Ruhumuzun Şuşa məqamı

 

1 il öncə Zəfər qalamız mədəniyyət paytaxtı elan edildi

 

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Dinləməkdən doymadığımız, təkrarlamaqdan usanmadığımız, qulağımızda xoş sədaya, dilimizdə müqəddəs himnə çevrilən bu üç cümlədən ibarət dünyalara dəyər sözləri Müzəffər Komandan İlham Əliyev Şuşanın azadlığı günü bütün dünyaya hayqıranda, sanki illərdir öləzimiş ruhumuza abu-həyat saçıldı. 2020-ci il noyabrın 8-nin Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldığı o möhtəşəm gün Azərbaycan xalqı illərin Vətən həsrətindən, intizarından bilmərrə qurtulub qürur zirvəsinə yüksəldi. 30 ildir üzərində daşıdığı dərd-qəm yükünü, məğlubiyyət acısını atıb qalib xalq olaraq vüqarla əbədiyyətə yol aldı...

 

Təqvimdəki qara haşiyəli günlər  al-qırmızı Zəfər rənginə boyandı

 

Heç insan da hansısa günə, aya, ilə nifrət edərmi?!

Təəssüf ki, düşünəndə belə qəribə görünən bu hissi Azərbaycan xalqı olaraq düz 30 il yaşamışıq... Təqvimimizdə qara haşiyəyə alınan o gün, o ay, o ilə qarşı...

Düz bir qərinəlik zaman dilimində 8 may 1992-ci il tarixini heç sevməmişik, qəbullanmamışıq və bu təqvimi al-qırmızı Zəfər rənginə boyamayana qədər ürəkdən şadlanmağı özümüzə haram saymışıq...

And içmişik ki, Şuşanı azadlığına qovuşdurmayana, işğalda qalan digər əzəli yurd yerlərimizi yağı tapdağından azad etməyənə, düşmənə layiqli cəzasını verməyənə qədər üzümüz gülməyəcək, qəlbimizdə alovlanan qisas atəşi sönməyəcək.

Şükürlər olsun Tanrıya, xalqımızın taleyinə 8 noyabr 2020-ci il kimi min illər sonra belə qürurla yad ediləcək əfsanəvi bir tarix yazdı. Təqvimdə qara haşiyəyə alınmış əzəli torpaqlarımızın işğal günləri bayram günlərinə, Qarabağımızın baş tacı Şuşanın azadlıq günü isə Zəfər  tariximizə çevrilərək salnamələrimizə əbədi həkk olundu...

 

Şanlı qələbə tariximizi xəyanətkarların vurduğu qara damğadan təmizlədi

 

İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuzun cəmi 44 gün ərzində qazandığı bu fəxarətli qələbə, həm də xalqımızın adını, tariximizi xəyanətkarların vurduğu qara ləkələrdən təmizlədi, alnımızı açıq, başımızı uca etdi.

1992-ci il mayın 8-də Şuşa düşmənin "hünəri" ilə deyil, məhz hakimiyyət hərisliyinə qapılaraq, bu yolda hətta Vətəni belə satmaqdan geri durmayan satqınların xəyanəti sayəsində işğal altına düşmüşdü. Təəssüf ki, tariximizin bu cür utandırıcı səhifələri də var və millət olaraq biz heç zaman o xəyanət günlərini unutmayacağıq.

Prezident İlham Əliyevin dediyi kimi, Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idibu faciənin günahkarları da AXC-Müsavat cütlüyü idi: "Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, ovaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi".

Tarixi faktdır ki, məhz o xəyanətkarların hakimiyyətinin satqın və naşı siyasəti, səbəb olduqları siyasi böhran nəticəsində digər rayonlarımız da işğal altına düşmüşdü.

44 günlük Vətən müharibəmiz sayəsində sapı özümüzdən olan baltaların tutduqları xain əməllərin ağır və acı nəticəsi, bais olduqları məğlubiyyət şanlı Zəfərlə əvəzləndi.

Haqq yolunda çıxdığımız Vətən müharibəmiz, torpaqlarımız uğrunda qanlı çarpışmaya çıxmağımız və insan gücünün xariqində olan əzmlə Şuşanı, Qarabağımızın baş tacını azad edərək düşməni qarşımızda baş əyməyə məcbur etməyimiz bütün düşmənlərimizə də, dünyaya da gücümüzü, qüdrətimizi sübut etdi.

 

Mədəni dirçəliş

 

28 ildən sonra azadlığına qovuşdurulan Şuşa, 2021-ci ilin 14 yanvarında ikinci bayramını yaşadı, xoşbəxtliklə doğmalarına qucaq açdı... Qüdrətli sərkərdə İlham Əliyevin Şuşaya qalibiyyət səfəri etməsi və məhz bu doğma diyara Şuşanın əbədi sakinləri - qələbəmizin rəmzi Natəvanın, Üzeyir bəyin və Bülbülün büstləri ilə qayıtmasından fəxr duydu...

