İrəvan dalana dirənib

 

Ermənistanda miqrasiya prosesinin daha da sürətlənməsi gözlənilir

 

 

Ermənistanda sosial-iqtisadi vəziyyətin təhlili aydın şəkildə göstərir ki, ölkədə inflyasiya böyük sürətlə dərinləşdiyi təqdirdə, əhalinin maddi gəlirlərində hansısa artım yoxdur. Yaranan fərq nisbəti insanların durumunun daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olmaqdadır. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin ağırlaşdığını etiraf edirlər.

Elə mövcud hakimiyyətin səriştəsizliyinin nəticəsidir ki, Ermənistan daha bir ili ağır vəziyyətlə başa vurmaq üzrədir. İqtisadçılar 2022-ci ilin də ölkə üçün yaxşı heç nə vəd etmədiyini diqqətə çatdırıblar. Məsələ bundadır ki, ölkədə bu ilin 9 ayında sosial-iqtisadi vəziyyətdə müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əhalinin maddi gəlirlərində artım qeydə alınmayıb. Yaranan fərq nisbəti vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olubdur. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin daha da ağırlaşdığını etiraf edirlər.

Ermənistanın rəsmi statistikasına görə, bu gün ölkədə hər 5 nəfərdən biri yoxsulluq həddində yaşayır. Beynəlxalq qurumların hesabatlarına görə də bu göstərici Ermənistanda  hər 3 nəfərdən birinə aiddir. Bu ölkənin rəsmi statistikasında hər 5 nəfərdən biri işsizdir. Beynəlxalq hesabatlarda bu rəqəm 25 faizə yaxındır. Praktik olaraq Ermənistanın həm rəsmi statistikası, həm də beynəlxalq hesabatlar ölkənin sosialiqtisadi vəziyyətinin kifayət qədər acınacaqlı olduğunu göstərir.

Bütün bunların fonunda Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. Erməni saytları bu ölkənin əleyhinə silsilə yazılar dərc edir, siyasətçilər, ziyalılar isə tez-tez Rusiya əleyhinə açıqlamalar verirlər. Məsələn, erməni ictimai xadimi Manvel Qasparyan iddia edib ki, artıq bir çox əcnəbi banklar İrəvanın müttəfiqinə görə Ermənistanla maliyyə əməliyyatlarından və ümumilikdə əməkdaşlıqlardan yayınmağa başlayıblar: "Bəzi məlumatlara görə, xarici banklar, maliyyə mərkəzlərinin əksəriyyəti Ermənistanda sövdələşmə əməliyyatlarından imtina ediblər. Sövdələşmələri davam etdirən yalnız 2-3 bank var. Səbəb ölkəmizdə olan Rusiya kapitalının dövriyyəsidir. Bununla əlaqədar ölkəmizə müəyyən məhdudiyyətlər qoyulub. Əgər daha konkret məlumatınız varsa, bizimlə paylaşın".

"4rd.am" saytı yazır ki, Ermənistan əhalisinin üçdəikisi yoxsulluq həddində yaşayır. Nəşr qeyd edir ki, Ermənistanda insanlar yoxsul olduqlarını etiraf etməyə utanırlar: "Ona görə də statistik xidmətlərin göstəriciləri reallığı əks etdirmir. Bu gün Ermənistanda yoxsulluq 41 min dram (86 dollar) səviyyəsində müəyyən edilib. O zaman belə çıxır ki, 42 min drama yaşayan insan yoxsul deyil?!"

Sayt miqrasiya sahəsində acınacaqlı durumun yarandığını diqqətə çatdırır. Qeyd olunur ki, Rusiya Ermənistan vətəndaşlarına öz vətəndaşları kimi baxılması üçün lazımdırsa edir. Bunu Ermənistan hakimiyyəti vətəndaşlarının ölkəyə qayıtmaması üçün istəyir: "Ermənistan hakimiyyətinin Rusiya ilə apardığı danışıqlar yalnız postmüharibə dönəmində İrəvana dəstək çıxması ilə yanaşı, insanların ölkəni tərk etməməsi üçün Ermənistanda yeni yerlərinin açılmasını əhatə etmir. Ermənistan hakimiyyəti, eyni zamanda Moskvadan miqrant vətəndaşları üçün ən yaxşı şəraiti yaratmağı xahiş edir. Səbəb odur ki, Rusiyadan qayıdan vətəndaşlar Nikol Paşinyan üçün əlavə təhlükə yarada bilərlər. Hazırkı hakimiyyət üçün ağır vəziyyətdən çıxış yollarından biri emiqrasiyadır".

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda işsizlik böhranı da yaşanır. Ölkədə təkcə gənclərin 42 faizi işsizdir. Qeyd olunur ki, həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir. Bu arada daha bir maraqlı məqam işsizlərin arasında qadınların sayının getdikcə artmasıdır. Hesab edilir ki, Ermənistanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya digər ölkələrə üz tutub. Xarici ölkələrə gedənlərin sayı bir milyonu  ötüb. Belə halda isə artıq iflic vəziyyətində olan Ermənistan iqtisadiyyatının rəqabətə davamlılıq reytinqi aşağı düşməkdədir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 16 noyabr.- S.12.