Böyük humanist, mərhəmətli rəhbər

 

Azərbaycanın özü qədər əbədi

 

Bu günlərdə respublikamızın hər yerində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi təntənə ilə qeyd olunur. Vətənini, xalqını sevən hər bir vətəndaşımız üçün əziz olan bu tarix ərəfəsində  Ulu Öndər Heydər Əliyevin dövlətimizin və xalqımızın  qarşısındakı tarixi xidmətlərinə nəzər salır, xatirəsinə ehtiramımızı ifadə edirik.

Zaman ötdükcə, illər dəyişdikcə Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi, onun xalqımız üçün gördüyü işlərin miqyasının möhtəşəmliyi daha aydın görünür.  Bu gün möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu tarixi uğurların, inkişafımızın təməlində Ulu Öndərin ideya müəllifi olduğu strategiya dayanır. Azərbaycanı xilas edən, inkişaf yoluna çıxaran Heydər Əliyev həm də elə bir zəngin dövlətçilik bünövrəsi yaradıb ki, heç bir qüvvə onu sarsıda bilməz.

 "Ot kökü üstə bitər" deyib atalarımız. Bəli, Heydər Əliyevin yaratdığı Azərbaycanı, məhz onun siyasi davamçısı, ən layiqli yetirməsi olan İlham Əliyev kimi lider tarixinin ən qüdrətli mərhələsinə çatdıra bilərdi. Bu baxımdan Heydər Əliyevin memarı olduğu, İlham Əliyevin isə daha da qüdrətləndirdiyi, Vətən müharibəsində qalib dövlətə çevirdiyi Azərbaycanımız hər birimizin qürur mənbəyidir.

Aradan onilliklər, qərinələr, əsrlər ötəcək, yeni gələn nəsillərimiz möhkəm təməllər üzərində qərar tutmuş Azərbaycanı daha yüksəklərə ucaldacaqlar. Müasir Azərbaycan dövlətinin memarı, dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Heydər Əliyev isə hər zaman xalqımızın iftixar hissi ilə xatırlayacağı dahi şəxsiyyət olacaq. Azərbaycan yaşadıqca Heydər Əliyev də yaşayacaq, ehtiramla yad ediləcək.

Heydər Əliyev böyük humanist, mərhəmətli rəhbər idi. Ona görə Ulu Öndərin dövlət quruculuğu təliminin əsasında həm də humanizm və insanpərvərlik kimi mənəvi dəyərlər dayanırdı. Bu baxımdan Heydər Əliyevin əbədiyaşar xatirəsinin işığında humanizm prinsiplərinin cəmiyyətimizə verdiyi faydalar daha aydın görünür. Bütün dünyada qeyd olunan 8 May - Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvləri Ümummilli Liderimizin fəaliyyətimizə verdiyi böyük töhfələri minnətdarlıqla anırlar.

AzQAC-ın da taleyi Azərbaycan dövlətinin taleyi ilə oxşardır. 1920-ci ildə Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis olunan cəmiyyət sovet dövründə 70 ilə yaxın Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirib.  Yalnız 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra AzQAC müstəqil fəaliyyətini elan edib.

Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklərin, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan qeyri-hökumət təşkilatlarından biri məhz AzQAC olub. Lakin həmin dövrdə hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması cəmiyyətin inkişafı üçün ciddi maneələr yaradırdı. Hətta müəyyən qüvvələr cəmiyyəti nüfuzdan salmağa çalışırdılar.

Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra AzQAC yeni inkişaf dövrünə qədəm qoyduqurumun fəaliyyətində yeni mərhələ başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası AzQAC-ı öz sıralarına tam və bərabərhüquqlu üzv qəbul etdilər.

Sonrakı dövrdə də Heydər Əliyev AzQAC-ın fəaliyyətinə diqqət və qayğısını əsirgəməmişdir. Heydər Əliyevin 12 mart 2003-cü il tarixdə AzQAC-ın iyirminci qurultayına ünvanladığı təbrik məktubu Ulu Öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi böyük  qiymətdir. "Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirir, onun inkişafı üçün yeni perspektivlər açır. Qurumun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasına daxil edilməsi, Fövqəladə Hallarda Hazırlıq və Yardım Komissiyasında təmsil olunması müstəqil Azərbaycanın nüfuzunun artmasının təzahürüdür", - deyə Ulu Öndər təbrikində yazırdı.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən, Azərbaycanı böyük inkişaf yoluna çıxaran Prezident İlham Əliyev də AzQAC-ın fəaliyyətinə qayğı ilə yanaşır. Olduqca qürurvericidir ki, cənab İlham Əliyevin ilk dəfə prezident kimi fəaliyyətə başladığı aylarda verdiyi qərarlardan biri "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" 31 yanvar 2004-cü il tarixli sərəncamdır.

2007-ci ildə "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunun qəbulu cəmiyyətimizin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün oldu. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən isə hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, üzvlərimizin orden və "Tərəqqi" medalı ilə təltif olunması fəaliyyətimizə verilən ali dəyər olmaqla bizləri humanizm və xeyriyyəçilik kimi müqəddəs missiyamızı daha inamla həyata keçirməyimizə yüksək stimul verib.

Regionda, MDB məkanında nümunəvi bir quruma çevrilən AzQAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının demək olar ki, bütün strukturlarında təmsil olunur. Biz beynəlxalq arenada qəbul olunan qərarlara təsir etmə gücünə malikik, bizimlə məsləhətləşirlər. Bütün bunlar məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının sayəsində mümkün olub. Azərbaycan Prezidentinin təşkilatımızın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırıb. Bu həm də fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisi olmaqla bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət etməyə sövq edir.

Onu da qeyd etmək istərdim ki, biz heç vaxt 8 May - Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü qeyd etmirdik. Çünki 1992-ci ilin həmin tarixində Şuşa işğal olunmuşdu. Lakin indi Şuşa azaddır. Şuşa Prezident İlham Əliyevin qayğısı ilə bərpa olunur, dirçəlir, tarixi şöhrətini bərpa edir. Ona görə biz 8 May - Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü artıq ürəkdolusu və həm də qələbə sevinci ilə qeyd edirik. Bu sevinci bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımız isə sonsuzdur.

Əlbəttə, Vətən müharibəsindəki zəfər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyətinə böyük stimul verir, qarşısında dayanan vəzifələri daha yüksək  əzmlə yerinə yetirməyə sövq edir. Bu mənada əminliklə bildirmək istəyirəm ki, beynəlxalq hərəkatın tərkib hissəsi olan AzQAC Azərbaycanın dövlət siyasətində yer tutan humanizm dəyərlərinə və məramına uyğun olaraq bundan sonra özünün vəzifələrini layiqincə və şərəflə yerinə yetirəcəkdir.

 

Novruzəli ASLANOV

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

 

Azərbaycan.- 2022.- 8 may.- S.9.