Qarabağ zəfəri regionda türk dövlətləri üçün yeni iqtisadi imkanlar yaradıb

 

Dünyada, o cümlədən yerləşdiyimiz regionda baş verən münaqişələrin sayı artsa da, yeni müharibələr alovlansa da, fərqli bir dünya düzəninin qurulması da faktdır. Bu baxımdan Qarabağ qələbəsi bizə perspektivlərə güclü mövqelər üzərindən irəliləməyə,  yeni hədəflərə səmtlənməyə fürsət yaradır. Çünki işğalçı Ermənistan üzərindəki müqəddəs qələbə bütün türkdilli xalqları bir-birinə zəncir kimi bağlamaqla yanaşı, həm də Azərbaycanı bütün türkdilli dövlətlərin qürur mənbəyinə çevirmişdir.

Ekspertlər Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşündə iştirakını Azərbaycanla türkdilli dövlətlərin iqtisadi əlaqələrinin  inkişafına təkan verən güclü amillərdən biri kimi qiymətləndirirlər (Xatırladaq ki, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi ölkə kimi daxildir). İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadə deyir ki, türkdilli dövlətlərin iqtisadi əlaqələri getdikcə genişlənir: "2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan ilə TDT arasında 4,6 milyard dollar dəyərində xarici ticarət əməliyyatları həyata keçirilib. Bu dəyər Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 13 faizini təşkil edir. TDT-yə daxil olan ölkələr arasında Türkiyə Cümhuriyyəti 84 faizlə ilk sırada yer alır. Digər yerləri Qazaxıstan (8 faiz), Türkmənistan (5 faiz), Özbəkistan (3 faiz), Macarıstan və Tacikistan (birgə 1 faiz) tutur".

İİTKM-in təqdim etdiyi bu siyahıda Türkiyə Cümhuriyyətinin ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Ölkəmizin təbii qaz ixracının 17, xam neftin ixracının isə 1 faizi Türkiyə Cümhuriyyətinin payına düşür. Bundan başqa, TDT-də müşahidəçi ölkə rolunda çıxış edən Macarıstana 530 min dollar dəyərində neft məhsulu ixrac olunur ki, bu da ümumi ixracın yarısını təşkil edir. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə də ticarət dövriyyəsi yüksəkdir. Belə ki, Azərbaycanın qeyri-neft ixracında ilk sırada olan pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə ixrac edilir.

 Azərbaycanın Macarıstan istisna olmaqla, digər türk dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur. Türkiyə və Macarıstan TDT arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. Təkcə 2022-ci ilin ilk 6 ayı ərzində Türkiyə Azərbaycan iqtisadiyyatına 480,8 milyon, Macarıstan 5,1 milyon, Qazaxıstan isə 3,5 milyon dollar birbaşa xarici sərmayə yatırmışdır. Azərbaycanlı investorlar tərəfindən isə Türkiyə Cümhuriyyətinə 59,7 milyon, Özbəkistan iqtisadiyyatına 8 milyon dollar sərmayə qoyulmuşdur.

Göründüyü kimi, türkdilli dövlətlərin iqtisadi əlaqələri sürətlə şaxələnir, bu əlaqələrdə yeni çalarlar formalaşır. Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zirvə görüşündəki çıxışında  Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrə də toxunması təsadüfi deyil: "Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır. "Cənub qaz dəhlizi" isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər". Qardaş ölkənin lideri belə hesab edir ki, bunun arxasınca enerji sahəsində həm təşkilatın nəzdində və həm də ikitərəfli səviyyədə həyata keçirilən layihələrə önəm veriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulamışdır: "Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq". Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyev həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq işləri apardığını, Böyük qayıdış proqramının icrasına başlanıldığını bildirmiş, bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi fəal iştirak etdiklərini qeyd etmişdir.

Azərbaycan Prezidenti bu görüşdə də diqqətə çatdırmışdır ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır: "Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq".

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 16 noyabr.- S.10.