Fransa və Ermənistanın işğalçılıq siyasətində oxşarlıqlar

 

Prezident İlham Əliyev: "Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik"

 

Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirildi. Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərindədir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısına evsahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etdi.

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı tarixi bir gündə təşkil olundu. Zirvə toplantısının açılış mərasimində çıxış edən Prezident

İlham Əliyev dedi: "Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur".

Dövlətimizin başçısı İlham Əliyev zirvə toplantısından öncə Əlcəzair Xalq Demokratik Respublikasının azadlığı uğrunda canından keçmiş şəhidlərə ehtiram göstərərək Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi.

Diqqətə çatdıraq ki, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb.

Milli Mücahidlər Muzeyi ilə tanışlıq zamanı dövlətimizin başçısına Şəhidlər abidəsinin altında yerləşən və 1984-cü ildə açılmış muzeyin kolleksiyasının böyük hissəsinin ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunduğu barədə məlumat verildi. Nümayiş etdirilən kolleksiyalar arasında müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mücahidlərə aid silahlar, arxiv materialları, döyüş əşyaları, fotoşəkillər, sənədlər, eləcə də müqavimət dövründə fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri var. Muzeydə xalq hərəkatının 7 mindən çox iştirakçısının şahid ifadələri toplanıb.

Şəhidlər abidəsi və Milli Mücahidlər Muzeyi yalnız əlcəzairlilərə deyil, bütün dünyaya dəhşətli bir tarixi xatırladır. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Bu səbəbdən Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə isə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.

Tarixi faklar təsdiq edir ki, Əlcəzairə fransızların münasibəti işğal etdikləri digər ərazilərdən fərqlənirdi. Belə ki, digər ərazilərin müstəmləkə olduğu qəbul edildiyi halda, Əlcəzair Fransanın bir hissəsi, dənizarxası ərazisi sayılırdı.

Fransanın Əlcəzairdə apardığı siyasət o qədər qəddar və amansız idi ki, bunu Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasətlə müqayisə etmək olar. Öz azadlığını tələb edən əlcəzairlilərə qarşı Fransa ordusu kütləvi qətliamlar, çoxsaylı müharibə və dəhşətli cinayətlər həyata keçirirdi. Qarabağda yaşayan, erməni işğalına etiraz edən azərbaycanlılara qarşı da eyni cinayətlər törədildi. 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğalına etiraz edən El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirildiyi kimi, 1992-ci ildə Xocalıda da gecəyarısı yerli sakinlər soyqırımına məruz qalmışlar.

Nə Fransanın, nə də Ermənistanın planlı şəkildə həyata keçirdikləri cinayət əməllərinin dinc əhaliyə qarşı törətdikləri qəddarlıqların, qətliamların sayı-hesabı var... Onlardan biri də "Sena qətliamı"dır. O zaman - 1961-ci ilin oktyabrında Parisdə on minlərlə əlcəzairli nümayişə çıxaraq Fransa işğalına qarşı etiraz səsini ucaltdı. Fransa polisinin açdığı atəş, eləcə də etirazçıları Sena çayına atmaları nəticəsində 1500-dək əlcəzairlinin həyatına son qoyuldu. Etirazçılardan mindən çoxu isə həbs edildi. Faciə ilə bağlı Fransa hakimiyyəti səsini çıxarmadı. Yaxın dostu, tərəfdaşı Fransa kimi Ermənistan da heç zaman törətdiyi qətliamlara görə məsuliyyəti boynuna götürmür. 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla, azərbaycanlılara qarşı XX əsrin sonlarında - 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində törədilən qətliamlar arasında bənzərlikləri görməmək üçün kor olmaq lazımdır.

Ermənistan regionda etnik tərkibi dəyişmək məqsədilə 1990-cı illərdə işğal yolu ilə ələ keçirdiyi Azərbaycan ərazilərinə Yaxın Şərqdən və digər regionlardan erməniəsilli şəxsləri köçürdü. Ən böyük himayədarlarından olan Fransanın isə qanunsuz məskunlaşma siyasəti Əlcəzairdə əhalinin 1 milyonunun bu ölkə ilə bağlılığı olmayan avropalıların təşkil etməsi ilə nəticələnmişdi.

Ermənistan işğalından azad olunmuş azərbaycan ərazilərində bu gün kütləvi məzarlıqlar, insan sümükləri aşkar edilir. Fransanın isə müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyü Paris muzeylərində nümayiş etdirilir. Onlardan 500-nün əlcəzairlilərə məxsus olduğu qeyd edilir.

Acınacaqlısı odur ki, dövlət siyasətinin əsas xəttini ikili standartlar və riyakarlıq təşkil etdiyi halda Fransa özünü demokratiyanın tərəfdarı kimi qələmə verməyə çalışır. Əlcəzairdə işğalçılıq siyasətinə etiraz edən günahsız insanları kütləvi şəkildə qətlə yetirmiş, Cenevrə konvensiyalarının tələblərini pozaraq qadağan olunmuş silahlardan istifadə etmiş Fransa eyni vəhşiliyi Qarabağda, Şərqi Zəngəzurda törətmiş Ermənistanın bu gün ən böyük dəstəkçisidir.

Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransanın bu gün Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik verilməsi tələbi isə olduqca gülünc görünür.

Siyasətlərini işğalçılıq, qəddarlıq və riyakarlıq üzərində quran dövlətlər yaddan çıxarmamalıdırlar ki, tarix heç nəyi unutmur. Fransanın əlcəzairlilərə, Ermənistanın isə azərbaycanlılara qarşı törətdikləri qəddar əməlləri də aradan nə qədər zaman keçsə də, tarixi faktlar təsdiq edəcək.

Prezident İlham Əliyev Milli Mücahidlər Muzeyinin xatirə kitabında bu muzeyin Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleks olduğunu qeyd etdi: "Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkəçilik siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".

Xatirə kitabında amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsinin Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunduğunu qeyd edən dövlətimizin başçısı daha sonra yazdı: "Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dostqardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm".

Prezident İlham Əliyev zirvə toplantısındakı çıxışında da bildirdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır: "Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".

Dövlətimizin başçısı Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı: "Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik". Prezident İlham Əliyev Azərbaycanın da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəmədiyini, İslam həmrəyliyinə kifayət qədər töhfə verdiyimizi nəzərə çatdırdı.

Prezident İlham Əliyev iki il əvvəl Azərbaycanın Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoyduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. Vurğuladı ki, aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına Ermənistan məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Soydaşlarımız etnik təmizləməyə məruz qalmışdı. Dövlətimizin başçısı təəssüf hissi ilə diqqətə çatdırdı ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.

Geri dönüb Qarabağı, Şərqi Zəngəzuru düşmənin xarabalığa çevirdiyini görən Azərbaycan xalqı böyük kədər, qüssə hissləri keçirsə də, Zəfər sevincinin üzərinə kölgə düşmədi. Çünki Azərbaycan dövləti dərhal geniş və sürətli quruculuq işlərinə başladı. Bu gün Böyük qayıdış adlanan proqramın icrası uğurla reallaşır. Dövlətimizin başçısı açıqladı ki, bunu öz resurslarımız hesabına edirik, əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 4 noyabr.- S.1; 7.