Paşinyan keçmiş hərbi xuntanın əsl məqsədini açıqladı

 

 

Müxalifət seçkilərdə onlara dəstək olmayan xalqdan intiqam alır

 

 

 

Ermənistanda siyasi qarşıdurmanın daha da dərinləşməsi, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin müddətsiz etiraz aksiyaları davam edir, siyasi vəziyyət gərgin olaraq qalır.

Bir aydır davam edən vətəndaş itaətsizliyi aksiyaları artıq rəsmi İrəvanı ciddi şəkildə narahat edir. Müxalifətin "Müqavimət" hərəkatının üzvləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə daha bir yürüş keçiriblər.

Müxalifətin budəfəki aksiyasına 44 günlük müharibə zamanı ölmüş hərbçilərin yaxınları da qoşulublar. Baş nazirin istefasını tələb edən etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polis Opera Teatrının yaxınlığında Fransa meydanında mitinq keçirilməsinə icazə verməyib. Böyük kütlə İrəvanın Azadlıq meydanından baş nazirin iqamətgahına doğru yürüşə cəhd edib. Amma polis yolları bağlayaraq aksiyaçıları meydana buraxmayıb. Hökumət evinə yön alan aksiyaçılar orada toplaşaraq "Paşinyan, get!", "Müstəqil Ermənistan" şüarları səsləndirib.

Başqa bir məlumata görə, müxalifət düşərgəsində növbəti həbslərin aparılması qərara alınıb. Qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif tədbirlər daxildir.

Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyir ki, hamilə qadının qətlinə görə (Baş nazirin kortecinin vurduğu erməni qadın-red.) hələ də cinayət məsuliyyətinə cəlb edilməyən Nikol Paşinyanın xüsusi mühafizə dəstəsinin rəhbəri nəinki azadlıqda gəzir, hətta səlahiyyətlərini aşan işlərə də baş qoşur. O, yeni-yeni cinayətlər törətməkdə davam edir. Kazaryanın yeni cinayətlər dediyi məsələ isə "ictimai asayişi qoruyan" polis əməkdaşlarına göstərişlərin verilməsidir. İddia olunur ki, Paşinyanın etibar etdiyi bir nömrəli şəxs genişmiqyaslı aksiyalar zamanı kənardan dayanaraq prosesləri idarə edir.

Nikol Paşinyan isə parlamentdəki çıxışında deyib ki, İrəvandakı aksiyaların məqsədi vətəndaşlar və bütövlükdə cəmiyyət üçün mümkün qədər çox narahatçılıq yaratmaqdır. Müxalifətin bütün vasitə və mexanizmlərlə öz mesajlarını cəmiyyətə çatdırmaq üçün bir ay vaxtı var idi. Ümumiyyətlə, bu cür aksiyaların məqsədi cəmiyyəti proseslərə cəlb etmək və  siyasi tələb formalaşdırmaqdır.

O qeyd edib ki, indi proseslər hakimiyyətin əleyhinə deyil, cəmiyyətin əleyhinə gedir. Paşinyanın sözlərinə görə, müxalifətin niyyəti odur ki, insanlar onlara qoşulmasalar, bu qüvvələr paytaxtda daha çox narahatlıqlar, tıxaclar yaradacaqlar. Etiraz aksiyalarının təşkilatçıları vətəndaşlardan onlara qoşulmaqdan imtina etdiklərinə, ötənilki parlament seçkilərinin nəticələrinə görə intiqam alırlar.

Bu arada dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistana daha çox dağıdıcı təsir göstərdiyi nəzərə çarpır. Xüsusən də Rusiyada rublun məzənnəsinin aşağı düşməsi Ermənistan iqtisadiyyatı üçün böyük fəlakət sayılır. Əvvəlki illərlə müqayisədə 2021-ci ildə Ermənistanda xüsusilə ərzaq məhsullarının qiymətlərində 11,5 faiz artım qeydə alınıb. İnflyasiya ilə yanaşı, insanların gəlirləri mütənasib şəkildə artmayıb və bu, erməni əhalisini daha da yoxsullaşdırıb. Ermənistan Mərkəzi Bankı isə inflyasiya qarşısında acizdir.

Ermənistanda ABŞ dollarının məzənnəsi möhkəmlənməyib, ucuzlaşıb. Bu prosesin heç bir obyektiv iqtisadi səbəbi yoxdur. Dolların ucuzlaşması həmin valyutada pul köçürmələri alan ailələrin gəlirlərinə mənfi təsir göstərir. Daxili ixrac da itkilərə məruz qalır. Onu da əlavə edək ki, xarici investorlar dolların "zəifliyi"nə görə Ermənistana marağını itirirlər.

Ermənistan Mərkəzi Bankı da inflyasiya ilə mübarizə üçün maliyyələşdirmə dərəcəsini 1,25 faiz artıraraq 9,5 faizə çatdırıb. Apreldə dolların orta məzənnəsi mart ayı ilə müqayisədə təxminən 26 dram azalıb. Əslində bu, idxal mallarının müəyyən qədər canlanmasına səbəb olmalı idi. Bununla belə, apreldə mart ayı ilə müqayisədə ümumi inflyasiya 2,3 faiz, o cümlədən ərzaq inflyasiyası 4 faiz təşkil edib. Göründüyü kimi, ABŞ dollarının "zəifləməsinə" və yenidən maliyyələşdirmə dərəcəsinin artırılmasına baxmayaraq, inflyasiya səngiməyib, əksinə, sürətlənib.

Bunlar Ermənistanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və ölkənin indi daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 27 may.- S.7.