Qüdrətli şəxsiyyət

 

Azərbaycanın özü qədər əbədi

 

Tarixə indiyə qədər saysız-hesabsız təriflər verilib. Bu yanaşmalardan hansının daha düzgün olduğunu əsaslandırmaq niyyətində deyilik. Belə bir araşdırma daha çox müvafiq elm sahələrini, ayrı-ayrı cərəyanları təmsil edən mütəfəkkirlərin missiyasıdır. Bununla yanaşı, əgər indiyə qədər tarix haqqında irəli sürülmüş müddəalar arasından seçim etməli olsaydıq, yəqin ki, belə bir fikrə üstünlük verərdik: tarix şəxsiyyət yaradıcılığının nəticəsidir. Ona görə də xalqların taleyində şəxsiyyət amilinin rolu müstəsnadır. Zamanın ən mühüm proseslərini irəli aparan, bu proseslərin mərkəzində dayanan məhz şəxsiyyətdir.

 

Xalqın adamı

 

İnsanların eyni bir məkanda, eyni milli xüsusiyyətlərin, dilin, adət-ənənələrin təmsilçiləri kimi dünyaya gəlmələri hələ xalqın formalaşması, milli dövlətin təşəkkülü və öz mövcudluğunu qoruması üçün kifayət deyil. Əlbəttə, bütün bunlar təməl prinsipləri kimi çox mühüm önəm daşıyır. Amma insanların birliyinə istiqamət vermək, dövlətin ideoloji-siyasi əsaslarını yaratmaq, kütləni xalq kimi formalaşdırmaq üçün qətiyyətli bir ümummilli liderin önə çıxması mütləqdir. XX əsrin ən parlaq şəxsiyyətlərindən olan Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki rolu, ilk növbədə, bu missiyanı həyata keçirmiş lider kimi xidmətləri misilsizdir.

Xalqın əsrlər boyu formalaşan güclü, qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilmişdir. Böyük rəhbər müstəqil Azərbaycan dövlətçiliyinin milli-mənəvi, siyasi, iqtisadi, ideoloji əsaslarını yaratmışdır. Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmişdir və çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir.

Ümummilli Liderin Vətəni qarşısındakı ən mühüm xidmətlərindən biri də azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur. Millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

 

Adil rəhbər

 

Ulu Öndər həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, eyni zamanda ictimai etimada əsaslanır, ən böyük dəstəyi xalqdan alırdı. Heydər Əliyev dühasının böyüklüyü bironun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması idi.

Siyasətə ideyaların realizə vasitəsi kimi yanaşan bu böyük düha sahibi bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmişdir. Məhz bu keyfiyyətləri sayəsində heç zaman kiçik bir qrupun, toplumun lideri olmamış, bütöv bir millətə, xalqa rəhbərlik haqqını təmin etmişdir.

Azərbaycan xalqı sadə bir ailədə dünyaya göz açıb gərgin zəhməti hesabına dünya siyasətinin ən ali mərtəbəsinə yüksəlmiş, böyük nüfüz, söz sahibinə çevrilmiş Heydər Əliyevin qərar tutduğu bu məqamda öz ucalığını görürdü. Ulu Öndər xalqının milli ruhunu, kimliyini təcəssüm etdirirdi. Azərbaycan sərhədlərindən kənarda təmsil etdiyi ölkəni Heydər Əliyevin adı ilə nişan vermək hər bir həmvətənimiz üçün böyük qürur hissi idi. Çünki bu ad təmsil etdiyi dəyərlərlə onu nişan verən hər kəsə ancaq şərəf gətirirdi. Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o dövrdə yaradılmış Azərbaycan ədəbiyyatı, musiqisi, kinosu, təsviri sənəti və eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə bu gün də müşahidə etmək olar. Həmin dövrdə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı.

Heydər Əliyev həmin ağır, gərgin, müxtəlif qadağalarla dolu olan bir zəmanədə Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə edir, onların sıxışdırılmasının qarşısını almağa da müvəffəq olurdu. Bunun ən bariz göstəricisi ondan ibarət idi ki, 1969-cu ildən sonra Azərbaycanda bir nəfər də olsun dissident ziyalı kimi hədəfə alınmamışdı. Bir sözlə, o illərdə biz nadir milli mədəniyyətimizin bütün qatlarını özümüz üçün sanki təzədən açır və yenidən qiymətləndirirdik.

