Qələbələr partiyası

 

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan, torpaqlarını hərbi yolla azad edən, davamlı və mütərəqqi islahatlarla inkişaf edən müasir Azərbaycan dövləti bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının fəxarət ünvanıdır. Azərbaycanın Qafqazın lideri statusunu daşıması, dünya birliyində söz sahibi, özünün aydın və cəsarətli mövqeyi olan, müstəqil siyasət yürüdən dövlət kimi tanınması hər birimizi dərindən qürurlandırır. Xəritədə kiçik görünsək də, güclü dövlətimizin, qüdrətli dövlətçiliyimizin olması xalq olaraq ən böyük nailiyyətimizdir.

Dönüb geri baxanda, qısaca tarixə ekskurs edəndə bizi bu günlərə gətirən tarixin təməlində nə qədər gərgin zəhmətin, vaxtında qəbul olunmuş müdrik siyasi qərarların, zamanında atılmış əzəmətli addımların dayandığını görürük. Ən əsası, keçdiyimiz yollara, qazandığımız uğurlara nəzər yetirdikcə öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, onun dühasının əzəməti gözümüz önündə canlanır…

Yaxşı xatırlayırıq, bir vaxtlar Azərbaycan hakimiyyətində təmsil olunan qüvvələr Heydər Əliyevin yeni müstəviyə qaldırdığı milli-azadlıq hərəkatına qənim kəsiləndə Ulu Öndər 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağımızı ucaltmış, Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılmasına nail olmuşdu. Həmin hakimiyyət 1991-ci ildə SSRİ-nin yaşaması üçün referendumların nəticələrini saxtalaşdıranda, Heydər Əliyev Naxçıvanda, ümumiyyətlə, belə bir referendumun keçirilməsinə imkan verməmişdi.

Müstəqillik illərində isə çevriliş yolu ilə hakimiyyəti ələ alan qüvvələr ölkəmizi uçuruma aparanda Heydər Əliyev blokada vəziyyətində olan və düşmən qarşısında yalnız qalmış Naxçıvanı qətiyyətlə qoruyur, ermənilərin bu qədim yurdumuzla bağlı işğalçılıq planlarının qarşısını böyük fədakarlıqla alırdı. Bununla yanaşı, Heydər Əliyev həmin böhranlı vəziyyətlərdə həm də Azərbaycanın hələ bərkiməmiş müstəqilliyinin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin, bütövlükdə respublikamızın düşdüyü ağır vəziyyətdən, üzləşdiyi təhlükələrdən qurtuluş yollarını müəyyən edirdi. Əlbəttə ki, xalqımız, cəmiyyətimizin bütün zümrələri bunu görür və dəyərləndirirdilər. Bu mənada ziyalıların Heydər Əliyevə müraciəti və 30 il əvvəl - 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması və siyasi meydana çıxması da məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın xilasına olan inamın dərin təcəssümü idi.

Bəli, Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü təbəddülatlarla dolu bir dövrün siyasisosial zərurəti, xalqın arzularının ifadəsi kimi meydana çıxmışdı. Artıq 1992-ci ildə hər kəsə gün kimi aydın idi ki, vəziyyət bu cür davam edərsə, ölkədəki xaosanarxiya aradan qaldırılmasa, dövlətin idarəçiliyindəki qüsurnöqsanlara, ciddi boşluqlara, pərakəndəliyə son qoyulmasa, hələ kövrək olan müstəqilliyimiz əldən gedəcək, xalqımız Xalq Cümhuriyyətinin taleyini yaşamağa məhkum olacaq. Daha faciəli ssenarilərin baş verməsi ehtimalları da yaranmışdı ki, bunlardan da biri baş qaldırmaqda olan separatizm meyillərinin nəticəsi kimi dövlətin parçalanması təhlükəsi idi.

Bütün bunlara görə dövlətimizin, cəmiyyətimizin sabahını düşünən hər kəs narahat idi. Ən əsası da o idi ki, insanlar meydandaiqtidarda olan bütün siyasi qüvvələrə etibarlarını və inamlarını itirmişdilər. Ona görə Heydər Əliyevin rəhbərliyi ilə bütün xalqı təmsil edəcək yeni bir partiyanın meydana daxil olması sosialsiyasi sifariş, tarixi zərurət idi. Xalq Heydər Əliyevə inanır və güvənirdi. Bu baxımdan 1992-ci ilin oktyabr ayında Azərbaycanın tanınmış ziyalılarının Heydər Əliyevə ünvanladıqları müraciət yalnız onların deyil, bütün xalqımızın istək və arzusunun ifadəsi kimi tariximizə həkk olunub. Müraciətdə deyilirdi: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçünsiyasi yetkinlik məktəbi olar".

