Azərbaycana qarşı bədxah və çirkin niyyətli siyasi aksiya

 

Milli Məclis Fransa Senatının qərəzli, ermənipərəst sənədinə qarşı bəyanat qəbul etdi

 

 

Noyabrın 16-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Ziyafət Əsgərov, deputatlardan Kamran Bayramov, Tural Gəncəliyev, Hikmət Məmmədov, Cavanşir Feyziyev, Vahid Əhmədov, Elnur Allahverdiyev, Ramin Məmmədov, Fəzail Ağamalı, Ceyhun Məmmədov, Elşən Musayev çıxışlarında noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildiriblər. Çıxış edənlər qətnaməyə etirazlarını bildirərək, sənədin həqiqətə uyğun olmadığını, Fransa Senatının ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdiyini söyləyiblər. Qeyd edilib ki, qətnamədə iki ölkə arasında ikitərəfli münasibətlərə xələl gətirən məqamlar,  Azərbaycana qarşı sanksiyaların tətbiqi, qaz və neft tədarükünə embarqonun qoyulması ilə bağlı çağırışlar yer alıb. Bu qətnamənin son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sayca üçüncü sənəd olduğunu deyən deputatlar Fransanın ölkəmizə qarşı addımlarının məqsədli xarakter daşıdığını, bu ölkənin öz tarixində onlarla dövləti işğal etmiş və öz müstəmləkəsinə çevirmiş bir ölkə olduğunu, qətnamənin heç bir hüquqi qüvvəsi olmadığını və orada qeyd olunanların kağız üzərində qalacağını söyləyiblər.

Qeyd edilib ki, sənəd beynəlxalq hüququn norma və prinsiplərini, habelə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətləri kobudcasına pozur. Azərbaycanın regionda daimi sülhün və sabitliyin bərqərar olması üçün çalışdığı vurğulanıb, Fransa Senatının bu cür addımlarının isə Azərbaycanla Ermənistan arasında postmünaqişə dövründə davam edən normallaşma prosesinə xələl gətirdiyi qeyd olunub.

Deputatlar Azərbaycan-İran münasibətləri barədə də fikirlərini bildiriblər.

 Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi başlayıb. Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 16 məsələsi dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. Bu qanun layihələri birinci oxunuşda müzakirə olunacaq. Gündəliyin birinci məsələsi  "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsidir.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyənləşdirən ən mühüm amillərdən biridir. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası başa çatmaqda olan 2022-ci ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edib.

Məmnunluqla qeyd etmək olar ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə - müvafiq olaraq 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq. Əminliklə demək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq", - deyə Sahibə Qafarova bildirib.  

Spiker qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Diqqətə çatdırılıb ki, yaranmış ənənəyə uyğun olaraq parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub və iclasda iştirak edənlərin hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.

Aparılacaq müzakirələrin səmərəli olacağına və  deputatların dəyərli təkliflərinin dinləniləcəyinə əminliyini bildirən Milli Məclisin Sədri təklif edib ki, müzakirələr əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri ilə başlanılsın, sonra isə Mərkəzi Bankın və Hesablama Palatasının məlumatları dinlənilsin, daha sonra deputatlar öz mülahizələrini söyləsinlər.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərlə bağlı çıxışında bildirib ki, 2022-ci il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olub. Bir neçə gün öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsinin və Ermənistanın kapitulyasiya aktını imzalamasının 2-ci ildönümü qeyd edilib. Cari ildə də azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılıb, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük qayıdışa start verilib,  Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub, Laçın şəhəri nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Bu işlərin aparılması üçün son 2 ildə dövlət büdcəsindən 4.8 milyard manatdan çox vəsait ayrılıb. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq illər öncə həyata keçirilən infrastruktur, enerji marşrutları və nəqliyyat koridorları bu gün ölkə iqtisadiyyatına mühüm yeni imkanlar yaratmaqdadırlar.

Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə qarşımızda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların  ölkə iqtisadiyyatına reinteqrasiyası və Böyük qayıdışın təmin olunması, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşması kimi makrofiskal çağırışlar yaranacaqdır.

Nəzərə çatdırılıb ki, təqdim edilmiş layihədə 2023-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2.7 faiz, qeyri-neft və qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4.5 faiz olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft və qaz sektorunun Ümumi Daxili Məhsulda payının 70 faizə, orta aylıq əmək haqqının 898 manata çatacağı, orta illik inflyasiyanın 6.9 faiz olacağı, vergi Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Dövlət və icmal büdcənin gəlir və xərclərinin hesablanmasında neftin 1 barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Komitə sədri deyib ki, təqdim edilmiş layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522.9 milyon manat çox olaraq 30 milyard 720.7 milyon manat nəzərdə tutulub. Artımın yarısı qeyri-neft və qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür.

