Naxçıvanda Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

 

Naxçıvanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Sən elə bir zirvəsən adlı respublika ifa müsabiqəsinin qala konserti və mükafatlandırılma mərasimi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri rəqs nominasiyası üzrə Köçəri yallısı ilə çıxış ediblər. Münsiflər heyətinin yekun qərarına əsasən kollecin komandası birinci yerə layiq görülüb. Yekun konsertdə qaliblərə təşkilatçıların fəxri fərmanları və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, fevralın 1-dən mayın 5-dək davam edən Sən elə bir zirvəsən adlı respublika ifa müsabiqəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Üç minə yaxın tələbənin qatıldığı müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqə 4 nominasiya şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs olmaqla, 3 mərhələdə keçirilib. Naxçıvan Muxtar Respublikasının peşə və orta ixtisas təhsili müəssisələri üzrə aprelin 2-də keçirilən zona müsabiqəsində Naxçıvan Dövlət Texniki Kolleci birinci yerə layiq görülərək respublika müsabiqəsində yarışmaq hüququ qazanıb və göstərdiyi nəticə ilə yarışın qalibi olub.

 

Azərbaycan.- 2022.- 8 may.- S.11.