1992-ci ildə hakimiyyətdə olan qüvvələr də Heydər Əliyevi yaxşı tanıyır, onun cəmiyyətdə, insanlar arasında yüksək nüfuza malik olduğunu aydın başa düşürdülər. Ziyalıların müraciətindən sonra isə cəbhəçilər Heydər Əliyevi Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən kənarlaşdırmağa cəhd etdilər. Lakin niyyətlərinə nail ola bilmədilər, çünki Naxçıvan sakinlərinin, bütövlükdə xalqın Heydər Əliyevə olan ehtiram və dəstəyinin qarşısında istənilən cəhd əbəs idi. O dövrü Heydər Əliyev belə xatırlayırdı: "1992-ci ilin oktyabr ayında, biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman bəziləri bunu da bizə çox gördülər, Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi Daxili İşlər Nazirliyini zəbt etdi, televiziyanı zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi. Mən o vaxt hər bir rabitədən məhrum olduğum üçün bir çox vətənpərvər insanlar avtomobillərlə dərhal şəhərin məhəllələrinə, ətraf kəndlərə, başqa kəndlərə gedərək, insanları Ali Məclisin qarşısına dəvət edirdilər. Bir neçə saat içərisində Naxçıvanın 20 minə qədər qeyrətli, namuslu kişiləri, qadınları, gəncləri, ağsaqqalları toplaşdılar və sinələrini irəliyə verib Naxçıvanın ovaxtkı Ali Məclisini və Heydər Əliyevi müdafiə etdilər".

O dövrdə Heydər Əliyevə müraicətlər edən, Naxçıvana Ulu Öndərlə görüşməyə gedən insanlar da hədəfə götürülürdü. Mətbuatda Heydər Əliyevlə bağlı yazıların dərcinə qadağa qoyulmuşdu. Bütövlükdə, Heydər Əliyevə rəğbət bəsləyən hər kəsə qarşı bir təzyiq, hətta təhdid vardı. Lakin bu yola çıxan, Heydər Əliyevin ətrafında birləşən insanlar öz siyasi əqidələri yolunda, Ulu Öndərin yolunda heç nədən çəkinmədilər, əyilmədilər.

1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycanın müxtəlif bölgələrindən olan təəssübkeş qruplarını təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı Heydər Əliyevin rəhbərliyi altında dövlətimizin gələcəyi uğrunda siyasi mübarizənin təntənəsi və Azərbaycanın siyasi həyatının ən böyük hadisəsi oldu. Hakimiyyət orqanlarının təzyiqlərindən, təhdid və hədələrindən çəkinməyən insanlar Ulu Öndərin rəhbərliyi ilə öz arzularını cəsarətlə reallığa çevirdilər.

Yeni Azərbaycan Partiyası 1992-ci ildə müxalifət partiyası kimi meydana çıxmışdı. Lakin YAP-ın müxalifət partiyası kimi fəaliyyəti ən sivildemokratik mübarizə metodlarına əsaslanırdı. YAP-ın müxalifət partiyası kimi fəaliyyət məramı yalnız və yalnız dövlətçilik və xalqın milli maraqları üzərində bərqərar olmuşdu. Bu baxımdan YAP bu gün özünü müxalifət hesab edən, vaxtilə iqtidarda olmuş bəzi qaragüruh qruplar kimi dövlətə və onun maraqlarına qarşı deyildi. Təsis konfransında giriş nitqi ilə çıxış edən Heydər Əliyev bildirmişdi ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, mübarizəni dövlətə qarşı aparmamaq, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır.

Göründüyü kimi, partiyamız yarandığı andan ən sağlam təməllər, milli və dövlətçilik prinsipləri üzərində bərqərar olmuşdu və təbii ki, Heydər Əliyev kimi bir şəxsiyyətin rəhbərlik etdiyi siyasi təsisat başqa cür ola da bilməzdi.

YAP-ın yaranmasından sonra partiyadaxili təşkilatlanma proseslərinin sürətlə getməsi bir daha məlum həqiqətin - xalqın Heydər Əliyevə olan inamının və etimadının təsdiqi oldu. Çünki yaranmasından qısa müddət sonra artıq YAP-ın sıralarında on minlərlə üzv var idi. Bu həm də insanların hakimiyyətdə olan, Azərbaycanı uçuruma aparan, müstəqilliyimizi və dövlətçiliyimizi məhvə yuvarlayan qüvvələrə qarşı olmasının təsdiqi idi.

1992-1993-cü illərin məlum ağır hadisələri, ölkəni başına almış anarxiyasiyasi böhranın nəticəsi olaraq xalq təkidlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin respublikamıza rəhbərliyə gəlişi ilə YAP-ın da siyasi statusunda dəyişiklik baş verdi. Xalqın Heydər Əliyevə olan dərin etimadının və inamının nəticəsi kimi YAP da yarandıqdan qısa müddət sonra hakim partiyaya çevrildi. YAP həm də Ümummilli Liderin siyasiideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirməklə, ölkənin siyasi səhnəsinin ön cərgəsində özünə layiqli yer tutdu.

