Hərbi zəfərin diplomatik təminatı

 

Xalqımızı 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə gətirən böyük və şərəfli yolda, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin illər boyu səbirlə, təmkinlə, məqsədyönlü şəkildə apardığı müstəqil xarici siyasət kursunun misilsiz rolu oldu.

Bu kurs böyük Zəfərimizdən sonra da davam edir və Azərbaycanın bu qələbə ilə regionda yaratdığı geopolitik reallıqların beynəlxalq aləmdə qəbul olunmasında, haqlı mövqeyimizin dəstəklənməsində, Cənubi Qafqazın gələcəyi üçün yeni perspektivlərin açılmasında çox mühüm əhəmiyyət kəsb etməsi danılmazdır. Dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasətin nailiyyətləri sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti həyata keçirdiyi düşünülmüş siyasətlə beynəlxalq aləmdə zəngin potensiala malik ölkə kimi nüfuz qazanıb. Artıq müstəqil xarici siyasət milli ideologiyamızın mühüm prioritetidir və ölkəmiz aparılan islahatlarda bu prioriteti daim nəzərə alır.

 

Regionda yeni dönəm başlanır

 

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin zamanında müəyyən etdiyi çoxşaxəli, müstəqil xarici siyasət kursunu ölkəmizin və xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir. Dəyişən dünyanın geosiyasi reallıqlarına əsasən çevik, təşəbbüskar davranışları ilə ölkəsinə daxili siyasətdə olduğu kimi, diplomatiyada da nailiyyətlər qazandırır. Bu siyasətin başlıca məzmunu Azərbaycanın milli dövlətçilik mənafelərinin qorunması və müasir gerçəkliklərə, yaranmış fürsətlərə uyğun şəkildə daha da inkişaf etdirilməsidir.

Prezident İlham Əliyev 30 il boyunca həll olunmamış münaqişəni hərbi-siyasi yollarla aradan qaldırdı, torpaqlarımızın düşməndən təmizlənməsinə, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasına nail oldu. Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, bu adda inzibati ərazi vahidinin olmadığını bizə qarşı yeni oyunlar qurmaq istəyən hər kəsə sübut etdi. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması ilə bu torpaqlarda həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni baxımdan yeni bir dönəmin başlandığı bütün dünya qarşısında bir daha bəyan edildi.

 

Tarixi fürsətlər

 

İlham Əliyev tarixi Zəfərimizin böyük dövlətlər və aparıcı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmasına, Ermənistanın yalanlarının əsaslı şəkildə ifşasına nail oldu. Azərbaycanın haqq savaşındakı bu parlaq qələbəsini ilk növbədə bizə dost dövlətlər, eyni tarixi dəyərləri bölüşdüyümüz, müasir dünya reallıqlarının bizi köklərimizə qaytarıb daha da doğmalaşdırdığı türkdilli ölkələr dəstəklədilər. Türk Şurası kimi tanınan Türk Dövlətləri Təşkilatı tərəfindən ötən ilin 12 noyabrında İstanbulda keçirilmiş VIII Zirvə Göruşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Belə bir təşəbbüslə çıxış edən, Vətən müharibəsinə qədərki illərdə də, müharibə zamanı da, Zəfərimizdən sonrakı diplomatik savaşımızda da daim yanımızda olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ali mükafatı cənab İlham Əliyevə təqdim etdi.

Türk Şurasına tamhüquqlu üzv olan Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın bu birgə qərarı Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına nail olmaqla yaratdığı tarixi fürsətlər işığında türk birliyinin formalaşması prosesinə mühüm töhfələrindən, bölgədə davamlı sülh və sabitlik üçün geniş imkanların açılmasından irəli gəlir. Bu baxımdan Azərbaycanın qazandığı möhtəşəm Zəfər daha böyük geopolitik məna daşıyır və bölgədə beynəlxalq əməkdaşlıq, hər kəs üçün faydalı olan qlobal layihələr üçün geniş fürsətlər yaradır.

Xüsusi qeyd olunmalıdır ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına sədrlik Azərbaycana qurumun 2019-cu ilin 15 oktyabrında Bakıda təşkil olunmuş VII Zirvə Görüşündən sonra keçdi. Ötən müddət COVID-19 pandemiyası dövrünə təsadüf etsə də, bu iki ildə təşkilat çərçivəsində mövcud istiqamətlərə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.

2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qurumun COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə zirvə görüşü keçirildi. Dövlət başçıları bəşəriyyəti ağır sınaqlarla üz-üzə qoyan bu xəstəliklə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi apardılar. Qarşıya qoyulan hədəflər müzakirə edildi. Və yekunda Bakı Bəyannaməsi qəbul olundu.

