Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayət

 

Soyqırımı cinayəti beynəlxalq hüquq dövriyyəsinə yalnız keçən əsrin ortalarında daxil olmuşdur. 1941-ci ilin dekabr ayında Böyük Britaniyanın Baş naziri Uinston Çörçilin radiodakı çıxışında “adı olmayan cinayət” adlandırdığı soyqırımı 1948-ci ildə müvafiq konvensiyanın qəbul edilməsindən sonra beynəlxalq hüquq leksikonunda vətəndaşlıq statusu əldə etmişdir.

1944-cü ilə qədər “soyqırımı” anlayışı ictimaiyyətə bəlli olmamışdır. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərinin ifadəsidir. İlk dəfə 1944-cü ildə ABŞ-ın Müdafiə Nazirliyində müşavir vəzifəsində çalışan yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Vaşinqtonda nəşr etdiyiİşğal olunmuş Avropada faşist idarəetməsi” kitabında yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos - “nəsil, kök, soysözü ilə latın dilindən caedo - “öldürürəm” sözlərinin birləşməsindən “genosid” (soyqırım) terminini ictimaiyyətə təklif etdi. Hüquqi konsepsiya olaraq “soyqırımı” terminini təklif edən Lemkin onu belə əsaslandırırdı ki, soyqırımı - müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunaraq planlı şəkildə həyata keçirilməsidir.

Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini “bəşəriyyət əleyhinə cinayətlərdə” ittiham etmişdi. Nürnberq beynəlxalq hərbi tribunalının ittiham aktında “soyqırımı” anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədilmiş, nəticədə  tribunalın Nizamnaməsində soyqırımı öz əksini tapmamışdır.

Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırımına məruz qalan az sayda xalqları sırasında Azərbaycan xalqı da var. XIX əsrdən başlayaraq şovinist imperiyaların himayəçiliyi ilə ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarşı törədilən hərəkətlər məhz soyqırımı kimi qiymətləndirilməlidir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən yüzilliyin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı amansızlığına görə ötən əsrin Xatın, Xirosima, NaqasakiSonqmi kimi dəhşətli faciələri ilə bir sırada yer alır.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Azərbaycanın və azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə Heydər Əliyev tərəfindən imzalanmış 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə siyasi qiymətini almışdı. İlk dəfə Heydər Əliyevin fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi torpaqlarının zəbti başlandı. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirən ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerləyeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, bununla özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevraloktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-də iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə onlar bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri gücləndirildi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olundu, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verildi.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunurictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.

1988-ci ildən başlayan əsassız Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerləyeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

Hazırda bu soyqırımı aktını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Parlamentibu sahədə mühüm addımlar atmışdır. Belə ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı hüquqi görüşlərini müxtəlif vəsilələrlə ifadə etmişbu gün də etməkdədir. Bu bir həqiqətdir ki, ölkəmizin parlamentində Xocalı soyqırımının tanınması və Xocalıda baş vermiş erməni vandalizminin mahiyyəti barədə indiyədək kifayət qədər normativ-hüquqi sənədlər, müraciət və bəyanatlar qəbul edilmiş, eyni zamanda soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün çoxsaylı təbliğat tədbirləri həyata keçirilmişdir.

Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, xüsusilə son 19 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail olmuşdur.

Soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquq ictimaiyyəti tərəfindən bir daha araşdırılmalı və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə daim səsləndirilməlidir. Bu baxımdan dövlət və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə razılaşdırılmış fəaliyyət planının hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu, hər bir azərbaycanlını düşündürən və düşündürməli olan ümummilli məsələdir. Nəzərə almaq lazımdır ki, soyqırımı - hər hansı milli, etnik, irqi, dini insan qrupuna yönəlməsindən asılı olmayaraq, insanlıq məfhumuna qarşı olan ağır cinayətdir. Cinayətə qarşı mübarizə aparmaq isə hər bir bəşər övladının borcudur.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuz Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını 44 gün ərzində darmadağın etdi. Azərbaycan 30 il davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdi.

Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi.

 

Adil VƏLİYEV,

MilliMəclisAparatının Sosial qanunvericilik şöbəsinin müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2022.- 31 mart.- S.7.