Böyük qayıdışa əngəl yalnız minalardır

 

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda təhlükəsiz həyatın təmin olunması üçün mühüm layihələr həyata keçirir

 

"Brüssel prosesi" çərçivəsində Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 22-də keçirilən növbəti üçtərəfli görüşün müzakirə mövzularından biri  işğaldan azad edilmiş ərazilərimizdə mina probleminin həlli ilə bağlı idi.

Ümumiyyətlə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda mövcud olan mina probleminin həlli məsələsini bütün beynəlxaq platformalarda qaldırır və bu dəfə də belə oldu.

Üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən təkbətək görüş zamanı da dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri mina problemiBirinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulayıb.

Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib ki, humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirələr aparılıb və itkin düşmüş insanların taleyinə toxunulub.

Göründüyü kimi, Azərbaycanın regionda sülhə və rifaha xidmət edən bütün addımlarında olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda mina probleminin həlli məsələsində də Avropa İttifaqı ölkəmizə tam dəstəyini ifadə edir. Təsadüfi deyil ki, Aİ Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 2,5 milyon avro məbləğində yardım göstərib.

 

Milli prioritet

 

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasından sonra Azərbaycan dövlətinin qarşısında duran əsas milli prioritet keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışıdır. Buna görə də, qələbədən dərhal sonra Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgəsində ərazilərin bərpasına və yenidən qurulmasına başlayıb.

Doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün Qarabağda mühüm layihələr həyata keçirilir. İşğaldan azad edilən ərazilərimizdə infrastruktur bərpa olunur, yollar çəkilir, su-elektrik stansiyaları tikilir, beynəlxalq hava limanlarının təməlləri qoyulur, istifadəyə verilir, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. İşğalçı Ermənistan tərəfindən barbarlıqla dağıdılan, məhv edilən tarixi, mədəni, dini irsimiz bərpa olunur.

Lakin işğalçı Ermənistanın faşist xislətinə xas olaraq torpaqlarımızda saysız mina basdırması bu prosesin tez bir zamanda baş verməsini ləngidən əsas səbəbdir. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir.

Ötən ilin 15 oktyabrında Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında da bu məsələ ilə bağlı bildirdi ki, hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində xeyli sayda insan həlak olub, ciddi xəsarət alıb. Onların arasında KİV nümayəndələri də var.

 

20 min hektardan çox ərazi təmizlənib

 

2020-ci il noyabrın 10-dan sonra işğaldan azad olunmuş ərazilərimizdə 23 min hektardan çox ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 10 mini tank əleyhinə mina, 19 mini piyada əleyhinə mina, 26 mini isə partlamamış hərbi sursatlar olub.

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.

Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tankpiyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. İyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Lakin həmin xəritələrin də dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.

Azərbaycanın 2030-cu ilədək milli prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi qoyulub. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi irimiqyaslı tikinti və bərpa işləri ilə paralel olaraq minatəmizləmə ilə bağlı apardığı sürətli işlər də onu deməyə əsas verir ki, dövlətimiz qarşısına qoyduğu bu hədəfi uğurla icra edir. Həm də Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi ilə bölgədə sülhün, inkişafın bərqərar olmasına töhfə verilir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 26 may.- S.5.