Azərbaycanın Türk Şurasına sədrliyi dövrünün bizim üçün ən önəmli hadisələrindən biri də 44 günlük Vətən müharibəsində qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməyimizdir. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycana ardıcıl dəstək vermiş, ölkəmizin Zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynamışdır. Ölkəmizin beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq dəstəklənmişdir.

Türkdilli dövlətlər bu gün Azərbaycanın Türkiyə ilə birgə əsasını qoyduğu tarixi reallıqlar işığında bir araya gələrək ortaq keçmişin yaratdığı qarşılıqlı inamla, milli-mənəvi dəyərlərin gücü ilə ortaq gələcəyə doğru addımlayırlar. Regionda həyata keçirilən beynəlxalq layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verməkdədir. Azərbaycanın tarixi zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da artıracaq. Əməkdaşlığımıza yeni bir nəfəs qatacaq.

Azərbaycanın sədrliyi dövründə daha da güclənmiş, qlobal proseslərin əhəmiyyətli iştirakçısına çevrilmiş Qoşulmama Hərəkatının ölkəmizə verdiyi dəstək, İslam Konfransı Təşkilatı çərçivəsində atılan uğurlu addımlar zəfər diplomatiyamızın ciddi nəticələridir.

 

İnformasiya savaşı

 

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsinə çevrildi. Həmin tarixi günlərdə bütün xalq Ali Baş Komandanla həmrəylik, birlik, əzmkarlıq nümayiş etdirdi, bütün gücü, imkanları ilə onun yanında oldu. Hamı ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi idi. Dövlət-xalq-ordu birliyi, Prezidentin siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.

O ağır dövrdə Ali Baş Komandan təkcə sərkərdə kimi döyüşləri idarə etmirdi, eyni zamanda diplomatiya səngərində vuruşurdu. Heyrətamiz informasiya savaşı aparırdı, Ermənistanın və onun havadarlarının media təxribatlarını dəf edirdi. Bəzi ölkələr tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsinin bir an dayanmadığı  günlərdə Prezident İlham Əliyev verdiyi müsahibələri, hərtərəfli, eyni zamanda soyuqqanlı cavabları ilə təxribatçıları susdurur, fakt qarşısında qoyurdu. Azərbaycanın haqlı mövqeyini çatdırır, düşmənin uydurma miflərini ifşa edirdi. Ölkəmizin ədalət uğrunda çarpışdığını bütün dünyaya tutarlı dəlillərlə göstərirdi.

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın ədalətli mövqeyini, müharibənin başlanma səbəblərini siyasi uzaqgörənliklə informasiya agentliklərinin nəzərinə çatdırdı. Prezident ötən ilin fevralında yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu müsahibələrin əhəmiyyətini belə açıqlayıb: "Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur".

Rusiyanın "Rossiya-1,  "Pervıy", RBK televiziya kanalları, "Ria Novosti", "TASS" və "İnterfaks" agentlikləri, Türkiyənin "TRT Haber", CNN-Türk, "Haber Global", "Haber Türk", NTV, "A Haber"  televiziyaları,  Fransanın "Sky News",  "France 24" televiziyaları, "Figaro" qəzeti,  Almaniyanın ARD televiziyası, Yaponiyanın "Nikkei" qəzeti, ABŞ-ın "Fox News" televiziyası, İtaliyanın Rai-1 televiziyası və  "La Repubblica" qəzeti, İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan "Əl-Cəzirə", "Əl-Ərəbiyə",  "Euronews",  "CNN International", "BBC News" televiziya kanalları kimi aparıcı media qurumlarının tanınmış jurnalistləri Prezident İlham Əliyevin məntiqli, faktlar əsasında səviyyəli cavabları, yüksək təfəkkürü qarşısında susur, heyranlıqlarını gizlədə bilmirdilər. Qətiyyətli siyasi rəhbərə və dövlət başçısına beynəlxlaq marağın yüksək olması bundan irəli gəlirdi. Müharibə zamanı belə bir marağın xüsusilə yüksək olması tam məntiqlidir. Heç bir dövlət başçısı müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan Prezident İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi ilk növbədə Azərbaycanın dövlət başçısının nüfuzlu lider olmasından irəli gəlir.