Bildirilib ki,  2023-cü ilin dövlət büdcəsi xərclərinin  2022-ci ilə  nisbətən  996.2 milyon manat artırılaraq  33 milyard  300  milyon  manata  çatdırılması planlaşdırılır. Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 500 milyon manat artırılaraq 8 milyard manatı keçməsi ölkəmizin bu sahədə olan təhlükələrdən qorunması baxımından məqbul hesab edilir.  Təhsilə ayrılan xərclərin 536 milyon manat, səhiyyəyə ayrılan xərclərin isə 197.6 milyon manat artırılması nəzərdə tutulub. Əməyin ödənişi xərclərinin 420 milyon manatadək artırılması əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının təmin edilməsi  baxımından məqbul sayılır. 2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayının 6 rayon artaraq 57-yə çatması təqdirəlayiq hesab edilir.

Komitə sədri 2023-cü ilin dövlət büdcəsi layihəsinin ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.

Maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində növbəti ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat və yaxud cari ilə nisbətən 11,4 faiz çox olmaqla təklif edilir. Müstəqillik tariximizin ən böyük büdcə xərclərinin 25,3 faizi və yaxud 8 milyard 419 milyon manatı dövlət sərhədlərimizin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordumuzun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma tədbirlərinin maliyyə təminatının yaradılması üçün nəzərdə tutulub.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın ehtiva etdiyi məqsədlərin reallaşdırılması çərçivəsində maliyyələşdiriləcək. 2023-cü ildə strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra ölkə Prezidentinin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda başlayan yenidənqurma işlərinə cari ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021, 2022 və 2023-cü illərdə ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldilib. 2023-cü ilin dövlət və icmal büdcələri, büdcə zərfinə daxil olan digər qanunvericilik aktları məhz strateji çağırışlar çərçivəsində həyata keçiriləcək tədbirlərin maliyyə təminatı məsələlərinin həllinə yönəldilib.

Bildirilib ki, Böyük qayıdışın təmin edilməsi zamanı işğaldan azad edilmiş ərazilərin zəngin resurs və infrastruktur potensialının səmərəli istifadə edilməsi, əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılmasının dəstəklənməsi məqsədi ilə "2023-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsi ilə yanaşı, Vergi və Əmək Məcəllələrində, "Sosial sığorta haqqında" qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələri də təqdim olunub. Bu qanun layihələri  Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamının icrası ilə əlaqədar olaraq hazırlanıb. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rezident vergi ödəyicilərinin 1 yanvar 2023-cü ildən etibarən 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmçinin siyahısı təsdiq ediləcək istehsal fəaliyyəti sahələrində fəaliyyət göstərəcək sahibkarlar tərəfindən  xammal və materialların idxalının əlavə dəyər vergisindən azad edilməsini nəzərdə tutur. Bununla yanaşı,  işəgötürənlər tərəfindən ödənilən sosial sığorta haqları 1 yanvar 2023-cü ildən 10 il ərzində dövlət tərəfindən subsidiyalaşdırılacaq. Habelə işğaldan azad edilmiş ərazilərdə çalışanların vəzifə maaşlarına 5 il ərzində 20 faiz məbləğində əlavə, müasir bilik və bacarıqlara malik mütəxəssislərə bu ərazilərdə 1 il müddətinə əmək müqaviləsi bağladıqda vəzifə maaşı həcmində birdəfəlik müavinət veriləcək. Qeyd olunan güzəştlərin dəyəri ildə 150 milyon manat məbləğində dəyərləndirilir.

Nazir 2023-cü ilin dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin böyük hissəyə malik olduğunu deyib. Qeyd edilib ki, növbəti ildə bu xərclər ümumi xərclərin 45,7 faizini təşkil etməklə, 15 milyard 219 milyon manat məbləğində nəzərdə tutulur. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2021-ci illə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur. Sosialyönümlü xərclərin 52,8 faizi və yaxud 8 milyard 41 milyon manatı əməyin ödənişi xərclərinə, 26,7 faizi və yaxud 4 milyard 65 milyon manatı təqaüd və sosial müavinətlərə, 9 faizi və yaxud 1 milyard 366 milyon manatı əhaliyə səhiyyə xidmətlərinin göstərilməsinə, 7,5 faizi və yaxud 1 milyard 144 milyon manatı ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan sosial tədbirlərin maliyyə təminatına, 3,1 faizi və yaxud 477 milyon manatı ərzaq məhsullarının, dərman ləvazimatlarının alınmasına yönəldiləcək.

Bildirilib ki, əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 1 milyard 252 milyon manat və yaxud 39,6 faiz çoxdur.

