İlmələrin rəqsi

 

Hər naxış bir əsərin iplərə həkk edilmiş bənzərsiz mənzərəsidir

 

5 May Xalçaçı Günüdür

 

İlmələrin atıldığı aləmdəyik...

Elə bir aləm ki, görünən hər naxış onu toxuyan əllərin sehrindən çıxır.

Burada duyğular ilmə-ilmə çiçəklənib sənətə çevrilir. İlmələrin yaratdığı çinlərin fərqli füsunkarlıqla bir arada birləşdiyi bu məkanda milli ornamentlərimizi özündə əks etdirməklə yaradılan sənət əsərləri tariximizin qədimliyindən xəbər verir.

Həmin sehrli əllərin sahibləri ilə görüşüb işlədikləri çətin, amma çox maraqlı prosesə şahidlik etmək, bu sənətə daha yaxından bələd olmaq üçün yolumuzu "Azərxalça"nın İsmayıllı filialının xalça emalatxanasından salmışıq...

 

Rənglərin, naxışların, süjetlərin ahəngi

 

Dəzgahların qarşısında oturan xanımlar diqqətlərini toxuduqları xalçaya cəmləyib, yalnız arabir başlarını qaldıraraq çeşnilərə nəzər salırdılar. İşlərini hədsiz sevgi və ustalıqla gördükləri o qədər bəlli idi ki, sanki ətrafda dünya dağılsa belə, xəbərləri olmayacaqdı. Sürətlə toxuyan əllər bir göz qırpımında qığılcımtək itir, hər ilmə xalçanın yaradılması üçün tələsib öz yerini tuturdu.

Bir dəzgahın önündən keçəndə isə rəng, naxış və süjetlərin ahəngi insanı sanki fərqli diyarların kandarından alıb uzaqlara - səfalı bağlara, atların çapıldığı düzlərə, yamyaşıl örpəyə bürünmüş dağlara, dərələrə aparırdı. Səhərin ən gözəl çağında işə başlayan toxucuların xoş ovqatı gülüş səslərindən duyulurdu.

Müəssisənin direktoru Dilşad Hüseynova deyir ki, xalçaçılıq milli, mədəni tariximizin ən qədim və bənzərsiz məşğuliyyət sahəsi olub, bizi beynəlxalq aləmdə əfsanəvi əsərlərin yaradıcılarına çevirib. Yazılı mənbələrdə qeyd edilir ki, xalqımıza bu sənət eramızdan əvvəlki tarixdən yadigardır. Bu sahədəki bacarığımızı da elə əcdadlarımız iliklərimizə "toxuyub". Rənglərin harmoniyası, müxtəlif çalarlı naxışların toplusundan meydana gələn təxəyyül nümunələrinin üzərində gəzməklə zamanda səyahəti reallaşdırmaq olar. Hər xalça bir kompozisiyanın iplərə həkk edilmiş əbədi mənzərəsidir.

 

İlmələrin fərqi, xalçaların uzunömürlülüyünün sirri

 

Müəssisədə İsmayıllının ən təcrübəli toxucuları işləyir. Hazırda kollektiv 92 nəfər toxucu qadın, 13 nəfər texniki işçi olmaqla, 105 nəfərdən ibarətdir. Hər bir işçiyə rahat və əlverişli mühitdə çalışmaq üçün şərait yaradılıb. Müəssisənin yeməkxanası və işçiləri daşıyan xüsusi nəqliyyatı da var. Nahardan əlavə müəyyən saatlardakı çay fasiləsi də onların ehtiyaclarına ən uyğun formada təyin edilib.

Direktor bildirir ki, 2019-cu ildən fəaliyyətə başlayan İsmayıllı filialı bölgələr üzrə fəaliyyətdə olan emalatxanalar içərisində öz keyfiyyətli işləri ilə seçilir. Çünki burada müxtəlif növ xalçalar toxunur. Yəni müəssisədə xalçaların toxunma texnikası nisbətən fərqlidir: "Biz birinci ilməni arxadan götürüb daha sonra ara ipləri əlavə edirik. Şimal zonasında isə bu fərqlidir. Onlar ilki öndən götürərək ilmələri atırlar. Arxadan götürülən ilmə isə xalçanın möhkəmliyinin, uzunömürlü olmasının əsasını təşkil edir".

Emalatxanada başda Şirvan xalçaları olmaqla, Bakı, Qarabağ, Naxçıvan və s. kimi çox çeşidli xalçaların sifarişləri qəbul edilərək hazırlanır. Onlar həmçinin yeni eksperimental işlərinə ipək xalçaları toxumaqla başlayıblar. Hələlik 2 dəzgahda açılan qiymətli ipək xalçaların toxunmasına gələcək vaxtlarda daha çox işçinin cəlb edilməsi planlaşdırılır.

