Gələn ilQarabağ və Zəngəzurun bərpası dövlət büdcəsinin prioriteti olacaq

 

Bu, Azərbaycanın iqtisadi qüdrətinin əyani təzahürüdür

 

 

"İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir".

Parlaq zəfərimizin ikinci ildönümündə  - noyabrın 8-də Şuşada təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya təcrübəsində hələ belə bir nümunə yoxdur ki, ağır müharibədən çıxan bir ölkənin iqtisadiyyatı heç bir böhran yaşamasın, büdcəsi nəinki müharibədən əvvəlki səviyyədə, hətta ondan da yüksək olsun və davamlı artsın.

Azərbaycan dövləti büdcə gəlirlərini ölkənin rifahının yüksəlməsinə və inkişafına, əhalinin həyat şəraitinin daha yaxşı təmin olunmasına yönəldir. Bu sayədə davamlı olaraq maaşlar, pensiyalar, sosial müavinətlər artır. 

Eyni zamanda qısa zamanda böyük səmərə və yüksək keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazinin yenidən qurulması, Qarabağda və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması və onların əzəli yurdlarına qaytarılması Azərbaycan dövlətinin gündəliyində duran əsas prioritetdir.

Bu il oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda dövlət başçısı İlham Əliyev söylədi ki, necə bahalı olursa-olsun, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Bu, bizim milli ideyamızdır.

 

 

 

Böyük qayıdışa sürətli hazırlıq

 

 

 

Vətən müharibəsini zəfərlə sonlandırandan dərhal sonra ölkəmiz işğaldan azad etdiyi ərazilərində böyük quruculuq və bərpa işlərinə başlayıb. Bunun üçün həm 2021-ci, həm də 2022-ci ildə dövlət büdcəsindən Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri üçün 2,2 milyard manat vəsait ayrılıb.

Bir vacib məqamı da vurğulayaq ki, dünya bazarında neftin qiymətinin qalxması ilə Azərbaycanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulandan daha çox gəlirlərin daxil olması büdcəyə yenidən baxılmasını zəruri etdiPrezident tərəfindən  "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə layihə Milli Məclisə təqdim olundu və qəbul edildi. Bu dəyişiklik nəticəsində büdcəyə daxil olan əlavə vəsait ilk növbədə işğaldan azad edilmiş ərazilərimizin bərpa və quruculuq işlərinə yönləndirildi. Belə ki, dövlət büdcəsinə edilən dəyişiklikdən sonra nəzərdə tutulan istiqamətə yönləndirilən bu vəsaitin həcmi daha 470 milyon manat artırıldı. Bununla da son iki ildə Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən işlərlə bağlı dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrıldı.

Bunun nəticəsidir ki, ötən iki il müddətində işğaldan azad edilən ərazilərimizdə xeyli sayda meqalayihələr gerçəkləşdirilib. İlk növbədə infrastrukturun qurulması istiqamətində böyük işlər görülüb, yollar çəkilib, nəhəng tunellər salınıb. Ötən il Füzulidə cəmi 8 aya tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, eləcə də bu ilin oktyabrında açılışı həyata keçirilən Zəngilan Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda gerçəkləşdirilən möcüzə layihələr kimi dəyərləndirilməlidir. Bölgənin iqtisadilogistik imkanlarına müstəsna xidmət göstərəcək daha bir beynəlxalq hava limanının açılışı 2025-ci ildə planlaşdırılan Laçın hava limanının tikintisi də sürətlə aparılır.

Ümumiyyətlə, təsdiq olunmuş investisiya planına əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel tikiləcək, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa olunub. Bu ərazilərdə bir neçə su-elektrik stansiyasının açılışı həyata keçirilib. Artıq bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib.

Zəfərdən sonra Böyük qayıdışın ilk uğurlu addımları da atılıb və Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında qurulmuş Ağalı kəndində ağalılılar yeni həyata başlayıblar.

Ötən ay Ağdamda dövlət başçısının iştirakı ilə 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlləri qoyulub və yaxın iki il ərzində bu kəndlərin sakinləri də geri dönəcək. Növbəti ilin sonuna kimi Laçın şəhərinin bərpası nəzərdə tutulub. Şuşada da ilk yaşayış kompleksinin inşasına start verilib və gələn ilin sonunda mədəniyyət paytaxtımız ilk sakinlərini qəbul edəcək.

Prezident İlham Əliyevin Zəfər Günündə Şuşadan bəyan etdiyi kimi, ötən bu iki il ərzində Azərbaycan işğaldan azad etdiyi torpaqlarında həyata keçirdiyi bütün işləri öz maliyyə gücü sayəsində reallaşdırıb.

"Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək", - deyə vurğulayan dövlət başçısı Şuşada onu da qeyd etmişdi ki, əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik.

 

 

 

Büdcə siyasəti qarşısında duran əsas çağırışlardan biri

 

 

 

"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri isə 33,3 milyard manat proqnozlaşdırılır. Bu rəqəmlər Azərbaycanın müstəqillik tarixinin ən yüksək büdcə göstəriciləridir. Növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat proqnozlaşdırılır.

2023-cü ilin dövlət büdcəsinin layihəsində Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası" ilə qarşıya qoyulmuş vəzifələrin mərhələli şəkildə icrası, əhalinin, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsi üzrə tədbirlərin daha da gücləndirilməsi, əməyin ödənişi sahəsində islahatların davam etdirilməsi, təhsil, elm, səhiyyə sahələrində islahatların növbəti mərhələsinin həyata keçirilməsi üçün maliyyə resursları nəzərdə tutulur.

Büdcə siyasəti qarşısında duran əsas çağırışlardan biri isə Böyük qayıdışın tərkib hissəsi kimi sözügedən ərazilərdə əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosialbiznes infrastrukturunun yaradılması, ümumi məhsul istehsalında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının artırılması kimi mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılmasıdır.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha geniş həcmlərdə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, həmin ərazilərdə dövlət idarəetmə qurumlarının təşkili və fəaliyyəti ilə bağlı 2023-cü ilin dövlət büdcəsinin layihəsində də müvafiq maliyyə təminatı yaradılıb.

Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 330 milyonya 12,4 faiz çoxdur.

Göründüyü kimi, 2023-cü ilin dövlət büdcəsinin layihəsində hər bir sahə üzrə olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün ayrılan xərclər də əhəmiyyətli miqdarda artırılıb. Bütün bunlar isə həm də gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün aparıcı qüvvə olacaq bu ərazilərdə yeni həyatın başlanmasına çox az qaldığını deməyə əsas verir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 16 noyabr.- S.9.