2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat, kəsiri isə 4 milyard 944 milyon manat proqnozlaşdırılır.

2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat, gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 264 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 213 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 646 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi isə 2 milyard 393 milyon manat təşkil edəcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmiz postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsi ilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümlüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi iqtisadiyyatın qlobal dəyişikliklər zəncirinə səmərəli  inteqrasiyasını təmin edir. Beləliklə, Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla yüksək rifaha malik  cəmiyyətin qurulması istiqamətində hədəfləri gerçəkləşdirmək əzmindədir.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın bu prioritetlərə əsaslanaraq hazırlandığını deyən nazir 2023-cü il üzrə iqtisadiyyata dair proqnozlarla bağlı fikirlərini açıqlayıb. Qeyd edib ki, sosial-iqtisadi proqnozlar strategiyanın əhatə etdiyi bütün  fəaliyyət və alt-fəaliyyət sahələri üzrə aparılacaq islahatların və görüləcək işlərin son nəticələrini əks etdirəcək hədəflər üzərində qurulub. Bu hədəflər dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyaların məkanı, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış, təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi strateji istiqamətləri əhatə edir.

Bildirilib ki, 2023-cü il və orta- müddətli dövr üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnozlar 2022-2026-cı illərə dair sosial-iqtisadi strategiyadan irəli gələn hədəflərə söykənməklə yanaşı, 3 proqnoz ssenaridə - baza-hədəf, optimist və pessimist ssenarilərdə hazırlanıb. Ssenarilər arasında əsas fərqlər neftin qiyməti ilə yanaşı, həm də qlobal iqtisadi risklərin reallaşması dərəcəsi, ölkə iqtisadiyyatının regionda yaranmış yeni imkanlardan və fürsətlərdən yararlana bilməsi qabiliyyəti, habelə strategiyanın icra keyfiyyəti ilə ölçülür. Baza-hədəf ssenaridə ÜDM-in  növbəti ildə 2,7 faiz, 2023-2026-cı illərdə isə orta illik hesabla 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in növbəti ildə 4,5 faiz 2023-2026-cı illərdə isə orta illik hesabla 4,9 faiz artacağı proqnozlaşdırılır. Optimist ssenaridə növbəti ildə ÜDM-in 3,3 faiz, qeyri-neft və qaz ÜDM-in isə 5,6 faiz, pessimist ssenaridə növbəti ildə ÜDM-in 1,3 faiz, qeyri-neft və qaz ÜDM-in isə 2 faiz artacağı proqnozlaşdırılır.

Fasilədən sonra spiker Sahibə Qafarova Fransa Senatının Azərbaycan barəsində qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məsələsinin gündəliyə salınması təklifini irəli sürüb. Spiker dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu aksiyaya Milli Məclisin münasibət bildirməsinin zəruri olduğu bildirilib. Qeyd edib ki, həm bu qətnamə, həm də Fransanın son dövrdə Azərbaycana qarşı fəaliyyəti ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məqsədəuyğundur.

İclasda Milli Məclisin bəyanatı ilə bağlı məsələ gündəliyə daxil edilib.

Sonra Milli Məclisin Sədri məsələ ilə bağlı çıxış edib. Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olduğumuzu bildirən spiker 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını xatırladıb. Spiker diqqətə çatdırıb ki, son 2 ildə Fransa parlamenti bir neçə dəfə bizim ölkəmiz barəsində ədalətsiz mövqe nümayiş etdirib. O cümlədən Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkin niyyətli siyasi aksiyadır. Milli Məclisin Sədri bildirib ki, hər sətrindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir.

Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar.

Spiker qeyd edib ki, erməni şovinizminin Cənubi Qafqazda geosiyasi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı hamıya məlumdur. Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə və proseslərə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağıran Sahibə Qafarova yalançı erməni təbliğatının təsiri altında və siyasi dividendlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün bütün məsuliyyətin bütünlüklə Fransa tərəfinin üzərinə düşdüyünü vurğulayıb.

Məsələnin müzakirələrində deputatlar Sevil Mikayılova və Fəzail Ağamalının çıxışından sonra spiker bəyanatın mətnini hazırlamaq üçün komissiya yaradılması ilə bağlı təklifini səsləndirib.

Deputatlar sədr Səməd Seyidov, üzvləri isə Zahid Oruc, Sabir Hacıyev, Ramin Məmmədov, Asim Mollazadə, Arzu Nağıyev və Sədaqət Vəliyeva olmaqla komissiyanın tərkibini təsdiqləyiblər.

