Uğurlu inkişafın, sabitliyin təminatı

 

16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

 

Tarix göstərir ki, yalnız sülhün, sabitliyin, mehribanlığın, bərabərliyin bərqərar olduğu yerdə rahat ömür sürmək mümkündür. İrqindən, dilindən, dinindən asılı olmayaraq, bütün dünya ictimaiyyətinin səadəti bu həqiqəti dərk etməsində və onu reallaşdırmağa can atmasındadır.

Hər il noyabrın 16-sı qeyd olunan Beynəlxalq Tolerantlıq Günü həmin gerçəkliyi bir daha diqqətə çatdırır. 

 

 

 

"...dinietnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir"

 

 

 

İrqindən, dilindən, dinindən asılı olmayaraq, hər kəsin ümumi evi olan Yer kürəsini odlara qalamamaq, necə deyərlər, cəhənnəmə çevirməmək üçün tolerantlıq ideallarını, prinsipini  təşviq və təbliğ etmək böyük əhəmiyyət daşıyır. Eyni zamanda tolerant dəyərlərə bağlılıq hər bir ölkədə daxili sabitliyin qorunmasına şərait yaradan mühüm amillərdəndir. Sevindirici haldır ki, dünyada ən qədim yaşayış məskənlərindən biri hesab edilən Azərbaycan bu mənada da örnək olan ölkələrin sırasındadır. Prezident İlham Əliyevin bildirdiyi kimi: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dinietnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dinimilli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".

Tolerant dəyərlərə hörmət, ehtiram tarixən ölkəmizin əhalisinin həyat tərzində, dünyagörüşündə mühüm yer tutub. Bu xüsusiyyətlər məmləkətimizdə sülhün, sabitliyin bərqərar olmasına, Azərbaycanda yaşayan insanların arasında daim dostluğun, mehribanlığın hökm sürməsinə şərait yaradır. Beləliklə, fərqli fikirlər, davranış nümunələri, müxtəlif dini baxışlar arasında qarşılıqlı hörmət, bağlılıq yaranır.

Təqdirəlayiqdir ki, bu gün müasir, dinyəvi dövlət olaraq tanınan Azərbaycan dünyaya, eyni zamanda tolerantlıq, dini dəyərlərə ehtiram nümunəsi göstərir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam həmrəyliyi ili" elan edilməsi də belə bir münasibətin təzahürü idi.

Ölkəmizdə yaşayan bütün xalqlaretnik qruplar bir ailənin üzvləri kimi mehriban yaşayırlar. Azərbaycan dövləti, eyni zamanda vətəndaşının öz milli adət-ənənələrini davaminkişaf etdirməsinə, eləcə də dini ayinlərin icrasına hər cür şərait yaradıb. Məmləkətimizdə  tarix boyu müxtəlif dinlər - bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və digər dinlər yayılıb. O da bəllidir ki, dini tolerantlıq  cəmiyyətdə həmrəylik yaratmaqla  dini sabitliyi  möhkəmləndirən vacib amillərdən biridir. Müxtəlif sivilizasiyaların qovuşduğu, ayrı-ayrı dini görüşlərin formalaşdığı Azərbaycanda dinlər arasında qarşılıqlı etimad mühiti mövcuddur. Dini tolerantlığın  qorunması müstəqil Azərbaycanın dövlət  siyasətində mühüm yer tutur. Bu sahədə həyata keçirilən işlər dini sabitliyin möhkəmlənməsində böyük əhəmiyyət daşıyır.

Ayrı-ayrı milli-etnik  qrupların və dinlərin nümayəndələrinin bir amal, bir məfkurə - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmələri ölkəmizdə  tolerant dəyərlərin inkişafına böyük təkan verir. Bu isə öz növbəsində respublikamızın gündən-günə daha da güclənməsinə, böyük, tarixi qələbələrə adını yazdırmasına yol açır.

 

 

 

Biz birlikdə güclüyük!