İlham Əliyevin apardığı müstəqil siyasətdən, müasir çağırışlara uyğun çevik qərarlar verərək onların zamanında həyata keçirmək əzmindən, vəziyyətlərə hazırlıq və imkanlardan istifadə məharətindən, eyni zamanda qonşularla sıx faydalı əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, dövlət maraqlarına hörmət arzusundan yaranmış bu reallıq əksər dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan Prezidenti bu savaşın da qalibi oldu! Hər sözü, kəlməsi ilə... Mövqeyini bildirdi, xalqımızın ürəyindən xəbər verdi. İnsanlarımızın milli birliyindən, vətəndaşlarımızın Müzəffər Komandanına olan sarsılmaz dəstəyindən aldığı güclə, inamla həm döyüş meydanındakı düşmənlərimizi, həm də beynəlxalq siyasi arenalardakı, media qurumlarındakı bədxahlarımızı zərərsizləşdirdi. Azərbaycanın haqq işinə qərəzli yanaşanları elə haqqın dili ilə susdurdu.

 

Sülhə sadiqlik

 

Azərbaycan 10 noyabr üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq üzərinə götürdüyü bütün öhdəlikləri vaxtından əvvəl və yüksək səviyyədə yerinə yetirmiş, münaqişənin başa çatması anından sülh tərəfdarı olduğunu, dinc yanaşı yaşamaq prinsipinə sadiqliyini bütün dünyaya nümayiş etdirmişdir.

Məlum olduğu kimi, 10 noyabr Bəyanatı Ermənistanın faktiki kapitulyasiya aktı idi. Ərazilərimizi təxminən 30 ilə yaxın müddətdə işğal altında saxlayan, daim sülh danışıqlarından, məsələni insan itkilərinə yol vermədən dinc yolla nizama salmaq üçün bütün təşəbbüslərdən yayınan Ermənistanın bu biabırçı məğlubiyyətindən sonra Azərbaycan da eyni cür davranıb danışıqlardan müəyyən mənada kənarlaşa, imtina edə bilərdi. Bununla belə, ölkəmiz ilk günlərdən sülh təşəbbüsləri ilə çıxış etməyə başladı. Təhlükəsizlik prinsiplərinə, bölgədə əmin-amanlığın, davamlı inkişafın bərqərar olması arzusuna hər zaman sadiqliyini nümayiş etdirdi. Bunun özü nadir haldır ki, qalib dövlət bütün ordusunu darmadağın edib kapitulyasiya sənədinə qol çəkmək məcburiyyətində qoyduğu ölkəyə sülh təklif edir, müharibə zamanı on minlərlə üzvü fərarilik edərək cəbhə bölgəsindən qaçan Ermənistan cəmiyyətini, nəhayət ki, ağıllanmağa, saxta miflərdən əl çəkməyə, yanlışlarını etiraf edib sülh prinsipləri ilə razılaşmağa, əməkdaşlıq təşəbbüslərinə qoşulmağa çağırır.

Hazırda Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesində ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də Zəngəzur dəhlizinin açılması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana verilməsi, həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Hələlik danışıqlarda tam arzuedilən nəticə əldə olunmasa belə, proseslərin ümumi axarı müzakirələrin konstruktiv məcrada davam etdiyini və Azərbaycanın bu məsələdə də qarşıya qoyduğu hədəflərə əvvəl-axır nail olacağını göstərir.

Bu gün Azərbaycan regionun lider dövləti kimi bölgənin gələcək təhlükəsizliyinin, davamlı inkişafının əsas təminatçısıdır. Bu baxımdan Azərbaycanın sülhün, əmin-amanlığın əldə edilməsi imkanlarına ədalətli baxışı, irəli sürdüyü təkliflər həlledici olmalıdır. Ermənistanın sülh əldə olunması üçün Azərbaycanın irəli sürdüyü beş təməl prinsipə razılaşması diplomatiyamızın mühüm nailiyyətlərindən xəbər verir. Bu prinsiplərin məzmunu Azərbaycan Prezidentinin tarixi qələbəmizdən sonra da bu məsələ üzrə diploimatik fəaliyyəti nə qədər dəqiqliklə, ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə apardığını, dövlətimizin haqlı mövqeyini dünya ictimaiyyətinə qəbul etdirdiyini göstərir.

Azərbaycanın Ermənistana təklif etdiyi prinsiplər tərəflərin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanınmasını, bu dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsini nəzərdə tutur. Dövlətlərarası münasibətlərdə tərəflərin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək də bu prinsiplərə daxildir. Bundan başqa, Azərbaycan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını, nəqliyyat və kommunikasiyaların açılmasını, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran başqa sahələrdə əməkdaşlığın yaradılmasını təklif edir. Ermənistanın bu baza prinsiplərini qəbul etməsindən sonra hazırda iki ölkə bu şərtlər əsasında intensiv, substantiv və nəticəyə yönələn danışıqlar aparmaqla ikitərəfli sülh sazişinin imzalanmasına çox yaxındır.