Dilşad Hüseynova bazar tələbatına da nəzər salaraq deyir ki, indiki dövrdə allı-güllü milli xalçalara maraq azdır. Buna görə də, dövrlə ayaqlaşaraq müasir zövqlərə uyğun nümunələr dizayn edib toxuyurlar: "Ən son toxuduğumuz iki xalçaya baxsanız görərsiniz ki, sanki onların kompozisiyasındakı qədim ornamentlər köhnəlmiş, dağınıq haldadır. Belə üslubda hazırlanması isə onun xəbərçisidir ki, xalça köhnəlsə də, dəyərini itirmir, qədim tarixini öz üzərində əks etdirir".

Xalçaların qiymətini yüksəldən daha çox iplərin təbii boya ilə rənglənməsidir. Direktorun fikrincə, bəzən xalçaların baha qiymətə olmasından gileylənənlər olur. Ancaq onlar düşünmürlər ki, bir xalçanın hazırlanması üçün nə qədər əl əməyi və təbii xammaldan istifadə edilir. Emalatxanadakı bütün xammallar təbii boya ilə rənglənir. Digər bir məqam isə xalçanın toxunma müddətidir. Belə ki, bir toxucu 8 saatı müddətində 45x45 ölçüdə olan xalçanın yalnız 1 kvadratmetrini toxumaq gücünə malikdir.

 

Ulu nənələrdən qalan yadigar

 

Emalatxananın əsas dayaq sütunları, əlləri ilə möhtəşəm əsərlər ərsəyə gətirən qoçaq xalçaçı xanımlarla söhbətimiz də çox maraqlı alındı. Yeri gəlmişkən, sexdə hər yaş qrupundan olan toxucuya rast gəlmək mümkündür.

Dəzgahların arası ilə irəliləriyik. Kimisi ilmələri vurub sırasını tamamlayır, kimisi həvə ilə tarazlayır, kimisi isə tamamlanan çinləri qayçı ilə kəsirdi.

4 yaşından xalça toxumaqla məşğul olan Kəmalə Abbasova söyləyir ki, bu sənətkarlıq ona ulu nənəsindən yadigardır. Peşəkar toxumağı isə anasından öyrənib: "Yadıma gəlir, çox balaca idim, ancaq dəzgahı görən kimi sevincimin hədd-hüdudu yerə- göyə sığmırdı. Elə qaçıb önündə oturaraq balaca ipi güclə tutan əllərimlə xalça toxumaq istəyirdim. Xalçaçılığa olan vurğunluğum da bu gün məni buralara gətirib çıxardı".

Kəmalə xanım onu da qeyd edir ki, ən sevdiyi xalça növü Quba xalçaçılıq məktəbinə aid olan "Qollu-çiçi" xalçalarıdır. Bu xalçaları toxumaq çox çətin olsa da, hər ilmənin verdiyi zövq tamam başqa olur.

50 illik toxuculuq təcrübəsinə malik Reyhan xanım isə bildirir ki, bu sahəyə marağı rəsm sayəsində yaranıb. Uşaqlıqdan rəngləri, naxışları, ümumiyyətlə, rəsmləri çox sevirmiştale elə gətirib ki, yolu rəssamlıqla yox, xalçaçılıqla kəsişib: "Hazırda toxuduğum bu xalçanın eskizini mən çəkmiş olsaydım, yəqin ki, adını "Yaz çiçəkləri" qoyardım. Könüloxşayan xalçaları tapmaq çətindir. İndi sanki öz rəsmimin xalçasını toxuyuram".

 

Sənətinin vurğunları

 

Dəzgahların arası ilə getdikcə müxtəlif növ xalçaların toxunduğunu görürük. Onların fərqini isə yalnız üzərlərində asılan eskizlərdən və saplardan aydınlaşdırmaq olur. Xalçalar hazır olduqdan sonra süjet və ornamentlərinə görə necə bir-birilərindən fərqlənirsə, dəzgahdakı nümunələr də rəngarəng saplarından seçilir. Bir tərəfdə daha soyuq rənglər hakimlik edərkən, digər tərəfdə əlvan çalarlara bürünəcək xalçalar göz oxşayırdı. Boydan-boya Qarabağ xalçaları dəzgahları bəzəyir, üzərlərindəki süjetlərdə təsvir edilən şahanə, əzəmətli atlar isə sözün əsl mənasında ipə-sapa sığdırılmışdı.

Buradakı bir çox toxucunun təcrübəsi uşaqlıq illərindən başlasa da, emalatxananın həyatlarında məktəb rolunu oynadığı toxuculara da rast gəldik. Ayşən Musayeva emalatxana açılan vaxt ilk dəfə burada ilmə vurmağı öyrənən xanımlardandır. Deyir ki, xalçaçılığa böyük marağı olsa da, daha öncə hər hansısa bir yerdə öyrənmək fürsəti olmayıb. Buraya gələndən sonra elə əyləşdiyi dəzgahın toxucuları ona əsl müəllim olublar. İndi isə Ayşən xanımla birgə xalça toxuyan yoldaşları bildirirlər ki, gənc toxucu onlardan da peşəkardır.

