Migel Angel Moratinos: BMT sülh çağırışları edən Azərbaycanı dəstəkləyir

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi: Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq

Mayın 19-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov toplantının keçirildiyi Şuşa şəhərinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində azad edildiyini xarici qonaqların diqqətinə çatdırıb. Nazir deyib: Azərbaycanın dilbər guşəsi olan Şuşada bir araya gəlmişik. Bu gün tədbirdə iştirak edən xarici qonaqlarda sual yarana bilər ki, nəyə görə Şuşa bizim üçün bu qədər önəmlidir? Ona görə ki, Şuşa Azərbaycan mədəniyyətinin özüdür, zənginliyidir və irsimizdir. Bu şəhərin hər daşı bizim üçün o qədər əzizdir ki, hətta Vətən müharibəsi zamanı bizim igid ordumuz yalnız yüngül silahlardan istifadə edərək tarixi abidələrimizə zərər yetirməməyə çalışdı. Bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi plan əsasında Şuşada çox böyük yenidənqurma işləri həyata keçirilir. Şəhərdə infrastrukturun yenidən qurulmasına çox böyük diqqət yetirilir. Hazırda göründüyü kimi, burada sosial infrastrukturun inşasına başlanılıb. Bu yenidənqurma işləri vaxtilə Şuşadan didərgin düşən həmvətənlərimizin tam rahat şəkildə doğma ocaqlarına qayıtmalarına şərait yaradacaq. Əminəm ki, Şuşanın ab-havası sizə müsbət təsir göstərəcək və bu məkanda bundan sonra da bir çox tədbirlərdə sizlərlə bir araya gələcəyik.

Sonra beynəlxalq konfrans panel iclasla işini davam etdirib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçən iclasda TÜRKSOY-un Baş katibi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəni Mülkiyyətlərin Qorunması Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Ebber Ndoro digər qonaqlar çıxış ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliğindən danışıb. Bildirib ki, Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahıya daxil edilib. Çövkən artıq Qarabağla yanaşı, ölkəmizin digər regionlarında geniş yayılıb.

Emin Hüseynov milli-mədəni dəyərlərimizin qorunması təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm xidmətlərini diqqətə çatdırıb.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos konfrans iştirakçılarına videomüraciətində Şuşada keçirilən tədbirdə iştirak edə bilməməsinə görə təəssüfləndiyini bildirib. Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən M.A.Moratinos sülh çağırışları edən Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda, mədəni ruhu geri qaytarmaq üçün hər şeydən əvvəl sülhü bərpa etmək lazımdır. Ali nümayəndə sülh anlayışının sülh naminə fəaliyyətlərin daha sıx şəkildə önə sürülməsinin vacibliyini diqqətə çatdırıb.

BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında da fikirlərini bölüşən M.A.Moratinos ölkəmizin beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib: Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq.

Sonra konfrans iştirakçıları italiyalı fotoqraf Fabrizio Continin işğaldan azad edilmiş ərazilərimizdə lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.

Xatırladaq ki, Şuşada Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf mövzusunda beynəlxalq konfrans mayın 20-də işini davam etdirəcək.

 

 

Azərbaycan.-2022.- 20 may.- S.5.