Danışıqlar çərçivəsində əldə olunan ilkin razılaşmalar, elan edilən bəyanatlar Azərbaycanın milli maraqlarına uyğundur. Belə ki, danışıqların ümumi məzmunu dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, onlar arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına dəstəyin hər kəs tərəfindən qəbul edildiyini göstərir ki, Azərbaycanın da istədiyi məhz budur. Heç bir halda status məsələsi və "Dağlıq Qarabağ" ifadəsinin danışıqların predmeti olmaması, heç bir sənəddə bununla bağlı ifadələrin öz əksini tapmaması da Azərbaycan diplomatiyasının ciddi uğurlarıdır.

 

Postmünaqişə həqiqətləri

 

Bütün bunlara paralel olaraq informasiya savaşında da Ermənistan üzərində üstünlüyün qorunub saxlanması, ermənilərin hələ də səsləndirməkdə olduqları yalanların ifşası, təxminən 30 ilə qədər çəkən işğal dövründə onların Azərbaycan ərazilərində törətdikləri vandalizm əməllərinin dünyaya göstərilməsi və ölkəmizə külli miqdarda ziyan vurmuş bu cinayətlərə görə onların ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olmaq da bu gün Azərbaycanın həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. İşğaldan azad edilmiş bölgələrimizə mütəmadi şəkildə xarici diplomatların, ölkəmizə gələn qonaqların, beynəlxalq media qurumlarını təmsil edən jurnalistlərin səfərləri təşkil olunur, onların mövcud vəziyyəti öz gözləri ilə görüb işıqlandırmalarına, beləliklə, postmünaqişə həqiqətlərinin obyektiv şəkildə göstərilməsinə şərait yaradılır. 

Ermənistanın dağıdıcı əməlləri fonunda Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq tədbirləri ilə bölgənin əsl inkişaf məkanına çevrilməsi üçün ardıcıl addımlar atır, quruculuq əzmini, regionda sülh, təhlükəsizlik məramını bütün dünyaya nümayiş etdirir.

 

Azərbaycanın beynəlxalq nüfuzu daha da güclənir

 

Bu gün baş verən qlobal proseslər Azərbaycanın dünya üçün önəmini daha da artırır. Ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyinin təminatçısı statusunu gücləndirir. Prezident İlham Əliyevin son onilliklərdə böyük bir qitənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar, irəli sürdüyü təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu da yüksəldir, qlobal proseslərə təsir imkanlarını da genişləndirir.

Azərbaycan qazının birbaşa Avropa bazarına çıxışını təmin edən "Cənub qaz dəhlizi" layihəsi artıq reallıqdır. Ölkəmiz nail olduğu belə qlobal təşəbbüslərlə bir tərəfdən, Avropa üçün enerji təhlükəsizliyi, enerji mənbələrinin şaxələndirilməsi və azad rəqabət imkanları yaradır, digər tərəfdən isə, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balansı təmin edir. Bütün bunlar enerji məsələlərindən siyasi alət kimi istifadə meyillərinin qarşısını alır.

Bu baxımdan 2022-ci ilin iyulunda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması son illərin ən mühüm diplomatik uğurlarındandır. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, bu memorandum gələcək üçün bir növ yol xəritəsidir. Hazırda enerji təzyiqləri ilə üzləşən Avropa İttifaqı mövcud problemi minimallaşdırmaq üçün Azərbaycandan Avropa məkanına qaz nəqlini iki dəfə artıracaq. Bundan başqa, Azərbaycanın zəngin alternativ enerji potensialından istifadə ilə bağlı da genişmiqyaslı layihələr nəzərdə tutulur. Bütün bunlar beynəlxalq aləmdə Azərbaycana olan yüksək etimadı, ölkəmizin etibarlı tərəfdaş imicini göstərir.

Dövlətimiz mədəniyyət diplomatiyasını da uğurla davam etdirir, ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində mühüm işlər görür, sivilizasiyalararası dialoqa, multikulturalizm  ideyalarının yayılmasına əhəmiyyətli töhfələr verir, öz təcrübəsi ilə başqa ölkələr üçün örnək yaradır, bütün bunların Azərbaycanda bir  həyat tərzi olduğunu bəyan edir.

Bu gün Zəfər tarixi dirçəliş tarixi ilə davam etdirilir. Torpaqlarımızda genişmiqyaslı quruculuq işləri vüsət alır. Qüdrətli ordumuzun başladığı işi, qazandığı möhtəşəm Qələbəni güclü iqtisadiyyatımız davam etdirir. Aparılan məqsədyönlü siyasət Azərbaycanın hərbi zəfərinin diplomatik təntənəsidir və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bütün bu nailiyyətlərlə Zəfər tarixinin davamını yazır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 6 noyabr.- S.16.