 

 

 

Azərbaycan tarix boyu çox çətin sınaqlarla üzləşib. Ötən əsrin sonuncu onilliyində gözəl məmləkətimizin başının üstünü yenidən qara buludlar aldı. İmperiyanın müstəmləkəsindən qurtulan və müstəqilliyinə qovuşan Azərbaycan  bu tarixi qərarına görə ağır günlər yaşamalı oldu. Bütün sahələrdə tənəzzülə yuvarlanan, üstəlik, işğalçı, təcavüzkar ermənilərlə müharibə aparmaq məcburiyyətində qalan respublikamız böyük faciələrlə üzləşdi. Ermənistan himayədarlarından aldığı silah-sursat və digər yardımlar sayəsində ərazilərimizin iyirmi faizini işğal etdi. Bir milyondan çox soydaşımız yurdundan, evindən məhrum  edildi. Təcavüzkar ermənilər minlərlə azərbaycanlını qətlə yetirdilər. Düşmənlər ana bətnində körpələrə, dünyada olanları hələ doğru-dürüst anlamayan uşaqlara, ömürlərinin bahar çağındakı gəlinlərə, qürub çağlarını yaşayan qocalara, yatağa məhkum xəstələrə, əlillərə belə acımadılar. Onları görünməmiş qəddarlıqla qətlə yetirdilər. Həmin illərdə - 1990-cı illərdə Azərbaycanın bütün kənd, qəsəbə, rayon və şəhərlərindən vətənsevərlərimiz yağı düşmənlə mübarizəyə qalxdılar. Bir çoxu şəhid və qazi oldu.

Ermənistan dövləti Qarabağ və Şərqi Zəngəzur torpaqlarını otuz ilə yaxın işğal altında saxladı. Həmin dövrdə də Azərbaycan dövləti, Azərbaycan xalqı öz tolerantlıq ənənələrinə sadiq qaldı. Respublikamızda hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayaraq, ibadətgahlar dövlət tərəfindən qorunaraq bərpa edildi. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olundu və fəaliyyətini davam etdirdi. Ermənistan isə təcavüzkar siyasətindən əl çəkmədi. Erməni vandalları işğalda saxladığı ərazilərdə azərbaycanlıların bütün tikililərini - yaşayış və inzibati binalarını, tarixi-mədəni, dini abidələrini uçurub dağıtdılar, məscidlərimizi tövlələrə, qəbiristanlıqlarımızı otlaqlara çevirdilər. Prezident İlham Əliyevin bildirdiyi kimi: "İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər".

İki il öncə Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan əraziləri yenidən müharibə meydanına çevrildi. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində böyük zəfərimizi şərtləndirən əsas amillərdən biri birliyimiz oldu. Otuz ilə yaxın davam edən işğala son qoyulmalı idi. O zaman Azərbaycanda yaşayan hər kəs bu arzu, bu məqsəd ilə sıx birləşdi.

Sentyabrın 27-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan edəndə respublikamızın hər tərəfində gənclər Vətənin müdafiəsinə qoşulmaq üçün hərbi komissarlıqlara müraciət etdilər. O igid oğullar sinələrini düşmən güllələrinə sipər etdilər ki, Azərbaycanın 1990-cı illərdən Ermənistanın işğalında qalmış iyirmi faiz torpaqları azad olsun. Ermənistan silahlı qüvvələri Qarabağda, Şərqi Zəngəzurda ağır məğlubiyyətə uğradıldı. Ermənistanın otuz ilə yaxın zəbt etdiyi yurd yerlərimiz bir-bir geri alındı. Noyabrın 8-i Azərbaycan tarixinə qələbə günü kimi yazıldı. Bütün Azərbaycan xalqı bu qüruru bizə yaşatmaq üçün şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza da bir yerdə yas tutdu, zəfər sevincini birlikdə bayram etdi. Noyabrın 10-da qalib ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq xalqa müraciət edən İlham Əliyev: "Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq", - dedi.

Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Bir çox dövlətlərdə daxili çəkişmələrin yaşandığı, kütləvi etiraz aksiyalarının, müxtəlif dini birləşmələrin bərabər hüquq tələb etdiyi dövrdə respublikamızda əmin-amanlıq hökm sürür. Dünyanın ən təhlükəsiz ölkələrindən biri olması Azərbaycanı gücləndirir, hər bir azərbaycanlının rahat yaşamasına təminat yaradır.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 16 noyabr.- S.8.