ADAU-da "Qarabağın təbiəti və ekologiyası" kitabının təqdimatı olub

 

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bəxtiyar Hüseynovun müəllifi olduğu "Qarabağın təbiəti və ekologiyası" adlı kitabın təqdimatı keçirilib.

Təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək kitabın həm elmi əsər, həm də dərs vəsaiti kimi qiymətli mənbə olduğunu diqqətə çatdırıb. Bildirib ki, kitabda Qarabağın əsrarəngiz təbiəti və ekologiyası, işğaldan sonrakı bərpa dövründə aparılan quruculuq işləri də önə çəkilib. Rektor həmçinin diqqətə çatdırıb ki, kitabda müəllifin "Qarabağ Azərbaycandır!" mövzusunda silsilə şeirləri və "Üzün gülsün, Qarabağ" adlı lirik poeması da yer alıb. Sonra universitetin Ekologiya kafedrasının müdiri Musa Bayramov, assistent Mədinə Abışova və başqaları çıxış edərək kitab haqqında fikirlərini söyləmişlər.

Qeyd edək ki, kitabın müəllifi Bəxtiyar Hüseynov 1960-cı il martın 25-də Lənkəran rayonunun Sinovli kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional İdarəsinin əməkdaşıdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan B.Hüseynov 11 kitabın müəllifidir.

 

 Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 21 may.- S.9.