Bu, bir cəsarət nümunəsi idi...

Dahi rəhbər bu nümunəni tarixin başqa anlarında da təkrar-təkrar nümayiş etdirirdi - milli ruhun daşıyıcısı olan ziyalılarımızı təzyiq və təqiblərdən qoruyanda da, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda da, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə Azərbaycan və ümumilikdə müsəlman ölkələri ilə bağlı göstərdiyi təəssübkeşlikdə, prinsipiallıqda da...

Bütün bunlar sovet Azərbaycanının tarixində çox əlamətdar bir dövrün əsasını qoyduğunu təsdiqləyir. Heydər Əliyevin elan etdiyi prinsipideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdi. Ulu Öndərin sovet siyasi arenasında rəhbərliyə gəlişi bütün maneələri dəf edərək ilk növbədə müstəqil düşüncəyə yol açmışdır. Ümummilli Lider dövləçiliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır… Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün..."

 

Dünya azərbaycanlıları üçün qurulan güclü dövlət

 

O, dünyanın hansı qütbündə yaşamasından asılı olmayaraq özünü doğma Vətəninə ruhən, qəlbən bağlı sanan bütün yurddaşları üçün güclü bir dövlət qururdu. Sovet quruluşunun incəliklərinə dərindən bələd olması böyük rəhbərə Azərbaycanı o illərdə üzləşmiş olduğu tənəzzüldən çıxarmaqdan ötrü mövcud imkanları qısa müddətdə səfərbərliyə almağa zəmin yaradırdı. Özünəməxsus qətiyyət və müdrikliklə nail olduğu kompleks inkişaf proqramları bəhrələrini verirdi.

Qısa bir zamanda ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf meyilləri nəzərə çarpmağa başlamışdı. Elmi-texniki tərəqqinin səviyyəsinə, modern texnologiyaların istehsal prosesində tətbiqinə görə Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıraya çıxmışdı. Azərbaycan o zaman bütün SSRİ məkanında ən qabaqcıl kənd təsərrüfatı respublikası kimi irəlidə idi. Mükəmməl infrastruktur sistemi qurulmuşdu. Hətta ən ucqar kəndlərimizə də yollar, elektrik, qaz, su, rabitə xətləri çəkilmişdi. Əhalinin gün-güzəranı getdikcə yaxşılaşırdı, insanların sabaha inamı artırdı. Xüsusilə ziyalı təbəqəsində milli dövlətçilik düşüncəsi formalaşırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki çıxışında Ulu Öndərin sovet dövründəki xidmətlərini qeyd edərək demişdir: "Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici "Qırmızı bayraq" var idi. Yəni, "Qırmızı bayraq" ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu "Qırmızı bayrağı" alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir".

Heydər Əliyev bir neçə ildən sonra öz istiqlalını elan edəcək Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsaslar hazırlayırdı. Milli kadr potensialını formalaşdırırdı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başlamışdı.

Bu dövrdə məhz Ulu Öndərin təşəbbüsü ilə azərbaycanlı gənclərin respublikadan kənara ali təhsil almağa göndərilməsi geniş vüsət aldı. Ötən əsrin 60-cı illərinin sonlarına qədər Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların SSRİ-nin ən yaxşı ali məktəblərində təhsil almalarına süni maneələr yaradıldığı, hətta buna müəyyən limit qoyulduğu halda, Ulu Öndərin hakimiyyətə gəlişindən az sonra hər il ittifaqın nüfuzlu təhsil ocaqlarına müxtəlif, xüsusilə vacib ixtisaslar üzrə biliklərə yiyələnmək məqsədilə göndərilən Azərbaycan gənclərinin sayı dəfələrlə artırıldı. Bu gənclərin çoxu təhsilini başa vuraraq vətəninə qayıtdı və ölkəmizin zəngin intellektual bazasında öz yerini tutdu. Digər bir qismi isə müxtəlif ölkələrdə yaşayıb fəaliyyət göstərərək Azərbaycan diasporunun formalaşması və inkişafına töhfələr verdi.

