YAP haqqın səsidir

 

 

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanın çox ağır, mürəkkəb və ziddiyyətli bir dövrü idi. Xalq Cəbhəsinin hakimiyyəti dövründə ölkədə dərəbəylik, özbaşınalıq hökm sürürdü, hərc-mərclik, satqınlıq baş alıb gedirdi.

Bir-birinin ardınca baş verən hakimiyyət dəyişmələri, təsadüfi və ləyaqətsiz adamların, heç bir təcrübəsi olmayan quldur dəstə başçılarının hakimiyyətə yiyələnmələri, vəzifədən sui-istifadə, reketçilik, terror, adam oğurluğu və digər cinayətlər ölkədə adi hala çevrilmişdi. Dəhşətlisi də o idi ki, ölkənin varidatı sürətlə talan edilirdi. Doğma torpaqlarımız hərraca qoyularaq satqınların, erməni faşistləri ilə əlbir olan xainlərin qurbanı olurdu. Milyonlarla insanlar şərəfsizlərin hakimiyyət və var-dövlət təxribatlarının girovuna çevrilir, ən adi halda öz doğma yurd-yuvalarından didərgin düşürdülər.

Bu dövrdə Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Ölkədə sözün əsl mənasında, hakimiyyətsizlik idi. Bölgələrimizdə, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalqımız vahimə və təşviş içərisində idi. 

Azərbaycanın belə bir fəlakət altında xalqımızın yeganə ümid yeri, dahi şəxsiyyət Heydər Əliyev idi. Müdrik xalqımız haqlı olaraq bu böyük siyasət adamının Azərbaycanda yenidən hakimiyyətə gəlməsini istəyirdi.

Tanrı xalqımıza Heydər Əliyev kimi müdrik bir şəxsiyyət verib. Misilsiz dövlət xadimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən belə vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı yolu tapmaq bacarığı Ulu Tanrının ona bəxş etdiyi vergi idi.

Lakin xalqa yad ünsürlər bütün qüvvələrini səfərbər edirdilər ki, Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəlməsin. Onlar Heydər Əliyevə böhtanlar, iftiralar ataraq onu ləkələməyə, xalqın gözündən salmağa, hətta onun həyatına qəsd təşkil etməyə çalışırdılar. Qara qüvvələr hətta respublikamızın Ali Sovetinin sessiyalarında Heydər Əliyevin əleyhinə ayrı-ayrı deputatların qərəzli çıxışlarını da təşkil edirdilər. Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Elçibəy hakimiyyəti - heç biri Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi.

Həmin gərgin şəraitdə Heydər Əliyevi müdafiə etmək, onun həyatının təhlükəsizliyini, hüquqlarını qorumaq çox vacib idi. Hələ "91-lər"in Heydər Əliyevə müraciətindən xeyli əvvəl, Bakı Dövlət Universitetinin Siyasi tarix kafedrasının müdiri, professor Səfyar Musayevin rəhbərliyi ilə Heydər Əliyev müdafiəsi mərkəzi yaradılmışdı. O mərkəzdə Heydər Əliyevə, Azərbaycan xalqına son dərəcə sədaqətli və bu yolda hər dəqiqə canından keçməyə hazır olan ziyalılar toplanmışdı. Biz o mərkəzdə çox böyük, ağır və çətin işlər gördük. O dövr Heydər Əliyevə pənah gətirən böyük xalqla bir ovuc satqın qüvvələrin üz-üzə dayandığı günlər idi. Mən o günlərdə çox hadisələrin şahidi olmuşam. Onlardan yalnız birini xatırlamaq istəyirəm. Bakı Dövlət Universitetinin Siyasi tarix kafedrasında Heydər Əliyevin portreti kafedra müdiri Səfyar Musayevin başı üstündə, daha yaxşı görünən yerdə divardan asılmışdı. Heydər Əliyevin portreti universitetdə ciddi siyasi toqquşmaya səbəb oldu. Universitetin rektoru, akademik Mirabbas Qasımov göstəriş verdi ki, Heydər Əliyevin portretini kafedradan götürmək lazımdır. Səfyar Musayev buna qəti etirazını bildirdi. Onda rektor nəinki Siyasi tarix kafedrasının, universitetin bütün ictimai fənn kafedralarının qapılarını mismarlatdı və 1992-ci il yanvarın 4-də "İctimai fənlərin ləğv edilməsi barədə" əmr verdi. Nəticədə respublikamızın qocaman elm müəssisəsinin Siyasi tarix, Fəlsəfə, İqtisadi nəzəriyyə, Politologiyas. kafedralar bağlandı. 128 müəllim heyəti bayıra atıldı.

Məhz belə çətin və ağır günlərdə biz Səfyar müəllimin başçılığı ilə rektorla mübarizədə nəinki Heydər Əliyevi müdafiə etdik, eyni zamanda ictimai fənn kafedraları və bu kafedranın kollektivi haqqında həyata keçirilən avantüristçox zərərli hərəkətləri cəsarətlə ifşa etdik.

O hadisələrdən bir müddət sonra daxili işlər naziri vəzifəsində olan İsgəndər Həmidov daxili qoşunları silahla, sursatla, topla, tüfənglə, pulemyotlarla, qumbaralarla təmin edərək, onların Bakı Hava Limanından muxtar respublikaya uçub Naxçıvanı dağıdacağını elan etmişdi. Naxçıvanlıların həmin vaxt nə qədər ağır sarsıntı keçirdikləri məlumdur. İsgəndər Həmidovun böyük bir qüvvə ilə Naxçıvana uçmasının qarşısı çox çətinliklə alındı. Yəni çətinlik nədən ibarət idi? Naxçıvanın əhalisi sadəcə bəyan etdi ki, Naxçıvana enən hər bir təyyarə partladılacaqdır. Başqa bir əlac yox idi.

Daha sonra oktyabrın 24-də Naxçıvanda 300 nəfərdən artıq olan silahlı dəstə muxtar respublikanın ictimai asayişini qorumaq vəzifəsini daşıyan silahlı orqanını zəbt etdilər. Daha sonra onlar Naxçıvanın televiziyaradio mərkəzini işğal etdilər.

Görkəmli sərkərdə, dahi siyasətçi Heydər Əliyevin qətiyyətli və dəyanətli dərin düşünülmüş tədbirləri nəticəsində bütün xalqımızın köməyi ilə dövlət çevrilişi məqsədi gedən qəsdlərin qarşısı məharətlə alındı.

Böyük Heydər Əliyevin ənənələri Azərbaycanın istedadlı Prezidenti, praqmatik düşüncəli İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilir. Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir. 

  

İsgəndər QULİYEV,

"91-lər"in üzvü,

YAP Veteranlar Şurasının üzvü

Azərbaycan.-2022.- 17 noyabr.- S.5.