Azərbaycan dilinin böyük himayədarı

 

Azərbaycanın özü qədər əbədi

 

Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Ana dilimiz tariximizin qədimliyinin, mədəniyyətimizin özünəməxsusluğunun göstəricisidir. Bu dil elmi, bədii, üslubi imkanları ilə seçilir. Hələ qədim zamanlardan, yazının kəşf edilmədiyi dövrlərdən ana dilimizdə bir-birindən maraqlı, mənalı, məzmunlu bədii əsərlər yaranıb. Xalqın hafizəsində qalıb, dildən-dilə keçərək nəsildən-nəsilə ötürülüb.

 

Tarixin keşməkeşlərindən keçən ana dilimiz...

 

Azərbaycan xalqının özü kimi dilinin də başı bəlalı olub. Dilimiz tarixin keşməkeşli yollarında çətin sınaqlarla üzləşib, ağır imtahanlardan keçib. Ayrı-ayrı əsrlərdə yurdumuza hücum edən yadellilər yalnız onun zəngin yeraltı və yerüstü təbii sərvərlərini çapıb talamayıblar, həm də onun dilini işğal etmək üçün əllərindən gələni əsirgəməyiblər. Beləcə, ana dilimiz gah Azərbaycanı işğal edən ərəblərin, gah da farsların istilasına məruz qalıb. Yağıların işğalı əsrlərlə davam edib. Həmin dövrlərdə ölkəmizi yağmalayanlar onun dilini dövlət dili olmaqdan uzaqlaşdırıblar. Hətta bu dildə elmi və bədii əsərlər yazmaq imkanını da bu xalqın övladlarına çox görüblər. Şairlərimiz, alimlərimiz dünyaca şöhrətli əsərlərini ərəb, ya da fars dilində qələmə almaq məcburiyyətində qalıblar. Bu da istər-istəməz ana dilimizə mənfi təsir göstərib, bəzi sözlər arxaikləşib, bəziləri unudulub. Təəssüf ki, onlar ərəb, yaxud fars dilində ifadələrlə əvəz edilib.

Tariximizin sonrakı dövrlərində isə Azərbaycan çar Rusiyasının işğalına məruz qalıb. XIX əsrin birinci yarısında imzalanan iki müqavilə - "Türkmənçay" və "Gülüstan" müqavilələri nəticəsində Azərbaycan iki yerə bölünüb. Cənub hissəsinə İran, şimal hissəsinə isə Rusiya sahiblənib. Xüsusilə 1920-ci ildən, Azərbaycan sovetləşmiş Rusiya tərəfindən yenidən işğala məruz qaldıqdan sonra yenidən ana dilimiz çətin sınaqlardan keçməli olub. Əvvəlki dövrlərdə olduğu kimi, o zaman da Azərbaycan xalqı öz doğma dilinə sadiq qalıb. Xalqımızın mütərəqqi fikirli, qabaqçıl övladları ana dilimizin saflığının qorunması, inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi üçün öz bilik və bacarıqlarını əsirgəməyiblər.

 

"...mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm"

 

Ana dilimizin yad təsirlərdən qorunması, inkişafı, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərib. Ümummilli Lider deyirdi: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir".

Xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək dəyərləndirən Heydər Əliyev deyirdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".

Dilimizə ögey münasibət bəslənildiyi, sıxışdırıdığı keçmiş SSRİ-i dövründə Azərbaycan dilini labüd bəladan xilas etmək üçün Ulu Öndər böyük çətinliklərlə üzləşdi. Amma Heydər Əliyevin zəngin təcrübəsi, tariximizə, mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması nəticəsində 1960-cı illərin sonlarından etibarən həyata keçirilən dil siyasəti bu çətinlikləri dəf etdi. Dilçi alim Nizami Xudiyev yazırdı: "Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır".

Respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi üçün Heydər Əliyev böyük qətiyyət göstərdi. Sonralar o, həmin dövrü belə yada salırdı: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".

XX əsrin sonrlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir sıra əhəmiyyətli məsələlər yenidən gündəmə çevrildi. Ana dilimiz bu sırada mühüm yer tutdu. "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir" deyən Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin 31 oktyabr - 11 noyabr tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirəyə çıxarıldı. Yekdilliklə Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul olundu. 1995-ci ilin 12 noyabrında qəbul edilən Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olundu.

2001-ci ilin 18 iyununda Ulu Öndərin imzaladığı "Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanlarından irəli gələn tələblərə uyğun olaraq, respublikamızın ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədlərinin bu dildə aparılması irəli sürülürdü. Eyni zamanda, 2003-cü ilin 2 yanvarında "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanunu"nun qəbul edilməsi dilimizin inkişafı istiqamətində Heydər Əliyevin böyük xidmətlərindən biridir. Həmin qanuna əsasən, idarə, müəssisə və təşkilat adları lövhələrdə ilk növbədə ana dilimizdə, sonra xarici dildə yazılmalıdır.

 

Heydər Əliyevin Azərbaycan gənclərinə arzusu...

 

Azərbaycan gənclərini savadlı, xalqına, onun tarixinə, mədəniyyətinə və mənəviyyatına bağlı görmək istəyən Heydər Əliyev bildirirdi ki, hər bir Azərbaycan gənci birinci növbədə gərək öz dilini, ana dilini bilsin: "Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin".

Bir çox məsələlərdə olduğu kimi, ana dilinə münasibətdə də Heydər Əliyev gənclərə nümunə göstərirdi. O bildirirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm".

O, gənclərlə görüşlərindəki çıxışlarında ana dilimiz haqqındakı yüksək fikirlərini dilə gətirirdi. Tələbələrlə görüşlərinin birində Ulu Öndər Heydər Əliyev vurğulamışdı: "Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz varonu heç bir şeyə dəyişmək olmaz".

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 8 may.- S.12.