İlham Əliyevin sülh missiyası

 

Milli dövlət quruculuğu və idarəçiliyinin şərəfli mərhələsini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan həm də Cənubi Qafqazın ən fəal siyasi-iqtisadi aktoru kimi nüfuzunu gündən-günə yüksəldir. Bunu şərtləndirən yeganə amil isə təbii ki, İlham Əliyevin son 19 il ərzində yürütdüyü tam müstəqil siyasətdir.

Hansısa böyük dövlətin və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu ölkənin milli maraqlarından irəli gələn siyasətin müəllifi olan İlham Əliyevin həyata keçirdiyi diplomatiya Azərbaycanı beynəlxalq birliyin etibarlı və nümunəvi dövlətinə çevirib. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də 44 günlük Vətən müharibəsində tarix yazan qüdrətli ordusunda təsdiqini tapır.

 

İlham Əliyevin təşəbbüsü ilə yaradılan beynəlxalq forum

 

Hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış  reallıqlar fonunda yeni missiyasını reallaşdırır - Cənubi Qafqazda sülhün, sabitliyin təmini, müasir əməkdaşlıq platformalarının yaranması.  Bütün bunlar İlham Əliyevin son dövrlərdə keçirdiyi bütün görüşlərdə, tədbirlərdə, konfranslarda səsləndirdiyi fikirlərdə də təsdiqini tapır.

Beynəlxalq birlik, müxtəlif dövlətlər və təşkilatlar tərəfindən səslənən fikirlərə də əsaslanaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu addımı təqdir edilir. İlham Əliyevin söylədiyi kimi, regionda dəyişən reallıqları hətta vasitəçilər də etiraf edir. Həm Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası yerinə yetirmiş ölkələr, həm də Avropa İttifaqı, ATƏT kimi mötəbər təşkilatların İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək nümayiş etdirmələri bunu təsdiqləyən reallıqdır.  

Aprelin 29-da Şuşada, növbəti gün isə ADA Universitetində 23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq forumunda da müzakirə edilən məsələlər, İlham Əliyevin müharibədən öncə və sonra yaşanan hadisələrə çox geniş, ətraflı şəkildə aydınlıq gətirməsi, eləcə də qarşıdakı hədəflər, məqsədlər barədə yekdil münasibət bildirməsi bu prosesin tərkib hissəsi idi.   

Öncə onu deyək ki, bu beynəlxalq forum ötən il məhz İlham Əliyevin təşəbbüsü ilə reallaşıb və elə ilk toplantı da ADA Universitetində baş tutub. Budəfəki forumun ilk iclası isə Cənubi Qafqazın diplomatiya mərkəzinə çevrilən Şuşada reallaşdı. Məhz bu səbəbdən də ümumilikdə forum "Beynəlxalq Şuşa Forumu" kimi yeni ad altında təşkil edilmişdi.

Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi idi. Həmçinin diplomatlar regional əməkdaşlıq və bölgədə ölkələrarası əlaqələri müzakirə edib, bununla bağlı mövcud və gələcək imkanlardan danışıblar. Qeyd edilib ki, Azərbaycan və Ermənistanın birgə əməkdaşlıq edə bilməsi üçün hər iki ölkənin üzərinə böyük öhdəliklər düşür. Bu öhdəliklərin yerinə yetirilməsi etnik qruplar arasındakı təzyiqin aradan qalxması və regionda sülhün təmin olunması ilə nəticələnəcək.

 

Ermənistana təklif olunan prinsiplər sülh sazişi üçün təməl olmalıdır

 

Ümumiyyətlə, dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycana toplaşması heç də təsadüfi deyil. Bu, ilk növbədə təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazda əsas söz sahibi kimi hər zaman öndədir.

İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu forum xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, yeni imkanlarının nəzərdən keçirilməsi və məhz Azərbaycanın Qalib Komandanının formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından real zəmin yaradır.

Prezidentin bu forumda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır.

İlham Əliyev forumda bir daha yeni reallıqlara aydınlıq gətirərək həqiqətləri və Azərbaycanın ümumi istəyini bəyan etdi və Ermənistana da mühüm mesajlar ünvanladı. Prezident dedi ki, Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Bu yaxınlarda isə Ermənistandan müsbət cavab alınıb. Belə ki, rəsmi İrəvan İlham Əliyevin sülh danışıqları üçün irəli sürdüyü 5 təməl prinsipi qəbul edibbu şərtlər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir.

Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına  razılıq verib.  İlham Əliyev bəyan edib ki, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq: "Hesab edirəm ki, nümayiş etdirdiyimizelan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz".

Cənubi Qafqazda sülh gündəliyini Azərbaycanın təşviq etdiyini vurğulayan İlham Əliyev bildirdi ki, bütün istiqamətlərdə təşəbbüs qalib ölkənin əlindədir.

Forumda səslənən suallardan bir daha aydın olurdu ki, bölgənin gələcəyi ilə bağlı beynəlxalq ekspertləri də maraqlandıran məsələlərə Azərbaycan Prezidentinin münasibəti böyük maraq kəsb edir.

İlham Əliyevin verilən bütün suallara konseptual yanaşması bir daha təsdiq etdi ki, bu gün bölgənin rifahı, dayanıqlı sülhsabitliyin təmin olunması Azərbaycan Prezidentinin siyasətinin bir nömrəli prioritetidir.

Ancaq bütün fikirlərində İlham Əliyev bir daha Qalib Komandan kimi qeyd edir ki, sülh sazişi yalnız Azərbaycanın istəyinə uyğun reallaşmalı, məğlub ölkə qaliblə hesablaşmalıdır. İlham Əliyevin dediyi kimi, Azərbaycanın Ermənistana təklif etdiyi prinsiplər sülh sazişi üçün təməl olmalıdır.

Bütün bunlar, "Beynəlxalq Şuşa Forumu", 23 ölkədən 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycana səfəri, onların Qarabağda erməni vandalizminə şahidlik etmələri, dünya birliyinin bu format vasitəsilə məlumatlandırılması əlbəttə ki, İlham Əliyevin dünya səviyyəli, nüfuzlu siyasətçi olmasının bariz təcəssümüdür. Bu toplantılarda, forumlarda Azərbaycan Prezidentinin əsl liderlik keyfiyyətləri nümayiş etdirməsi, dünyada gedən proseslər barədə yüksək məlumatlılıq səviyyəsi, sərrast cavabları bir daha İlham Əliyevin qətiyyətli, prinsipialhumanist lider olduğunu təsdiqləyir.

Bu gün İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativhücum taktikasına əsaslanmaqla davam etdirir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 1 may.- S.4.