Avropanın Azərbaycan qazına tələbatı artır

 

Bu tələbatı ödəməyin yollarından biri TAP-ın genişləndirilməsidir

 

Qədim neft diyarı Azərbaycan artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Həm də Azərbaycan qazına tələbat getdikcə artır. İxracın mənbəyi  əsasən "Şahdəniz" olsa da, hazırda işlənən digər yataqların da  yaxın illərdə  istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni  perspektivlər açır.

Qısaca desək, Azərbaycan qazının  bu gününə və sabahına maraq  böyükdür.  Təsadüfi deyil ki, cari il aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevə həmçinin  bu mövzu ilə bağlı bir sıra suallar  ünvanlandırılıb. Dövlət başçısı qaz məsələsinə dair mövqeyimizi ifadə edərək deyib: "Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Bu, 9 milyard kubmetrdən artıq idi. Biz, əlbəttə ki, mövcud müqavilələr əsasında qaz inkişafı layihələrimizi planlaşdırırıq. Hazırkı müqavilələrdə bu qədər həcm nəzərdə tutulub."

Lakin  alıcı, yəni tələbat olarsa,  ilk növbədə mənbələrə baxılmalıdır. Çünki hazırda ölkəmizin  qaz  istehsalının həcmi daxili bazarixrac üçün hesablanıb. Prezident İlham Əliyev  Azərbaycana təkcə İtaliyadan deyil, digər Avropa ölkələrindən də təchizatın artırılmasına dair müraciətlər daxil olduğunu qeyd edərək bildirib:" İlk növbədə bizə mənbələri tapmaq lazımdır. Bu qismən daxildə qaz itkilərinin optimallaşdırılması hesabına olacaq. Bir hissəsi təbii qazın günəş və külək enerjisi ilə əvəz edilməsi olacaq, digər hissəsi isə yeni hasilat hesabına olacaq. Biz yeni yataqlardan hasilatı gələn il üçün gözləyirik. Artıq "Abşeron" yatağında 1,5 milyard kubmetr əlavə qaz var. Digər yataqlardan da gözləntilərimiz var. Əlbəttə, bunun tərkib hissəsi olan qaz kəmərlərinin ötürücülük qabiliyyəti də önəmlidir. "Cənub qaz dəhlizi" qaz kəmərləri sisteminə inteqrasiya olunub."

Belə ki, TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri)   diametrlərinin ölçüləri bir-birindən fərqlənir. TANAP 30 milyard kubmetr, TAP isə 10 milyard kubmetr illik ötürücülük gücünə malikdir. Bu, bazara görə  müəyyənləşib. Yəni Azərbaycan  İtaliyaya 8 milyard kubmetr qaz ixrac etməli idi. Yaxın vaxtlarda əlavə qazın gələcəyi  gözlənilmədiyindən TAP-ın layihəsi fərqli olub.

Bəs TAP-ın imkanlarını genişləndirmək olarmı? Bəli, nasos stansiyalarının sayını artırmaqla, bu mümkündür. Kəmərin  ötürücülük gücü 20 milyard kubmetrə çatdırıla bilər. Beləliklə, İtaliyanın bu gün aldığından iki dəfə çox mavi yanacaq alması mümkündür. Bu məqsədlə TAP komandası bir araya gəlməlidir. Kəmərin səhmdarları onu necə genişləndirməyə dair əlavə sərmayə proqramına razılıq verməli və texniki cəhətdən buna baxılmalıdır. Lakin bu təcili, məsələn,  bir ay ərzində görülə biləcək bir deyil.

Eyni zamanda başqa bir yol da birləşdirici şəbəkələrə sahib olmaqdır. Buna misal kimi, hazırda tikintisi son mərhələdə olan Bolqarıstanla Yunanıstan arasındakı interkonnektor göstərilə bilər. Avropanın qaz tədarükü şəbəkəsini birləşdirəcək digər layihələr də mövcuddur və bunların hamısı proqramda var.

