəfə? Görünür, birinci hücumun nəticələri onların ideoloqlarını, rəhbərlərini qane etməyib. İki hücum nəticəsində Şamaxıda bir neçə min azərbaycanlı qətlə yetirilib.

Quba qırğınları mahiyyəti etibarilə Şamaxı qırğınlarının davamı, törədilmə üsullarına görə isə o qırğınların eynisi olub. Hamazaspın silahlı dəstəsi Quba istiqamətində gedən yol boyu qarşılarına çıxan kəndləri dağıdır, əhalisini vəhşiliklə qırırdı. Törətdiklərini xalqına görə qəhrəmanlıq bilən bu bəşəri qatil xalqının qəhrəmanı olduğunu bildirir, sinəsinə döyərək deyirdi ki, dənizdən Şahdağa kimi bütün müsəlmanları məhv etməliyəm, onların da evlərini Şamaxıda olduğu kimi tamamilə dağıtmalıyam.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkədə siyasi vəziyyəti əsaslı şəkildə dəyişdi. Yeni dövlət xalqın dövləti idibu dövlət xalqı bütün təhdidlərdən qətiyyətlə müdafiə edirdi. Azərbaycanın dövlətçilik dayağı olan milli qüvvələr Osmanlı dövlətinin hərbi yardımı ilə işğal edilmiş ərazilərimizi və Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etməyə səfərbər olundu. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını bolşevik-daşnak qüvvələrindən azad etdi.

1918-ci ildə Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının bir ildə apardığı araşdırmalar əsasında hazırladığı sənədlər azərbaycanlıların soyqırımı tarixinin bir hissəsidir. Xalq Cümhuriyyətinin ilhaq edilməsi bu komissiyanın işini də yarıda qoydu.

1998-ci ildə böyük tarixi şəxsiyyət Heydər Əliyev tarixə işıq salan sənəd - “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı. Bu fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edildi. Böyük siyasi və xəlqi-milli əhəmiyyəti olan bu fərman müxtəlif vaxtlarda, müxtəlif motivasiyalarla azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, görünməmiş vəhşiliklərlə həyata keçirilmiş soyqırımların siyasi mahiyyətini ümumiləşdirən sənəddir. Fərmanda 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, 1988-1989-cu illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi qırğınların, düşmənçilik siyasətinin tarixi kökləri şərh edilir ki, bu da beynəlxalq ictimaiyyətin dünyəvi proseslərə bəşəri münasibətini də formalaşdırır.

Ötən əsrin 80-ci illərinin sonunda Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İmperiyanın dəstəyindən bəhrələnən Ermənistan təkcə Qarabağda deyil, sərhəd rayonlarında kəndlərə hücumlar edir, qırğınlar törədirdi. İşğalçılar tərəfindən Bağanıs Ayrım, Meşəli, Ağdaban, Qaradağlı faciələrinin törədilməsi xalqımıza qarşı həyata keçirilən növbəti soyqırımı cinayətidir. 1992-ci ildə Xocalıda XX əsrin ən dəhşətli soyqırımlarından biri törədildi. Həmin gecə 613 nəfər xüsusi amansızlıqla öldürüldü, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi, 8 ailə tamamilə məhv edildi.

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Heç birimiz olmuşları unutmayacağıq. Hər bir azərbaycanlı bu günün mahiyyətini böyük vətəndaşlıq məsuliyyəti ilə dərk edir.

 

Səbinə XASAYEVA

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2022.- 31 mart.- S.7.