Ötən 30 ildə ölkəmizdə baş verən dəyişikliklər həm də YAP-ın uğurlarıdır. Azərbaycanın keçdiyi inkişaf yolu, xalqın rifahının yüksəlişi həm də YAP-ın elan etdiyi məramların həyata vəsiqə almasıdır. Bütün bunların nəticəsi kimi YAP-ın sıraları ildən-ilə genişlənib və artıq üzvlərinin sayı 773 min nəfəri ötən partiyamız yalnız Azərbaycanın deyil, bütün regionun ən böyük siyasi təşkilatıdır.

YAP-a olan inametimad bütün seçkilərdə də özünü göstərib. 1993-cü ildən indiyə qədər respublikamızda altı dəfə prezident, altı dəfə parlament, altı dəfə bələdiyyə seçkiləri keçirilib. Fəxarət hissi ilə qeyd etməliyik ki, bu seçkilərin hər birində YAP üzvlərinin uğur qazanması xalqımızın Heydər Əliyev partiyasına inamının və etibarının təsdiqi kimi tarixə düşüb.

Xüsusilə qeyd etməliyik ki, ilk dəfə 2003-cü ildə xalqın etimadını qazanan cənab İlham Əliyevin sonrakı bütün seçkilərdə də uğur qazanması partiyamızın tarixi siyasi qələbələridir. Eyni zamanda ötən 19 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, sosial-iqtisadi sferada baş verən keyfiyyət dəyişiklikləri, cəmiyyətimizin xoş ovqatının təmin olunması, həm də YAP-ın mövqelərini daha da möhkəmləndirən ən mühüm amillərdir. Birmənalı şəkildə deyə bilərik ki, cənab İlham Əliyevin siyasi lider kimi dünydakı yüksək nüfuzu həm də YAP-ın nüfuzudur. Məhz İlham Əliyevin müdrik fəaliyyəti ilə YAP-ın sosial dayaqları daha sarsılmaz olub, partiyamızı ən güclü siyasi təşkilata çevirib.

YAP-ın tarixində əlamətdar hadisələr çoxdur. Bu sırada partiyamızın indiyədək keçirilmiş qurultayları yalnız siyasi müstəvidə deyil, həm də ölkəmizin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Hər bir qurultay partiyamızın tarixində silinməz iz qoyub. Bu baxımdan 2005-ci ilin mart ayında keçirilən və cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçildiyi III Qurultay bütövlükdə partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı, onun şərəfli irsinin daşıyıcısı kimi möhtərəm İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi tək YAP üzvlərinin deyil, həm də partiyamızın milyonlarla təəssübkeşi tərəfindən rəğbətlə qarşılandı. Bir daha təsdiq olundu ki, partiyamızın üzvləri və bütövlükdə Azərbaycan xalqı Heydər Əliyev ideyaları ətrafında sıx səfərbərdirlər.

Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında cəmiyyətimizin bütün zümrələri birləşiblər. Partiyamızın Ağsaqqallar Şurası, Gənclər Birliyi bütövlükdə ölkəmizin siyasi həyatında fəal rol oynayır, respublikamızda milli birliyin möhkəmlənməsinə, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun daha böyük uğurlar qazanmasına layiqli töhfələr verirlər.

2020-ci ilin Vətən müharibəsində möhtərəm Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığımız qələbə, torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi həm də Heydər Əliyev ideyalarının zəfəri oldu. Bu qələbə YAP-ın rəhbər tutduğu məramların, məqsədlərin, dəyərlərin təntənəsidir. Ona görə Yeni Azərbaycan Partiyası yaranmasının 30 illiyini daha yüksək və daha xoş ovqatla qarşılayır. Başqa cür desək, indi biz YAP-ın yaranmasının yubiley ildönümünü həm də döyüş meydanında qalib gəlmiş xalqın partiyası kimi qarşılayırıq.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 5 il əvvəl - 2017-ci il noyabrın 14-də keçirilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində deyib: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik".

Ötən 5 ildə Yeni Azərbaycan Partiyasının fəaliyyətində baş verən keyfiyyət dəyişiklikləri göstərir ki, möhtərəm İlham Əliyevin tövsiyələrini və tapşırıqlarını öz fəaliyyətində rəhbər tutan YAP siyasi təşkilat olaraq inkişaf edir, sıralarını möhkəmləndirir. Yaranmasının 30 illiyini qələbələrlə, uğurlarla qarşılayan partiyamız bundan sonra ölkəmizin siyasi həyatında fəal rol oynayacaq, Heydər Əliyev ideyalarının uğurla reallaşmasına, Prezident İlham Əliyevin yürütdüyü siyasətə və ölkəmizdə aparılan islahatlarainkişaf proseslərinə özünün layiqli töhfələrini verəcək.

 

Ziyafət ƏSGƏROV,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Azərbaycan.-2022.- 17 noyabr.- S.5.