Əhalinin sosial güvənliyinin təminatında növbəti uğur

 

Gələn ilin büdcə layihəsində yaşayış minimumu ehtiyac meyarına bərabər müəyyən edilib

 

Dünya iqtisadiyyatı növbəti dəfə çətin anlarını yaşayır. Əvvəl pandemiyadan, o sona çatmamışsa Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan böhran dünya iqtisadiyyatına böyük ziyan vurmaqda davam edir. Xüsusən Avropa ölkələri qış ərəfəsində enerji sınağı ilə üz-üzə qalıb. Səbəbi həmin ölkələrin Rusiya qazından imtina etmələridir.

Məlumdur ki, iqtisadi böhran özü ilə sosial sıxıntılar da gətirir. Belə ki, hazırda dünyada ərzağın, eləcə də digər istehlak mallarının və ödənişli xidmətlərin qiymətləri  sürətlə bahalaşır. Bu isə əhalinin sosial rifahına birbaşa mənfi təsir göstərən haldır. Azərbaycan da dünyanın bir parçası olduğu üçün bu proseslərdən kənarda qalmır. Xüsusilə idxal olunan ərzaq məhsullarının qiymətinin bahalaşması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir.

Bu baxımdan hazırda Milli Məclisdə müzakirə olunan gələn ilin büdcə layihəsində həm də qeyd etdiyimiz səbəblərdən ən çox vəsaitin sosial sahəyə ayrılması təsadüfi deyil. Belə ki, gələn ilin büdcəsinin gəlirlərinin təxminən 47 faizinin sosial sahəyə xərclənəcəyi nəzərdə tutulur. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəfi ölkə vətəndaşının sosial güvənliyinin təminatıdır.

Aparılan müzakirələr zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsi də məhz bu baxımdan tərtib edilib. Diqqətə çatdırılıb ki, DSMF-nin gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6,2 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 657,7 milyon manatya 11,7 faiz çoxdur.

Xatırladaq ki, əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302, 2021-ci ildə 332, 2022-ci ildə 371 manat təşkil edib. 2023-cü ildə isə ölkə üzrə bu rəqəmin 423 manat olacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, son 4 ildə əmək pensiyalarının orta aylıq məbləğinin 120 manatdan çox artması hədəflənib. Növbəti ildə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiyalarda da artım nəzərdə tutulub.

Müzakirə zamanı o da bildirilib ki, İşsizlikdən Sığorta Fondunun gələn ilin büdcəsində fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub. Bu, cari ildəkindən  31,3 milyon manat, yaxud 17,3 faiz  çoxdur. Söz düşmüşkən qeyd edək ki, gələn il İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 41,1 faizi özünüməşğulluq tədbirlərinin, 21 faizi məşğulluq xidməti orqanının saxlanmasının, 16,5 faizi sosial sahədə xidmətlərin əməkhaqqının müştərək ödənilməsinin, 10 faizi peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. Bundan əlavə, gələn il özünüməşğulluq layihəsi də davam edəcək. Proqram çərçivəsində 2023-cü ildə 10600 və əlavə olaraq 6000 nəfərin Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb edilməsi nəzərdə tutulur. Bir sözlə, İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi növbəti ildə sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və bir sıra digər xidmətlərin  maliyyələşməsi üçün optimal maliyyə əsasları yarada biləcək.

Komitə sədri gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının nəzərəçarpacaq dərəcədə artacağını söyləyib. Bildirib ki, ilk dəfə yaşayış minimumu ehtiyac meyarına bərabər olacaq və hər ikisi 246 manat təşkil edəcək. Bunu sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi hesab etmək olar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müzakirəyə təqdim olunan qanun layihələrində sosialyönümlü xərclərin 2 dəfə artdığını qeyd edib. Diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri və xərcləri, qeyd olunduğu kimi, 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin içərisində 4 milyard 784 milyon manat məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdir. Bu,  cari ildəkindən 10 faizya  422 milyon manat çoxdur. Həmin məbləğin 3 milyard manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır ki, bu da cari il üzrə həmin göstəricini 12,5 faiz üstələyir.

DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin  öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 milyard 468 milyon manat məbləğində müəyyən edildiyi bildirilib. Bu da ümumi gəlirlərin 23 faizini təşkil edir. Nazir həmçinin bildirib ki, xərclərin 97 faizi əhaliyə edilən ödənişlərin payına düşəcək. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün 5 milyard 907 milyon manatya cari ildən 12 faiz, yəni 650 milyon manat çox vəsait ödənilməsi planlaşdırılır.

Layihədə novbəti il üçün yaşayış minimumunun ölkə üzrə 246, əmək qabiliyyətli əhali üçün 261, pensiyaçılar üçün 199, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddinin isə 246 manat məbləğində müəyyənləşdirilməsi proqnozlaşdırılıb.

Büdcə layihəsindən aydın görünür ki, Azərbaycan dövləti vətəndaşının dünyada baş verən böhranın acı nəticələrindən qorunması üçün sosial müdafiəsini gücləndirməkdə qərarlıdır. Xüsusilə həssas qrupa daxil olan vətəndaşların sosial güvənliyinin təminatı üçün büdcədən daha çox vəsait ayırmağı nəzərdə tutur. Bu, növbəti ildə də Azərbaycan vətəndaşının sosial müdafiəsinin təmin edilməsinin diqqət mərkəzində olacağını təsdiqləyir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 16 noyabr.- S.10.