Dağ qartalı

 

 

Lerikin Vov kəndində yurd salan Hüseynovların el-obada böyük hörməti vardı. Əzəldən bu ocağın od götürüb, qeyrət içiləsi ərənləri olmuşdu. 1994-cü il noyabrın 15-də dünyaya gəlmiş Samir Hüseynov da həmin ərənlərdən idi.

Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq Samiri getdiyi yolda daim izləmişdi. Cəmiyyətdən ötrü xeyirli, işıqlı bir gənc kimi müstəqil həyata qədəm qoyub 2013-cü ildə Milli Ordu sıralarına yola düşəndə artıq el-oba arasında nüfuz qazanmışdı.

 Bütün həyatı Vətən sevgisinə köklənən Samir hərbi xidmətdən sonra bir müddət halal zəhmətdən yapışır. Ötüb keçən hər gün ömrünə yaddaqalan işlərlə iz salır. Amma erməni separatçılarının xəyanətkar, təcavüzkar mövqeyi, Qarabağda baş verən qanlı hadisələr həmişə onu ciddi düşündürür, narahat edirdi. Odur ki, 2016-cı ildə könüllü hərbi xidmətə gedir. Vətən müharibəsində xüsusi təyinatlı kəşfiyyatçı kimi döyüşlərə atılır. Samirə döyüşdən-döyüşə yeni güc, yeni qüvvə gəlirdi. Bu güc, qüvvə ilə Zəngilanda, Füzulidə, Qubadlıda, Xocavənddə, Cəbrayılda, Şuşada döyüşür. Lakin şanlı zəfərimizə 13-14 saat qalmış şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm Samirə əbədi həyat qazandırır.

Sonda onu bildirək ki, Prezidentin sərəncamları ilə Samir Hüseynov ölümündən sonra "Vətən uğrunda", Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Zəfər ORUCOĞLU,

Lerik rayonu, Bradi kəndi

Azərbaycan.-2022.- 17 noyabr.- S.8.