Müzakirələrin davamında Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Rafael Hüseynov, Cavid Osmanov, Şahin İsmayilov, Naqif Həmzəyev, Elnur Allahverdiyev, Tahir Kərimli, Aydın Mirzəzadə, Aydın Hüseynov çıxış ediblər. Çıxışlarda Fransa Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, islamofob və Azərbaycana qarşı düşmən fəaliyyətini kəskin tənqid ediblər. Onlar Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz ediblər. Qeyd ediblər ki, Fransa Senatının qəbul etdiyi məlum son qətnaməsi də həqiqətlərdən və reallıqlardan uzaqdır, erməni təbliğatına əsaslanır və beynəlxalq hüququ ayaqlar altına almaqla Fransanın özünün imza atdığı sənədlərə ziddir. Deputatlar bu qərəzli mövqenin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmədiyini,  regionda sülh quruculuğu səylərinə böyük zərər verdiyini bildiriblər.

Sonra deputat Ramin Məmmədov hazırlanmış bəyanatın mətnini səsləndirib.

Sənəd səsə qoyularaq qəbul olunub.

(Bəyanatın mətni qəzetin bugünkü nömrəsində dərc edilib).

İclasda "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanununun layihəsinin birinci oxunuşu davam etdirilib. Çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cari ilin ötən dövründə Mərkəzi Bankın ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun iqtisadiyyatda rolunun artırılması istiqamətində göstərdiyi fəaliyyətindən söz açıb, qlobal mühitdə baş verən proseslərin dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş ölkəmizə təsirlərindən danışıb. Qeyd edib ki, son 10 ayda strateji valyuta ehtiyatları 6 faiz artaraq 56 milyard ABŞ dollarını üstələyib, o cümlədən Mərkəzi Bankın ehtiyatları 10,3 faiz artaraq 7,8 milyard ABŞ dollarına çatıb.

İdxal olunan inflyasiyadan bəhs edən Taleh Kazımov Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində həyata keçirdiyi inflyasiyanın azaldılması və maliyyə sabitliyinin gücləndirilməsi tədbirlərinə toxunub. Bildirib ki, son 10 ayda bank sektoruna və manata inam əhəmiyyətli dərəcədə artıb. Belə ki, fiziki şəxslərin manatla əmanətləri 29,5% artaraq 7 mlrd. manata çatıb.

Mərkəzi Bankın sədri 2023-cü ilin dövlət və icmal büdcə layihələri ilə bağlı  bildirib ki, gələn il və ortamüddətli dövrə təqdim edilən makroiqtisadi çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir və Mərkəzi Bank növbəti ilin dövlət büdcəsinin də fiskal qayda əsasında tərtibini müsbət qiymətləndirir. İnflyasiya təzyiqlərini də nəzərə almaqla Mərkəzi Bank büdcə kəsirinin minimallaşdırılmasına və qeyri-emissiya mənbələri ilə örtülməsinə tərəfdardır. Bu baxımdan 2022-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2023-cü ildə büdcə kəsirinin azaldılması müsbət dəyərləndirilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi və bu qanunla birgə təqdim edilmiş sənədlərə palata tərəfindən hazırlanmış rəyi təqdim edib. Bildirilib ki, aparılan təhlillər büdcə sənədləşməsində məlumatlılığın və keyfiyyətin artırılması istiqamətində işlərin davam etdiyini, Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş bəzi məsələlərin nəzərə alındığını göstərir.

Palata sədri rəydə dövlət büdcəsinin əsas parametrləri ilə bağlı əks etdirilmiş bəzi nəticələr barədə məlumat verib. Bildirilib ki, müstəqillik tariximizdə ilk dəfədir ki, həm hüquqi şəxslərin mənfəət vergisi, həm də  ƏDV üzrə daxilolmaların həcmi 6 millyard manatın üzərində proqnozlaşdırılıb. 2023-cü ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payında kiçik də olsa, azalma proqnozlaşdırılıb. Növbəti ildə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin yenidən baxılmış göstəricisinə nisbətən artımla proqnozlaşdırılıb. Qeyd edilib ki, növbəti ilin büdcəsini fərqləndirən məqamlardan biri də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşdırılmasının büdcə siyasətinin müəyyən edilməsi zamanı əsas strateji makrofiskal çağırışlar arasında yer almasıdır. İlk dəfə olaraq ölkənin strateji sənədinin maliyyə təminatı dövlət büdcəsinin layihəsində ayrıca göstərilib. Strategiyanın maliyyə təminatı üzrə nəzərdə tutulmuş xərclərin büdcədə payı 16 faizdən çox proqnozlaşdırılıb.

Vüqar Gülməmmədov çıxışında dövlət maliyyəsinin idarəedilməsi üzrə bəzi məqamları və bu istiqamətdə Hesablama Palatasının tövsiyələrini də diqqətə çatdırıb.

Sonra iclasda "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ətrafında müzakirələr aparılıb.

2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri bu gün davam etdiriləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 17 noyabr.- S.3.