SƏMA FATEHİ

 

"Bayraktar Akıncı" Zəfərin və qardaşlığın rəmzi

 

Sabah Bakıda başlayacaq "Teknofest Azərbaycan" festivalının proqramı bir-birindən maraqlı müsabiqələrlə, əyləncəli tədbirlərlə zəngindir. Mayın 29-dək davam edəcək festivalın sərgi hissəsində insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş etdiriləcək.

 

Tədbirin əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, Türkiyənin "Türk Ulduzları" və "Solo Türk" aerobatika komandalarının nümunəvi pilotaj uçuşları,  həmçinin reaktiv kostyumda uçan adamın, su üzərində "FLY BOARD" şousunun, külək turbininin, uşaqlar üçün texnoloji üslubda attraksionların təqdim olunması, incəsənət xadimlərinin çıxışları daxildir.

 

Qeyd etdiyimiz kimi, festivalda müasir və maraqlı texnoloji yeniliklər təqdim olunacaq. İzləyicilər tərəfindən xüsusi maraqla qarşılanacaq texnoloji məhsullardan biri də Türkiyənin Baykar şirkətinin istehsal etdiyi "Bayraktar Akıncı" pilotsuz döyüş aparatı olacaq. "Bayraktar Akıncı" həm Bakı səmasında məharətini göstərəcək, həm də festival çərçivəsində sərgidə nümayiş olunacaq. Bu pilotsuz döyüş aparatı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biridir.

 

Festivalda iştirak etmək üçün 2 ədəd "Bayraktar Akıncı" pilotsuz döyüş aparatı bir neçə gün əvvəl Türkiyənin Çorlu bölgəsindən havaya qalxaraq Bakıya uçub. Bununla bağlı  "Baykar" şirkətinin internet səhifəsində yerləşdirilmiş "Üç ölkəni uçaraq keçən "Bayraktar Akıncı" Azərbaycanda!" başlıqlı xəbərdə bildirilir ki, may ayının 21-də havaya qalxan pilotsuz döyüş aparatları Türkiyə hava sahəsini keçdikdən sonra Gürcüstan üzərində uçuşunu davam etdiriblər. Pilotsuz döyüş aparatı Azərbaycanın hava sahəsinə daxil olduqdan 5 saat sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi bir yolçuluğu tamamlayıblar. "Bayraktar Akıncı" 2 min kilometrlik məsafədə birdəfəyə uçuş həyata keçirməklə həm də yeni rekorda imza atıb.

 

Xatırladaq ki, 2021-ci il avqustun 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə silahlanmaya daxil edilən "Bayraktar Akıncı" hazırda Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən aktiv şəkildə əməliyyatlarda istifadə olunur. "Bayraktar Akıncı"nın ordunun xidmətinə verilməsi ilə Türkiyə bu sahədə dünyada ilk üçlüyə daxil olub.

 

Daha üstün texniki xüsusiyyətlərə malik olan "Bayraktar Akıncı"da süni zəkaya əsaslanan texnologiya tətbiq edilir. Bu pilotsuz döyüş aparatı təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulub.

 

"Bayraktar Akıncı"nın ən mühüm özəlliklərindən biri onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də müstəqil rejimdə eniş etməsidir. Bu imkanın sayəsində "Akıncı" kifayət qədər böyük dağıdıcı gücə malik, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən istehsal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 döyüş sursatları, SOM qanadlı raketi, "Gökdoğan" və "Bozdoğan" kimi müxtəlif çeşidli "ağıllı" bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırılan "Bayraktar Akıncı" ümumilikdə  1500 kq faydalı yük daşıya bilir.

 

 Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan bu pilotsuz döyüş aparatı eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edər, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, bazadan 150 kilometr uzaqda tam sərbəst rejimdə əməliyyatlar həyata keçirə bilən bu pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilirlər, bu zaman aparatlar süni intellekt vasitəsilə uçuşlarını və fəaliyyətlərini koordinasiya edirlər. Onlar havada olduqda belə tapşırıqlarının və ya hədəflərinin dəyişdirilməsi, həmçinin ləğv edilməsi mümkündür.

 

"Bayraktar Akıncı"nın havada qala bilmə müddəti 24 saat, maksimal uçuş hündürlüyü 12 min metrdən çox, uzunluğu 12,2, qanadlarının uzunluğu isə 20 metrdir.

 

Qeyd edək ki, "Baykar" şirkətinin istehsalı olan "Bayraktar TB2" pilotsuz döyüş aparatları Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlar zamanı uğurla tətbiq olunub.  Prezident İlham Əliyev "Bayraktar TB2" pilotsuz döyüş aparatının yaradıcıları olan "Baykar" şirkətinin baş direktoru Lütfü Haluk Bayraktarı və texniki direktoru Selçuk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib.

 

Xatırladaq ki, Türkiyənin pilotsuz uçuş aparatları texnologiyalarının memarı  Özdemir Bayraktar  tərəfindən 1986-cı ildə yaradılan "Baykar" şirkəti öz sahəsində dünyanın ən qabaqcıl müəssisələrindən biridir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.- 2022.- 25 may. S. 4.