ADA Universiteti Birləşmiş Ərəb Əmirliklərində
keçirilən “Ali Təhsil İdarəçiləri
Forumu”nda təmsil olunub
Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində Ali Təhsil
İdarəçiləri Forumu (Higher Education Leadership Forum)
keçirilib. Forumun
mövzusu “COVID-19-dan sonra ali təhsilin
yeni istiqamətləri: tələblərə və tələbata
cavab verən ali təhsil ekosistemi” idi (Re-inventing Higher Education
Post-COVID-19 - Towards a Responsive Higher Education Eco-System).
Forum 50
ölkədən 400 nəfərdən çox dinləyici,
40 nəfərə yaxın təqdimatçının
iştirakı ilə çıxış, debat və “dəyirmi
masa” müzakirələri əsasında təşkil edilib. Forumda ADA Universiteti də təmsil olunub. Universitetin akademik
işlər üzrə prorektoru Vəfa Kazdal forumun
yekunlarına dair fikirlərini AZƏRTAC ilə
bölüşüb.
Prorektor bildirib ki, forumda təmsil
olunmağımızın iki səbəbi var idi: birinci səbəb
ADA Universitetinin ali təhsildə mükəmməllik
mükafatı üzrə 90-dan artıq müraciət edənlər
arasından seçilən üç namizəd universitetdən
biri olması idi. Digər iki universitet
Pakistanın Ağa Xan Universiteti və İspaniyanın
dünya reytinqlərində yüksək yerlərdən birini
tutan Barselona Universiteti idi. İkinci səbəb
isə ADA Universitetinin hibrid təhsil ilə bağlı əldə
etdiyi təcrübəni və bu istiqamət üzrə nəzərdə
tutduğu növbəti hədəflərini beynəlxalq təhsil
müəssisələri ilə bölüşmək idi.
Forumda ali təhsil
sahəsi ilə bağlı ən aktual suallar səsləndirildi,
verilən cavablar isə olduqca maraqlı, mühüm və
konkret idi. Əminəm ki, bütün bu suallar və cavablar
bizim ali təhsil ocaqları, həmçinin
tələbələrimiz və onların valideynləri
üçün çox maraqlı olacaqdır.
Forumda aparılan müzakirələr
və əldə edilən nəticələr onu göstərdi
ki, pandemiya ilə əlaqədar ali təhsildə
baş verəcək dəyişikliklərlə bağlı
miflər özünü doğrultmadı. Miflər ondan ibarət
idi ki, pandemiya şəraiti ali təhsil
sistemini radikal şəkildə dəyişdirəcək,
kampuslar əhəmiyyətini itirəcək və ali təhsilin
relevantlığı azalacaqdır.
Əvvəla, ondan
başlayaq ki, pandemiya təhsil sahəsində inqilaba deyil, təkamülə
səbəb oldu. Baş verən dəyişiklikləri, xüsusilə də
texnoloji tərəqqi və əmək bazarında olan prioritetləri
nəzərə alsaq, görərik ki, ali
təhsil öz məqsədində yeni baxış yaradaraq
özünü tamamilə yeniləmir, daha çox təkmilləşmə
prosesindən keçir. Bu hər zaman belə
olub. Cəmiyyət, iqtisadiyyat inkişaf
edib dəyişdikcə, ekosistemin bir hissəsi olan təhsil də
ekosistemlə bir vahidlik təşkil etmək üçün
daima dəyişib təkmilləşir. Hətta
təqdimatçılardan biri təhsil səviyyələri
arasında bir bütövlük və
bağlılığın yaradılması məqsədilə
ekosistemə orta məktəblərin də daxil
olmasının nə qədər vacib olduğunu vurğuladı.
Forumun ən maraqlı hissələrindən
biri pandemiyadan sonra ali təhsilin
relevantlığına dair debat oldu. Debatın moderator və
çıxışçıları Amerika Birləşmiş
Ştatları, Avropa, Cənubi Afrika, Şimali Kipr və Qətər
kimi ölkələrin ali təhsil və
ali təhsil assosiasiyalarında fəaliyyət göstərən,
təhsil siyasətini formalaşdırıb inkişaf etdirən
qərarverici şəxslər idi.