Ümummilli Liderin dövlətçilik fəaliyyətinin Kreml dövrü də zəngin tarixdir. Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyev Azərbaycana diqqət və qayğıkeşliyini əsirgəmir, milli inkişaf xəttinin daha da yüksəlişi üçün bütün imkanlardan istifadə edirdi. Həmin illərdə dünya ictimaiyyəti üçün Heydər Əliyev təkcə Azərbaycan xalqının lideri deyil, ümumilikdə Şərq aləminin ən nüfuzlu siyasi xadimlərindən biri kimi qəbul olunurdu. Bir sıra xarici ölkələrdə nəşr edilən mətbuat orqanlarının o illərə aid nüsxələri böyük dövlət adamının dünyadakı yüksək nüfuzundan bəhs edən nümunələrlə zəngindir.

Bir faktı da qeyd edək ki, 1987-ci ildə Moskvanın Azərbaycana yönəlmiş riyakar siyasəti qarşısında o zaman SSRİ-də rəhbər vəzifədə çalışan Heydər Əliyev passiv seyrçi, laqeyd gözləmə mövqeyində dura bilməzdi. Ulu Öndər həmin hadisələrlə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubiley mərasimindəki çıxışında deyirdi: "Mən 1987-ci ildə Moskvada Siyasi Bürodan və hökumət başçılığından uzaqlaşdırıldım. Bunun da səbəbi o idi ki, həmin vaxt Qorbaçovunonun tərəfdarlarının Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunmasının qarşısında böyük bir maneə kimi durmuşdum. Mənim Siyasi Büroda olmağım ermənilərdə böyük dəhşət yaratmışdı. Çünki rus imperatorluğununSovet imperiyasının tarixində heç vaxt müsəlman-türk, azərbaycanlı Siyasi Büroda olmamışdı. Tale məni o yüksək vəzifəyə apardı və mən orada öz xalqımın, təkcə Azərbaycan xalqının deyil, müsəlman dövlətlərinin də mənafeyini müdafiə etməyə çalışırdım".

Həmin dövr Heydər Əliyevə münasibətdə M.Qorbaçovun da məkrli məqsədləri var idi. Əvvəla, o, böyük şəxsiyyəti özünə qarşı bir nömrəli rəqib hesab edirdi. Ona görə də Qarabağ avantürası işə düşəndə Qorbaçov birinci Heydər Əliyevdən başladı, sonra isə Azərbaycanı hədəfə aldı. Ulu Öndər vəzifədən kənarlaşdırılandan düz 25 gün sonra Qarabağ problemi meydana atıldı. Lakin bu dəfə də tarix belə siyasətçilərdən müdrik çıxdı. Heydər Əliyev öz həyatını, ömrünü yenə də xalqa xidmətə həsr etdi. Məkrli siyasətçilər isə xalqın yaddaşından birdəfəlik silindi.

 

Xilaskar

 

Tarix keçmiş haqqında gümanlarla danışmağı əhəmiyyətsiz edir. Lakin hər dəfə düşünəndə ki, əgər ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycana siyasətdə təsadüfi kəslər deyil, məhz Heydər Əliyev rəhbərlik etsəydi, ölkəmiz müstəqilliyin ilk illərində üzləşdiyi ağır təlatümləri əsla yaşamazdı və bu, Azərbaycana böyük qurbanlar bahasına başa gəlməzdi.

Əfsuslar olsun ki, bu təlatümlərə doğru ilk addım məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana düşmən olan qüvvələr tərəfindən aktiv siyasətdən uzaqlaşdırılmasından ibarət oldu. Azərbaycan torpaqlarının işğalı planının işə düşdüyü, soydaşlarımızın öz doğma yurdlarından didərgin salındığı, min cür təxribatların hazırlandığı o çətin günlərdə Ümummilli Liderin rəhbərlikdə olmamasının acıları özünü aydın şəkildə hiss etdirdi.

Ölkənin sosial-iqtisadi böhran məngənəsində çırpındığı, ayrı-ayrı bölgələrdə separatçılıq meyillərinin baş qaldırdığı, qanunsuz silahlı birləşmələrin at oynatdığı, insanların bir parça çörəklə sınağa çəkildiyi son dərəcə ağır bir vaxtda Heydər Əliyev xalqın təkidli tələbi ilə dövlətə rəhbərlik missiyasını üzərinə götürdü. Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində xaosa, özbaşınalığa son qoyuldu. Qanunsuz silahlı birləşmələr ləğv edildi. Separatizm meyillərinin qarşısı alındı. Cəmiyyətdə milli birlik, vəhdət təmin olundu. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Bununla da ölkəmiz və xalqımız müstəqil respublikamızın məhv olmasından və milli mənafelərimizə zidd olan meyillərdən qurtulduyeni inkişaf mərhələsinə qədəm qoydu.

