GDU-da  Zəfər Gününə həsr olunmuş tədbir keçirilıb

 

Gəncə Dövlət  Universitetində (GDU) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təntənəli bayram tədbiri keçirilmişdir.

Şəhər rəhbərliyinin, şəhid valideynlərinin, eləcə də Vətən müharibəsində şücaət göstərən hərbi qulluqçuların və qazilərin iştirakı ilə keçirilən tədbir Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Yusif Yusibov qeyd etmişdir ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin 39 vətənpərvər oğlu da könüllü olaraq cəbhəyə getmiş və torpaqlarımızın yağı düşməndən azad olunmasında iştirak etmişdir. Onlardan 33-ü tələbə, 6 nəfəri isə əməkdaş olmuşdur.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək müharibə dövründə Gəncədə yaşanan hadisələrdən danışaraq bildirmişdir ki, müharibə zamanı düşmən tərəfindən döyüş bölgəsindən xeyli kənarda yerləşən yaşayış məntəqələri atəşə məruz qalmış, Gəncə və digər şəhərlərdə xeyli sayda dinc sakin həlak olmuş, yaralanmış, mülki infrastruktura ciddi ziyan dəymişdir. Lakin Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərərək düşmənə layiqli cavab vermiş  işğal altında olan torpaqlarımızı azad edərək bizlərə qələbə sevincini yaşatmışdır.

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk çıxışında 44 günlük Vətən müharibəsinin ilk günündən qardaş ölkənin, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olduğunu vurğulamışdır.     

Sonra Vətən müharibəsi qaziləri və şəhid ailələrinin nümayəndələri çıxış edərək onlara göstərilən dövlət qayğısından söhbət açmışlar.

Tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı musiqili ədəbi-bədii proqramla davam etmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 5 noyabr.- S. 14.