Milli azadlıq hərəkatının başlanğıc tarixi

 

 

Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilir.

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr Milli Dirçəliş Günü kimi Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

Ötən əsrin axırlarında dünyanın altıdabirini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi "beyin mərkəzi"nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrıseçkilik siyasəti kəskin xarakter almışdı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına düşmüşdülər. Beləliklə, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlanmışdı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, öz hökumətlərinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.

Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən didərgin salmır, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov  onun ətrafı  heç bir reaksiya  vermirdilər.  Ermənilər bundan da istifadə edirdilər. 1988-ci  ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar tarixi torpağımız olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb  Ermənistana  birləşdirilməsi haqqında məsələ  qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi.  İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Lakin ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri daha da alovlandırdı.

XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

1969-cu ildə hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm qələbəsini şərtləndirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Bununla da, Ulu Öndərin siyasi varisi  Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən dahi şəxsiyyət kimi milli dövlətçilik ənənələrinə yeni reallıqlar gətirdi. Prezident İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunusiyasi gücünü özünə qaytarmaqla yanaşı, həm də tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətlərlə birlikdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə kimi tanınmaqdadır. Dövlət başçısı sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı mübarizədən döndərə bilməz. O dövrdə, elə indinin özündə də dövlətimizin başçısı müxtəlif təzyiqlərlə üzləşdi. Amma siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. İkili standartlarla Azərbaycanı təhdid etməyə çalışanların hamısına qətiyyət və cəsarətlə, siyasi uzaqgörənliklə və beynəlxalq hüquqi normalara uyğun olaraq Azərbaycan hakimiyyətinin, Azərbaycan xalqının haqq yolunda  olduğunu anlatdı. Bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanı yürütdüyü 30 illik işğalçılıq, talançılıq, barbarlıq, terrorçuluq əməllərinə görə cəzalandırdı. Xüsusilə əziz Şuşamızın işğaldan azad olunması münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən Ali Baş Komandan İlham Əliyev həm də  ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə bildirdi. Ulu Öndər Heydər Əliyev işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi İlham Əliyevin möhtəşəm yer alacağına inanırdı. Uzaqgörən və əbədi liderimizin Şuşa ilə bağlı vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Bu, böyükqürurverici tarixi hadisə idi.

xoş ki, bu gün üçrəngli bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzi kimi Füzulidə, Xudafərində, Cəbrayılda, Hadrutda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Şuşada və digər işğaldan azad edilmiş rayon, qəsəbə və  kəndlərimizdə, habelə adsız yüksəkliklərdə əzəmətlə dalğalanır. Bu əzəmət və qürurun yaratdığı xoş ovqatla ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Xatırladaq ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Görünən odur ki, yaxın gələcəkdə Milli Dirçəliş Günü kimi tarixi bayramları, möhtəşəm tədbirləri işğaldan azad edilmiş bölgələrimizdə böyük təntənə ilə qeyd edəcəyik.      

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 17 noyabr.- S.7.