Dəzgahları gəzdikcə fərqli hekayəli toxucularla rastlaşırıq. Müəssisənin təzəcə ipək xalça toxunmağa başlanılan dəzgahında Sevda xanım və qızı Yeganə ilə də tanış oluruq. Sevda xanım söyləyir ki, ipək xalça toxumağın texnikası da yunda olduğu kimidir. Lakin bu xalça növünün xammalı olduqca incə və sürüşkən olduğundan üzərində səbir, diqqət və ehtiyatla işləmək lazımdır. Sapların hamarlığı isə hər toxunuşda xüsusi hüzur bəxş edir. Sevda xanım qızına ilmə vurmağı özü öyrətsə də, təvazökarlıqla onun indi özündən yaxşı toxuduğunu da dilə gətirir.

Xalçaçılarla həmsöhbət olduqca məlum oldu ki, emalatxananın ən gənc toxucusu 20 yaşlı Nərmindir. Nərmin deyir ki, bura gəlməyinə səbəbkar müəssisədə işləyən xalası olub. Lakin bir müddət sonra xalası buradan ayrılsa da, o, emalatxanada qalaraq sənəti öyrənməyə davam edib: "Öyrəndiyim müddətdə bir çox peşəkar toxucularımızdan dərs almışam. Onların əlinə baxıb üsulları mənimsəməyə çalışdıqca mənə elə gəlirdi ki, heç vaxt öyrənə bilməyəcəm. Elə ki, özüm ilk dəfə dəzgahın arxasına keçdim, onda anladım ki, bu işi bilməyin ən uğurlu yolu toxumağa başlamaqdır. Hazırda sərbəst şəkildə xalça toxumanın bir çox sirlərinə yiyələnmişəm".

65 yaşlı Rəfiqə xanım isə müəssisənin ən qocaman xalçaçısıdır. O bildirir ki, fəaliyyətdə olduğu uzun illər ərzində hər toxuduğu xalçanın özəl yeri olub. Bəzən ona elə gəlir ki, toxuduğu xalçaları digərləri onun gördüyü kimi görmür. Onlar Rəfiqə xanım üçün daha əziz, daha doğmadır.

Gülərüz, mehriban kollektivin hər bir üzvü xüsusi diqqətlə öz peşələri ilə bağlı məqamları işlərinin başındaca bizimlə bölüşürdülər. Onların sənətlərinə duyduqları sonsuz sevgi isə hər hallarından bəlli idi.

Sənətkarlarla söhbətləşdikdən sonra emalatxanadakı Qarabağ xalçalarından birinin toxunduğu dəzgahın arxasında əyləşib Dilşad Hüseynovanın müşayiəti ilə vətənimizi dünyada təmsil edəcək xalçaya  bir neçə ilmə də biz atırıq. İlmə atdığımız xalçanın daha uzaqlara daşınacağı, diyar-diyar gəzəcəyi sevincini daxilən yaşayaraq fərəhlənirik və tariximizi, mədəniyyətimizi xalçalara köçürən sənətkarların peşə bayramlarını təbrik edib xoş təəssüratlarla müəssisədən ayrılırıq.

Bir xalça bir neçə nəslə yadigardır deyirlər. İşləndikcə tarixə çevrilir, misilsizliyə yetişir. Londondakı ViktoriyaAlbert muzeyinin ən qiymətli eksponatlarından olan 1539-cu ilə aid  "Şeyxi Səfi" xalçamızın qürurlu  taleyi isə hər xalqa nəsib olmur.

Hazırda ölkəmizdə xalçaçılıq işində yaradıcılığı ilə seçilən mərkəzlərdən biri olan "Azərxalça" Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Mərkəzin yaradıldığı gün eyni zamanda təqvimə Azərbaycan xalçaçılarının peşə bayramı, yəni Xalçaçı günü kimi düşüb. Dünyanın bir çox ölkələrində xalçaçılıq sənəti mövcud olsa da, ilk dəfə belə bir bayramın qeyd olunması məhz ölkəmizdə həyata keçirilibbu gün Azərbaycan xalçaçıları qədim tariximizin izlərini naxışlarla yun, ipəklər üzərində yaşadırlar.

Bizlərə isə duyğuların ilmə-ilmə çiçəkləndiyi sənətin sahiblərini təbrik etmək düşür.

Gününüz mübarək olsun!

 

Aydan XƏLİLOVA,

 

Azərbaycan.- 2022.-5 may.- S.13.