Sözügedən konfransda iştirak edən romalı  tədqiqatçının:"İtaliyanın qazdan asılılığı məsələsində Azərbaycan ən azından müəyyən qədər də olsa, qaz tədarükündə Rusiyanı əvəz edə bilərmi? Ukrayna məsələsindəki qanuni mövqeyimizə görə biz güclü şəkildə Rusiya qazından canımızı qurtarmağı çox istəyirik. Əgər bu, baş verərsə, Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?" suallarının cavabında isə Azərbaycan Prezidenti deyib:  "Biz heç bir zaman Rusiya qazını əvəz etməyi planlaşdırmamışıq. Bu, həcmlərin fərqinə görə mümkün deyil. Bizim Avropa bazarları uğrunda yarışmaq niyyətimiz yoxdur. Biz, sadəcə, Avropa bazarına çıxış istəmişik. Çünki o ən yaxşısıdır. O, qaydalarla tənzimlənir. O sabitdir və ən yüksək qiymət olan bazardır. Bu gün biz müxtəlif istehlakçılara qaz tədarük edirik. Ən yaxşı qiymət Avropadadır. Bu kommersiyadır. Biz heç vaxt Rusiya ilə yarışmaq niyyətində olmamışıq. Bizim enerji siyasətimiz heç bir zaman Rusiya tərəfindən sual doğurmayıb. Bizim heç vaxt heç bir formada sualımız, müzakirəmiz olmayıb. Əminəm ki, bu, bizim Rusiya ilə münasibətlərimizə mənfi təsir göstərməyəcək."

Konfrans iştirakçılarından birinin sualı isə belə idi:"Sülhün bərqərar olması mexanizmi kimi Ermənistana və Qarabağa neft və qazın nəqli məsələsi gündəmdədirmi?"

Məlum olduğu kimi, Qarabağa neft və qazın nəqlinə hələ başlanmayıb. Əlbəttə, Qarabağın hazırda  yenidənqurma işləri apardığımız hissəsində qaz xətlərinin inşası plandadır. İndi  orada elektrik stansiyaları inşa edilir.

Sualın cavabında o da bildirildi ki,  Ermənistandan Xankəndiyə gedən qaz xətti bizim nəzarətimizdə olan ərazidən keçir. Bu yaxınlarda orada qəza baş vermişdibir neçə gün ərzində qazın nəqlində fasilə yaranmışdı. Təəssüf ki, Azərbaycanı  dərhal orada humanitar fəlakətə səbəb olmaqda ittiham etdilər. Yeri gəlmişkən, qeyd edək ki, bu, daha bir ikili standartdır. Çünki Birinci Qarabağ müharibəsi başlayanda ermənilər Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən qaz xəttini kəsdilər və 15 il ərzində o zaman 400 min əhalisi olan Naxçıvan təbii qazsız yaşadı.

Dövlətimizin başçısı sözügedən suala cavabın yekununda deyib: "Mən bilmirəm, gələcəkdə necə olacaq? Bizim enerji ehtiyatımızdan istifadəyə ehtiyac yaranarsa, bu, daha rahat ola bilər. Çünki Ağdamdan Xankəndiyə qazın nəqli daha ucuz başa gələr, nəinki həmin qazın Rusiyadan Gürcüstana, oradan Ermənistana və daha sonra isə Azərbaycana, Xankəndiyə nəqli. Yəni belə bir müraciət olsa, biz onu nəzərdən keçirərik."

Konfransda 10 il müddətində regionun hansı hal ala biləcəyi və Azərbaycanın Cənubi Qafqaza töhfəsi ilə bağlı  söhbət gedəndə də nəhəng neft-qaz kəmərlərimizin adı çəkildi. Belə ki, ölkəmiz regional enerji və nəqliyyat layihələrinin müəllifi olaraq artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynayıb. Bu da o öz növbəsində  geniş Avropa əməkdaşlığı üçün təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı. Çünki BTC olmasa, qaz kəməri inşa edilməyəcəkdi.

İndi ölkəmiz yenə də mühüm layihələr reallaşdırmaqdadır. Odur ki, Prezident İlham Əliyev deyib: "Azərbaycana gəldikdə, hesab edirəm ki, 10 il müddətində, əlbəttə ki, biz qat-qat güclü olacağıq. Mən ümid edirəm ki, o vaxta kimi və bəlkə, hətta ondan da əvvəl Ermənistanla olan bütün bu anlaşılmazlıqlar və problemlər öz həllini tapacaqdır. Cənubi Qafqaz regionu möhkəm şəkildə inteqrasiya edəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaqdır. Bunun üçün imkanlar mövcuddur. Beləliklə, layihələrin müəllifi və əlbəttə ki, Cənubi Qafqazda artmaq üçün böyük potensialı olan, böyük iqtisadiyyatı olan ölkə kimi".

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 5 may.- S.10.