Səngərdən kürsüyə

 

Azərbaycan indi diplomatik cəbhədə döyüşür

 

Azərbaycanın erməni faşizmi üzərindəki möhtəşəm qələbəsi dünyanın bütün sülhsevər dövlətləri üçün önəmli unudulmaz tarixi hadisədir. Ali Baş Komandanımız bu qələbə ilə adını yalnız xalqımızın tarixinə yox, həm də unikal döyüşlər aparan sərkərdə kimi dünyanın hərb tərixinə həkk etmişdir. Bu qələbə unikallığı və bənzərsizliyi ilə həm Prezident

İlham Əliyevə, həm də bütünlüklə Azərbaycan Ordusuna və xalqına başucalığı gətirmişdir.

Prezident İlham Əliyevin xarici səfərləri həmişə milli maraqlarımızın təminatı baxımından əhəmiyyətli olur. Soçidə keçirilən üçtərəfli görüşdə Paşinyan danışıqları öz maraqlarına uyğun aparmaq istəsə də, İlham Əliyev qətiyyətini bir daha ortaya qoydu. Rusiya Prezidenti ilə təkbətək görüşündə ermənilərin iddialarının artıq tarixə gömüldüyünü anlatdı: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır".

Həm də yəqin bu qətiyyətinə, verdiyi sözə sahib çıxdığına görədir ki, biz dövlət başçısının xarici səfərlərdə əvvəlki illərdəkindən daha fərqli tərzdə, fərqli ifadələrlə qarşılandığını görürük. Daha dəqiq desək, indi dost ölkələrdə İlham Əliyevi qalib sərkərdə kimi qarşılayırlar. Bu mərasimlərdə qələbədən danışılmasa belə, İlham Əliyevin ağlasığmaz və sürətli qələbəsinin şəninə ürəklərdə ucalan alqış sədalarını eşitmək mümkündür. Prezident kürsüsündə ömrünün 19 ilini təmkin və səbirlə "lazım gələrsə, döyüşərək torpaqlarımızı azad edəcəyik" - deyən dövlət başçısını heç də hamı həmişə başa düşmürdü. İlham Əliyevin sakitbir qədər də emosionallıqdan uzaq soyuqqanlıqla işlətdiyi bu ifadənin arxasında nəyin dayandığı heç kimin ağlına belə gəlmirdi. Sən demə, Ali Baş Komandanımız mətin sərkərdə kimi döyüşlərə hazırlaşırmış. Torpaqları işğal altında olan bir dövlətin sıfırdan beşinci nəslin tələblərinə cavab verən ordu quruculuğu aparması kimin ağlına gələrdi ki?

Elə erməni faşistləri də bundan xəbərsiz idilər. Onlar yalnız eninə və uzununa necə "qədim və döyüşkən xalq olduqları" ilə öyünürdülər. Ona görə də Paşinyan Cıdır düzündə xanımı ilə yallı gedəndə elə sanırdılar ki, bütün Azərbaycan onlarındır. Baş nazirin başsız arvadı bizim Birinci xanımı işğal edilmiş torpaqlara "müdrik, qədim və qonaqpərvər erməni" kimi muğam dinləməyə dəvət edəndə anlamırdı ki, rişxəndlə dediyi bu sözlər az sonra həqiqət olacaq, Qarabağdan, Şuşadan yenidən muğam səsi eşidiləcək və bu səs ox kimi onun qulağına batacaq.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fəxri qonaq kimi Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmişdir. Prezident İlham Əliyevin toplantıdakı çıxışında hər kəlməsi ilə demokratik dəyərlərin arxasında gizlənib dünyanı müharibəyə çəkmək istəyən qüvvələri necə ittiham etməsinin şahidi olduq: "…Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".

Bəli, Qarabağ savaşı bitsə də, soyuq müharibə davam edirondan geri çəkilmək olmaz. Tarix tələb edir ki, düşmənə kimliyini anlatmaq üçün gərək ona keçmişini xatırladasan. Amerika yazıçısı Uilyam Folknerin maraqlı bir sözü var: "İnsanın öz keçmişindən qaçıb gizlənməsi mümkün deyil, hara getsən dalınca düşəcək və səni qarabaqara izləyəcək". Bu ifadə eyni dərəcədə dövlətlərə də aiddir.

Fransanın da öz keçmişindən qaçıb gizlənməsi mümkün deyil. Əlcəzair müstəmləkəçi fransız dövlətinin zorakılıqlar və kütləvi qətllər törətdiyi məkandır. Odur ki, Fransa beynəlxalq münasibətlərdə Azərbaycanı Ermənistanın ayağına vermək cəhdlərinə son qoyub öz keçmişini vərəqləməyə, öz cinayətlərini etiraf etməyə, üzr istəməyə borcludur.

Prezident İlham Əliyev həmin çıxışında Əlcəzair fransız müstəmləkəçilərindən necə vəhşiliklər görübsə, Azərbaycanın da erməni işğalından elə əziyyət çəkdiyini dedi, daim İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyini bildirdi, torpaqlarımız işğaldan azad edildikdən sonra 10 min kvadratkilometrdən çox ərazimizin tamamilə məhv edildiyini, dağıdıldığını söylədi: "Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdılar. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı".

Başa düşən üçün bu müqayisə çox söz deyir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 6 noyabr.- S.16.