Çox keçmədən Şuşada qələbə tonqalları alovlandı, məscidlərindən azan sədaları ucaldı, quruyan bulaqları çağladı, solan xarıbülbülləri açıldı...

Şuşa bir daha duydu, hiss etdi ki, daha şan-şöhrətli, çal-çağırlı günlərinə qanad açıb və dünya var olduqca bir daha başında duman-çən olmayacaq.

Elə o da təsadüfi olmadı ki, Azərbaycan xalqının qəlbində büllurdan taxt ucaltmış alınmaz qalamız Şuşa Prezident İlham Əliyev tərəfindən düz bir il əvvəl mədəniyyət paytaxtımız elan edildi.

2021-ci il  mayın 7-də imzalanan sərəncamla Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği başlıca məqsədlər kimi müəyyən olunub.

 

Bərpaolunan tarixi ənənələr

 

Tarixi qərardan cəmi beş gün sonra, mayın 12-si və 13-də Şuşada yenidən şöhrətli "Xarıbülbül" festivalı keçirildi. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalqklassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu. "Xarıbülbül" festivalında Azərbaycan xalqı bir daha bütün dünyaya öz birliyini nümayiş etdirdi.

Qürurlu Qarabağ zəfərimiz illərdən sonra  Şuşada ənənəvi şeir bayramımız olan "Vaqif Poeziya Günləri"nin də bərpasına rəvac verərək sənətsevərlərin, ümumilikdə Azərbaycan xalqının sevincinə səbəb oldu.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və mənfur erməni qəsbkarlarının işğalçılıq siyasəti nəticəsində yarımçıq qalan mədəni tədbirlərimizdən olan "Vaqif Poeziya Günləri" 2021-ci ilin 30 avqustunda yenidən Şuşada keçirildi.

Ötən ilin 18 sentyabrında isə Milli Musiqi Günümüzü dahi Üzeyir bəyin doğma şəhərində - Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada, elə dahi bəstəkarın heykəlinin yerləşdiyi parkda təntənəli şəkildə qeyd etdik. Şuşadan, Üzeyir bəy nəfəsindən, ruhundan qanadlanan möhtəşəm əsərlərin sədası Şuşanın dağlarından bütün Qarabağa, Azərbaycana, dünyaya səs saldı...

 

Şuşanın yeni növrağı

 

 "...Mən yeni ili "Şuşa ili" elan edirəm..."

Bu möhtəşəm xəbəri isə Prezidenti İlham Əliyev bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə xalqa müraciəti zamanı açıqladı. Dövlət başçısı onu da məlumat verdi ki, bu il 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək.

Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur ünvanıdır. Qarabağın incisi Şuşa 2023-cü ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olmaq kimi müstəsna missiyanı da şərəflə yerinə yetirəcək.

Yaxın günlərdə isə Şuşa "Xarıbülbül" festivalında dünyanı başına toplayacaq.

Mədəniyyət paytaxtımızda keçiriləcək "Xarıbülbül" Musiqi Festivalında müxtəlif ölkələrin folklor kollektivləri də çıxış edəcəklər və bir daha Azərbaycanın mədəniyyət paytaxtından bütün dünyaya dostluq, qardaşlıq və sülh mesajı verəcəklər...

 

Heydər Əliyev Fondunun tarixi missiyası

 

Ümumiyyətlə, Şuşa işğaldan azad olunduqdan dərhal sonra mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr həyata keçirilib. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir.

Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondu birbaşa iştirak edir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, fond azad edilən torpaqlarımızda, o cümlədən Şuşada ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini, mədəni abidələrin bərpası ilə yanaşı, həmbu bölgəmizdə tarixən var olan mədəni ənənələrimizi də bərpa edir.

32 ildən sonra Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan "Xarıbülbül" Musiqi Festivalı, Şuşa işğaldan azad edildikdən sonra, Şuşada yenidən təşkil olunan "Vaqif Poeziya Günləri", fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar" toplusunun, "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması və digər sadalamadığımız xeyli işlər Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin dünyada tanıdılmasına, qorunaraq gələcək nəsillərə ötürülməsinə misilsiz töhfədir.

 

Həqiqətə çevrilən Şuşa arzuları

 

Şuşada həyata keçirilən istər tikinti-quruculuq, istərsə də mədəniyyət sahəsində görülən bütün bu kompleks tədbirlər onu göstərir ki, qədim qalamızın dirçəldilməsi, tarixi əzəmətinə qovuşdurulması dövlət siyasətimizin başlıca prioritetlərindəndir.

Buna görədir ki, Şuşaya səfər edən hər kəs artıq burada erməni vandallığının izlərinin silindiyinin, qalanın milli ruhunun özünə qaytarıldığının, günbəgün çiçəkləndiyinin şahidi olur. Necə ki, Prezident İlham Əliyev Şuşada görkəmli şair Molla Pənah Vaqifin bərpa edilmiş məqbərəsi önündə bu fikirləri qürula səsləndirmişdi: "Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik..."

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 7 may.- S.12.