Bu debat zamanı əldə olunan nəticələr
onu göstərdi ki, pandemiya şəraitində ali təhsil sahəsinin relevantlığı və
mahiyyəti daha da qabarıq şəkildə ortaya
çıxdı. Bu dövrdə ərsəyə gələn
startaplar, COVID-19, eləcə də təhsil sahəsi ilə
bağlı aparılan tədqiqatlar, bunların fonunda irəli
sürülən təkliflər və yeniliklər ali təhsilin vaciblik və müvafiqliyinin daimi
olacağının göstəricisidir.
Debatla paralel olaraq forum
iştirakçıları arasında mövzu ilə
bağlı interaktiv sorğu da aparılırdı. Birinci sual
universitetlərin başlıca məqsədlərinin nədən
ibarət olması idi. Universitetlərin ən
vacib vəzifəsinin yeni sosial institutlar olaraq fəaliyyət
göstərməsi və burada dəyərlərin
formalaşdırılması ən çox səs toplayan
cavab oldu. İkinci ən çox səs
toplayan cavab isə yeni sosial era üçün insanları
bir araya gətirmək və təlimləndirmək idi.
Əgər bunlar universitetlərin əsas məqsədləridirsə,
onda əminliklə deyə bilərik ki, ali
təhsil müəssisələrinin mövcudluğu hər
zaman öz aktuallığını qoruyub saxlayacaqdır. Buna
görə də ali təhsil müəssisələri
yeniliklərə açıq olmalı, təkmilləşməli,
eyni zamanda gənclərə müasir dövrün tələblərinə
uyğun özlərini inkişaf etdirmək və potensial
bacarıqlarını reallışdırmaq imkanları
yaratmalıdır.
Bu baxımdan kampuslar hər
zaman öyrənmə və formalaşma prosesinin mühüm
bir komponenti kimi mövcud olmaqdadır. Lakin kampusların
mövcud olma məqsədi dəyişməkdədir. Onlar bilik mərkəzlərindən (knowledge-hub)
sosial mərkəzlərə (social hub) çevrilməkdədir.
Belə ki, kampuslar sinif otağından daha
çox sosiallaşma, əməkdaşlıq, axtarış,
yaradıcılıq və eksperiment üçün
açıq laboratoriya və məkan olmalıdır. Məhz
bu cür kampuslara nümunə kimi sosial mərkəz konsepsiyası
üzərində dizayn olunan, gələcəyə yönəlik
ADA kampus
modelini göstərə bilərik. Hətta bu
konsepsiya ADA Universitetinin genişlənməsi ilə
bağlı strateji planlarında da öz əksini tapıb.
Ümumiyyətlə, ADA Universiteti dizaynla
bağlı istər hazırkı, istərsə də gələcək
strategiyalarında hər zaman sinif otaqlarından çox
geniş əməkdaşlıq və sosiallaşma məkanlarının
qurulmasına önəm verir.
Təhsilin bilik komponenti
artıq virtual kampuslara keçərək onu hibridləşdirir
və beləliklə, təlim prosesinin səmərəliliyini
artırıb zənginləşdirir. Üstünlük “flipped” dərslərə
və daha çox praktikaya əsaslanan, komanda şəklində
aparılan kampus təcrübələrinə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, kampusda olan
mühazirə dərslərinin onlayn şəkildə
keçirilməsi heç də yenilik hesab olunmur. Bu, sadəcə olaraq, bir platformadan digər
platformaya keçiddir. Lakin texnologiya və
pedaqogikanı gücləndirmək, öyrənənlərin
marağını artırmaq, öyrənmə
imkanlarını genişləndirmək - bu, yenilikdir.
Bununla bağlı auditoriya belə bir sual ünvanladı:
“Universitetlərin relevantlığının
artırılması üçün yeniliyə daha çox
harada ehtiyac var: öyrənmə və öyrətmə,
innovasiya, tədqiqat və ya sosial fəaliyyətlər sahəsində?”
Demək olar ki, səslərin çoxu ilk iki təklif
arasında bərabər şəkildə bölüşdü.