Hakimiyyətə qayıdışından sonra Ulu Öndər xaricdəki azərbaycanlıların mütəşəkkil qüvvəyə çevrilməsinə, soydaşlarımızın doğma vətənlə əlaqələrinin möhkəmləndirilməsinə daim prioritet məsələ kimi yanaşırdı. Hər kəsə də təlqin edirdi ki, güclü Azərbaycan diasporu müstəqil dövlətimizin böyük dayağıdır.

 

Dövlətçilik və vətənpərvərlik

 

Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası mənəvi inkişafımızın, Azərbaycanın əbədi müstəqilliyinin təminatçısına çevrildi. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideolojisiyasi sipərə çevrildi, onu zəhərli ideyalardan hifz etdi. Heydər Əliyevin irəli sürdüyü bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqidemokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilmişdir.

Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Ulu Öndər çıxışlarında bir vacib məqamı daim nəzərə çatdırırdı ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik.

Əlbəttə, hər bir ideologiyanın uğuru, ilk növbədə, onu irəli sürən düha sahibinin özünün göstərdiyi nümunədən asılıdır. Bu, mənada Heydər Əliyev ən böyük azərbaycanlı idi. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndər yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarının liderinə çevrilmişdir, Yer üzündə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirmiş, bu istiqamətdə mühüm addımlar atmışdır. Hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə sərəncam imzalamışdı.

Dünyanın ayrı-ayrı ölkələrində yaşayan yurddaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq Ulu Öndər 2001-ci ilin 23 mayında xüsusi sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının

I Qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bununla da Azərbaycan diaspor hərəkatının inkişafında yeni mərhələnin təməli qoyulmuşdur. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Elə həmin ildə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun isə xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirmişdir.

 

Bizi güclü edən dəyərlər

 

Ümummilli Liderin strateji inkişaf kursunu əzmlə davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin azərbaycançılıq amalına sadiqdir. Ölkə rəhbəri qloballaşma dövründə bu ideologiyanı müasir çağırışlara uyğun daha da zənginləşdirmiş, azərbaycançılıq konsepsiyasını bu gün cəmiyyətin təkamülünün ideya əsasına çevirmişdir. Prezident İlham Əliyev bu xüsusda demişdir: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır".

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da azərbaycançılıq ideologiyasının möhkəmlənməsində böyük xidmətləri vardır. Mehriban xanımın təşəbbüsü ilə beynəlxalq səviyyədə həyata keçirilən layihələr, mədəniyyət incilərimizin, milli-mənəvi dəyərlərimizin ölkə sərhədlərindən kənarda geniş təbliği azərbaycanlı milli ruhunu daha da gücləndirir, ölkəmizi multikulturalizm, tolerantlıq məkanına çevirir. Cəmiyyətimizdə milli birliyi sarsılmaz edir. Tarixi zəfərimizlə başa çatmış Vətən müharibəsini də bu birliyimizin gücü ilə qazandıq. Eyni zamanda Vətən müharibəsinə qədərki bir neçə ildə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, dünya erməniliyinin uydurduğu saxta miflərin ifşasında, beynəlxalq ictimaiyyətin respublikamıza qarşı yol verilmiş haqsızlıqlar haqqında ətraflı məlumatlanmasında xarici ölkələrdəki soydaşlarımızın da mühüm rolu var. Bu baxımdan, dünya azərbaycanlılarının Şuşada keçirilmiş 5-ci qurultayı tarixə Zəfər qurultayı kimi düşərək bütün dünya azərbaycanlılarının milli birliyinin, Azərbaycan adına qazanılmış birgə qələbəsinin təntənəsinə çevrildi.

Azərbaycançılıq düşüncəsi, eyni Vətənə, eyni dəyərlərə bağlılıq hissi bizi bundan sonra da hər zaman güclü edəcək, Ulu Öndərin bütün amalları kimi bu işıqlı ideal da yolumuza nur saçacaq.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 8 may.- S.11.