Zəfərimiz regiona əbədi sülh gətirir

 

 

Ermənistan marionet dövlətdir. Dünyanı yönləndirmək istəyən, Cənubi Qafqazda gözü olan qüvvələrin əlində oyuncaq, vasitədir. Güclü dövlətlərdən ipini kim hara çəkibsə, ora da gedir.

İllərdir Azərbaycanın müstəqilliyini istəməyən, Cənubi Qafqazda qüdrətli bir türk dövlətinin olmasını arzulamayan qüvvələr "Ermənistanın əli ilə" torpaqlarımızın 20 faizindən bir qədər də çoxunu işğal edib yurd yerlərimizi viranə qoymuşdular. Özü də ermənilər bu mənfur hərəkətlərini heç çəkinmədən dünyanın gözü qarşısında etsələr də, onlara gözün üstə qaşın var deyən olmamışdı. Ona görə ki, müharibənin sifarişçiləri maskalarını dəyişib "sülhyaradan" cildində ortalıqda peyda olmuşdular. Məqsədləri süni yolla münaqişə müddətini uzadıb vaxt qazanmaq, ermənilərin Qarabağda mövqelərini daha da möhkəmləndirmək idi. Görünən bu idi ki, işğal etdiyi torpaqlar Ermənistana heç lazım deyildi, o, bu böyük oyunun kiçik fiquru idi. Əgər ermənilərin o torpaqlardan istifadə etmək niyyətləri olsaydı, iddia etdikləri kimi o torpaqlar ermənilərə məxsus olsaydı, işğal etdikləri əraziləri xarabazar etməzdilər. Torpağa, torpağın sayı qədər mina basdırıb ölü zonaya çevirməzdilər.

Ermənistan müharibə qanunlarına əməl etməyən təcavüzkar niyyətli dövlətdir. Hələ müvəqqəti hərbi üstünlüklərə malik olduqları zaman belə, nə müharibə qaydalarına əməl edirdilər, nə də insanlığa. Qorxu yaratmaq üçün əsir götürdükləri insanlara hər cür işgəncə verməkdən çəkinmir, insanlıqdan danışıb insanlığa sığmayan vəhşiliklər edirdilər. Qarşılarına çıxan silahlı, silahsız, uşaq, böyük, qoca, cavan bilmədən hamını məhv edir, güllələyir, yandırır, diri-diri torpağa basdırırdılar. Atəşkəs elan edib hər gün atəşkəsi pozurdular. Müvəqqəti hərbi üstünlüklərinin yaratdığı mənəm-mənəmlik hissi o həddə gəlib çatmışdı ki, hər gün ərazilərimizin daha bir hissəsini işğal edəcəkləri ilə təhdid etməkdən belə çəkinmirdilər. Cəzasızlıq, beynəlxalq qınağın olmaması, arxalarında bəzi güclü dövlətlərin durması erməniləri harınlatmışdı.

27 sentyabr 2020-ci il ermənilərin torpaqlarımıza növbəti təcavüzü səbri tükənmiş xalqın, qisas hissi ilə illərdir döyüş əmri gözləyən Azərbaycan Ordusunun, problemi son ana qədər sülh yolu ilə həll etməyə çalışan Azərbaycan Prezidentinin qəzəbinə səbəb oldu. Ali Baş Komandan orduya torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüş əmrini verdi. Davamız haqq-ədalət davası idi. Azərbaycan təcavüzkara qarşı döyüşürdü. Kimsənin torpağında gözümüz yox idi. Kiminsə torpağını işğal etmək niyyətinə düşməmişdik. Azərbaycan Ordusu mənfur ermənilərdən fərqli olaraq, yalnız hərbi obyektləri vururdu, silahsız əhali, yaşayış məntəqələri hədəfimiz deyildi. Ermənilər kimi müharibə zonasından yüz kilometrlərlə uzaq şəhərlərə raket atmırdıq. Ümumiyyətlə, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı uzaqmənzilli raketlərdən istifadə etməsi barədə nə ermənilər, nə də havadarları ortalığa nə bir fakt, nə də bir sübut qoya bilmədilər. Ona görə ki, müharibə Azərbaycan ərazisində, doğma torpaqlarımızda gedirdi.

44 günlük müharibə eyni zamanda Azərbaycan dövlətinin dünyaya verdiyi bir dərs, göstərdiyi nümunə oldu. Texnologiya əsrində müharibənin gedişini izləmək o qədər də çətin deyil. Dünya ictimayyəti yaxşı görürdü ki, Azərbaycan bir dənə də olsun mülkü obyekti hədəf seçmir, şəhərləri dağıtmır. Müharibə zamanı bir erməni uşağının ölməməsi, məktəbinin, uşaq bağçasının dağılmaması Azərbaycan dövlətinin, onun rəhbərinin humanizminin bariz göstəricisidir.

Azərbaycanın müharibədə qələbəsi regionda sülhün, sabitliyin bərpası deməkdir. Qonşu dövlətlərlə iqtisadi-siyasi, strateji tərəfdaşlığın güclənməsi deməkdir. Ermənistan müharibə qanunlarına əməl etmədiyi kimi, postmüharibə qanunlarına da məhəl qoymur. Bütün müharibələrin sonu sülhlə tamamlanır. Təsadüfi deyil ki, müdriklər "ən yaxşı müharibədən ən pis sülh yaxşıdır" deyiblər. Buna baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalamağa tələsmir, müxtəlif bəhanələrlə sülh danışıqlarını uzadır.

Biz müharibə istəmirdik. Bizi buna məcbur etdilər. Biz müharibədən zəfərlə çıxmış dövlətik. Məqsədimiz təkcə Qarabağda deyil, regionda sülhə nail olmaqdır. 44 günlük müharibədə qazandığımız qələbə sülhün, əmin-amanlığın, regionda əbədi inkişafın qələbəsidir. Ermənilərin ölüm zonasına çevirdikləri Qarabağda insanlığın qələbəsidir. Bu qələbənin təminatçısı, təşkilatçısı həmişə birgəyaşayış qanunlarına əməl edən, yalnız sülhü arzulamayan, düşmənini də sülhə məcbur edən Azərbaycan dövlətidir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 16 noyabr.- S.9.