Auditoriyanın təəccübünə
səbəb olan məqamlardan biri tədqiqat komponentinin az səs toplamağı idi, çünki
innovasiya və tədqiqat artıq bir anlayış kimi qəbul
edilir. İnnovasiya, demək olar, tədqiqatın
nəticəsidir, belə ki, ən çox yenilik öyrənmə
və öyrətmə prosesində ortaya çıxır.
Öyrənmə və öyrətmə
mühiti innovasiya ilə nəticələnən, startaplara gətirib
çıxaran zəncirvarı ardıcıllıqla
yaradılmalıdır.
Doğrudan da, sürətlə
dəyişən dünyada öyrənmə və öyrətməyə
yanaşmada ciddi dəyişikliklər baş verməlidir. Forumda tələbyönümlü
təhsil məsələsinə dəfələrlə
toxunuldu. Tələbyönümlü təhsildə
tələbənin maraq, ehtiyac və məsuliyyətini
artıran yanaşma özünü göstərir, yəni tələbə
təhsil prosesinin cavabdehlik daşıyan
iştirakçısına çevrilir. Dözümlülük
(resilience) və çeviklik (agility) ən çox qeyd edilən
və zamanın tələb edilən bacarıqları oldu.
Forum boyunca bu iki bacarığı təhsilalanlara
aşılamağın əhəmiyyəti ətrafında
müzakirələr aparıldı. Bununla
bağlı maraqlı suallardan biri o oldu ki, universitet məzunları
əmək bazarına daxil olanda onlarda ən çox
çatışmayan bacarıqlar hansılardır?
Ən çox səsləndirilən cavablar bunlar idi: insani
bacarıqlar (human skills) - tənqidi təfəkkür, problemi
həlletmə, yaradıcı yanaşma və kommunikasiya, həmçinin
biznes bacarıqları - datanın kommunikasiyası, layihə
idarəetməsi, dizayn və innovasiya. Bu
baxımdan dünya təcrübəsi, həmçinin ADA
Universitetinin təhsil modelində olan bakalavr
proqramlarının ümumi təhsil (general education) hissəsi
öz əhəmiyyətini qoruyur və yuxarıda qeyd olunan bacarıqlar
istiqamətində özünü daha da gücləndirməkdədir.
Belə ki, ali təhsil
sahəsi hər zaman olduğu kimi və hətta deyə bilərik,
daha da çox öz aktuallığını və mahiyyətini
qoruyub saxlayır. Hibrid ali təhsil modeli
texnologiya vasitəsilə təhsilin səmərililiyini və
əlçatanlığını artırır, təhsilin
beynəlmiləlləşməsi imkanlarını genişlədir
və təhsilalanın tədris prosesində məsuliyyətini
və cavabdehliyini yüksəldir. Bu modeldə
kampus zəngin, əhatəli, sahibkarlıq
bacarıqlarını formalaşdıran və inkişaf etdirən
laboratoriya və sosiallaşma məkanıdır. Öyrənmə və öyrətmə
yanaşmaları bu modelə müvafiq olaraq tənqidi təfəkkürün,
yaradıcılıq, problemi həlletmə və
sahibkarlıq kimi bacarıqların inkişafına yönəlməlidir.
Forumun ən son hissəsi isə
“dəyirmi masa” müzakirələri idi. Bizim iştirak etdiyimiz
müzakirənin mövzusu təhsil mərkəzləri və
onların müasir tələblərə uyğun
olub-olmamasına həsr olunmuşdu. Burada bir çox Orta
Şərq ölkələrində illərdir fəaliyyət
göstərən beynəlxalq universitetlərin
filiallarının professor və idarəetmə heyəti bu məsələnin
çətinliklərini müzakirə edirdi. Onlar əməkdaşlıq
və tərəfdaşlıq modeli üzərində qurulan
universitet modelinin daha dayanıqlı olduğunu xüsusilə
vurğulayırdılar. Məhz bu səbəbdən illər
əvvəl ADA Universitetinin qurulma dövründə belə
müzakirələr əsnasında rektor Hafiz Paşayev
uzaqgörənliyi ilə ADA-nın milli və qlobal universitet
vizyonu ilə qurulmasını məqsədəuyğun hesab
etmişdi.
Azərbaycan.-
2022.- 31 mart.- S.10.