Şəkərli kəndinin igid oğlu

 

 

Salyanın Şəkərli kəndi. Burada bağlı-bağatlı bir ev var. O ev ki, orada 1989-cu il noyabr ayının 17-də Misir kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açıb. Ailənin ilk övladı olduğu üçün adını da İlkin qoyublar.

İllərin qanadında böyüyüb məktəb yaşına çatıb. İlkin 1996-cı ildə kəndlərindəki məktəbin birinci sinfinə gedib 2007-ci ildə orta təhsilini başa vurub. Anası Mehparə Nəcəfovanın dediklərindən: "Hələ uşaq ikən harda səliqəli geyimdə əsgər, zabit şəkli görsəydi, onu kəsib götürər, bir yerə yığardı. Hiss olunurdu ki, hərbçilərə böyük marağı var. Hərdən fikrimdən keçir ki, o vaxt indiki kimi bazar-dükanda uşaqlar üçün həbçi geyimləri satsaydılar, bizə özü üçün onlardan aldırardı. Sən demə, bu maraq gələcəkdə hərbçi olacağının təməli imiş".

İlkin Nəcəfov orta təhsilini başa çatdırıb sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verir qəbul olunur. 2007 - 2011-ci illərdə həmin məktəbdə təhsil alır. 2011-2012-ci illərdə isə zabitlik kursunda təhsil alaraq bilik bacarığını daha da təkmilləşdirir. Bundan sonra baş leytenant rütbəsində Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmətə başlayır.

İlkin bir zabit olaraq özünə qarşı çox tələbkarlıqla yanaşır, komandirlərin tapşırıqlarını vaxtında dəqiq yerinə yetirirdi. Fiziki mənəvi cəhətdən möhkəm olmaq üçün idmanla da məşğul olurdu. Bilirdi ki, qisas qiyamətə qalmayacaq, bir gün gələcək, erməni işğalçıları nəyin bahasına olursa-olsun Qarabağ Şərqi Zəngəzur torpaqlarından qovulub çıxarılacaq.

İlkin Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərin iştirakçısı idi. Hərb tariximizdə xüsusi yeri olan bu döyüşdə qəhrəman əsgər zabitlərimiz Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərərək üçrəngli bayrağımızı Lələtəpə zirvəsinə taxdılar. Döyüş başa çatdıqdan sonra İlkin yenidən xidmət etdiyi hərbi hissəyə qayıtdı. Lakin bilirdi ki, əsl döyüşlər hələ qarşıdadır. Yeri gəlmişkən qeyd edək ki, Aprel döyüşlərindəki igidliyinə Silahlı Qüvvələr Günü münasibətilə ona fəxri fərman kapitan rütbəsi verilmişdir. Bu diqqət gənc zabitin məsuliyyət hissini daha da artırmışdır.

27 sentyabr 2020-ci il. Hərbi hissələrimiz bütün istiqamətlərdə - qurudanhavadan ildırım sürətilə hücuma keçməyə başlayır. Mənfur düşmən başına yağan güllə və mərmilərin təsirindən şoka düşür. Ağıllarına belə gətirə bilmədikləri həmlələr onları çaş-baş salır. Ovaxtadək özlərini qalib hesab edən ermənilər dabanlarına tüpürüb üzü İrəvana tərəf qaçırlar. Keçilməz saydıqları "Ohanyan səddi" darmadağın edilir. Düşmənin külli miqdarda hərbi sursatı və texnikası qənimət götürülür. 

Gedən qızğın döyüşlərdə kapitan İlkin Nəcəfov da ön sıralarda idi. Təəssüf ki, oktyabrın 17-də Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə həlak oldu. İlkin doğulduğu Şəkərli kəndində torpağa tapşırılmışdır. Rayon rəhbərliyi, inzibati orqanların, hərbi komissarlığın nümayəndələri, kənd sakinlərinin iştirak etdikləri  dəfn mərasimində müəllimləri, sinif yoldaşları, dostları İlkinin keçdiyi həyat yolundan, onun necə bir gənc olduğundan, Vətənini necə bir məhəbbətlə sevdiyindən danışdılar.

Vətən müharibəsində təxminən 3 min şəhid vermişik. Onlardan 60 nəfəri Salyandandır. Kapitan İlkin Nəcəfov isə onlardan biridir. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Şəhid kapitanın bir oğul yadigarı qalıb. Ailəsi bütün şəhidlərimiz kimi, dövlət tərəfindən hər cür qayğıkeşliklə əhatə olunmuşdur.

Bu günlər şəhidin ata evinə baş çəkdik. Bizi həyət qapısında atası Misir kişi qarşıladı. Həyətində, evində səliqə-sahman vardı. Hiss olunurdu ki, bu ərəfədə qonağı çoxdur. Oturduğumuz otağın baş tərəfində şəhid İlkin Nəcəfovun müxtəlif şəkilləri olan guşə nəzərimizi cəlb edir. Şəhidin iki il əvvəl geydiyi hərbi forma, mobil telefonu və digər əşyalarına baxırıq. Bütün gördüklərimiz, eşitdiklərimiz və şəhid haqqında apardığımız araşdırmalar insanı duyğulandırmaya bilmir və ürəyimizdən keçənlər öz-özünə misralara çevrilir:

 

Siz ey Vətən yolunda şirin canından keçib,

İgidliyi, mərdliyi özünə amal seçib,

Ömrün bahar çağında həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu, torpağı yaşadanlar!

Yaşayan hər ömürdə canınız, qanınız var!

 

Bir ata övladından el oğluna döndünüz,

Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!

Gələcək nəsillərə yetəcəkdir ününüz.

Siz bu gün , sabah da - əsrlərlə sağsınız!

Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

 

Seyran CAVADOV,

Azərbaycan.-2022.- 17 noyabr.- S.8.